Ali Radanın deputatı Lyudmila Buymister: Azərbaycan Ukrayna üçün yaxşı bir örnəkdir

Azərbaycan bu gün Ukrayna üçün yaxşı bir örnəkdir. Azərbaycanın necə hərbi gücə sahib olması, ölkənin ərazi bütövlüyünü təmin etməsi, nizamlı cəmiyyət formalaşdırması, beynəlxalq əməkdaşlıq kimi təcrübəsindən yararlanması Ukraynaya ancaq fayda verə bilər. Azərbaycanın bu uğurları Ukrayna tərəfindən araşdırılmalıdır.

Bu fikirləri AZƏRTAC-a məxsusi açıqlamasında Ukrayna Ali Radasının deputatı Lyudmila Buymister söyləyib.

Deputat bildirib ki, Azərbaycan və Ukrayna arasında əməkdaşlıq münasibətləri hər gün inkişaf etməkdədir. Hər iki ölkəni ümumi tarix, ümumi problem birləşdirir. Həmçinin iki ölkənin müzakirə edəcəyi ortaq iqtisadi məsələlər də var. Azərbaycan Ukraynanın alternativ enerji mənbələrindən istifadə ilə bağlı əldə etdiyi təcrübəni öyrənə bilər.

“Ukraynanın Azərbaycanın işğaldan azad etdiyi ərazilərin bərpası və yenidən qurulması prosesində alternativ enerjidən istifadə ilə bağlı məsələlərdə öz yardımını etməsi mümkündür”, - deyə Lyudmila Buymister əlavə edib.

2022-ci ildə Azərbaycan və Ukrayna arasında əməkdaşlığın bütün sahələrdə inkişaf edəcəyinə əminliyini bildirən deputat vurğulayıb ki, ticarət dövriyyəsinin artırılması, birgə iqtisadi layihələrin həyata keçirilməsi üçün mövcud olan potensialdan maksimum istifadə edilməlidir. Bu istiqamətdə birgə iqtisadi forumların keçirilməsi faydalı ola bilər. Azərbaycan və Ukraynada hər iki ölkənin iş adamlarının layihələri üçün əlverişli şərait mövcuddur.

Emil Hüseynli

Xudaferin.eu

15:38