Şovinizmin eybəcər üzü – rus polis erməni gənci öldürsəydi…

Rusiyada gənc soydaşımızın polis tərəfindən acımasızcasına və heç bir zərurət olmadan güllələnib öldürülməsi vaqiəsindən sonra bu federative dövlətdə iqrçilik və şovinistlikdən danışan həmvətənlərimizin işlətdiyi ifadələrə ağız büzənlər var.

Bunların köhnə ruspərəstlər və ya iqtidar düşərgəsinə yaxın adamların irəli sürdüyü hər bir mülahizəyə əks gedən adamlar olmasının fərqi yoxdur, əsas odur ki, bu, gerçəkliyə göz yummaq, özümüzü hər zaman və bütün məsələlərdə günahkar çıxarmaq cəhdidir.

Gerçəklik budur: SSRİ dağılandan sonra Rusiyada şovinizm dalğasının zaman-zaman kükrədiyi və get-gedə rus cəmiyyətinin bütün təbəqələrinə sirayət etməsi danılmaz faktdır.

Əslində SSRİ dövründə də gizli velikorus şovinizmi hökm sürürdü. Sadəcə, SSRİ milli muxtrayiyyata malik 15 müttəfiq respublikanın və Rusiyanın daxilindəki yüzlərlə azsaylı xalqların yaratdığı beynəlmiləl dövlət olduğu üçün velikorus şovinizmi gizli müstəvidə idi. Hamının ümumi bir adı vardı: “Sovet xalqı”

Bu “sovet xalqı”nın dominant dili isə rus diliydi: Sovet İttifaqının ən ucqar kəndlərində belə rus dili tədris olunur, rus mədəniyyəti və ədəbiyyatı təbliğ edilirdi; dövləti idarə edən siyasi rəhbərlərin, ordu, təhlükəsizlik və milis strukturlarının başçılarının tam əksəriyyəti ruslar idi; müttəfiq respublikalara rus canişinlər (respublkanın formal olaraq ikinci vəzifəli şəxsi, əslində isə baş nəzarətçisi) təyin edilirdi; SSRİ sərhədinin bu tayında və o tayında yaşayan qohum xalqlar (Azərbaycan və İran türkləri, Özbəkistanda və Əfqanıstanda yaşayan özbəklər, taciklər, rumınlar və moldovanlar, Qazaxıstanda və Çində yaşayan qazaxlar, uyğurlar, Kareliyada və Finlandiyada yaşayan finlər və b.) öz aralarında gediş-gəlişli ünsiyyət qurmaq üçün məhz Moskvadan icazə almalıydılar və yüzdə doxsan halda bu cür təmaslara icazə verilmirdi. Kremldə belə lazım bilirdilər ki, o xalqların belə bir hüququ yoxdur.

11.jpg (10 KB)

SSRİ dağılandan, müttəfiq respublikalar milli mənzillərə dağılışdıqdan sonra isə rus şovinizmi bir neçə illik pıqqıldamadan sonra qaynayıb qabından daşdı. Əksər ruslar hesab edirdilər ki, onların böyük və qırmızı imperiyasını müstəqillik davası edən xalqlar dağıdıb. Bu sırada Baltikyanı ölkələr, Ukrayna, Gürcüstan, Moldova, Ermənistan və Azərbaycan vardı. SSRİ-dən ayrılmaq barədə şüarları ilk olaraq qaldıran Ermənistanın başbilənləri sonrakı xroniki yaltaqlıqları ilə bu töhmətin altından sıyrılıb çıxsa da, adı çəkilən o biri respublikalar müstəqil dövlətçilik xəttində səylə irəliləməyi üstün tutdular və rus qəzəbinin hədəfinə çevrildilər.

Bir ara keçmiş SSRİ respublikalarından kütləvi şəkildə köçərək Rusiyanın çoxsaylı şəhərlərini və ucsuz-bucaqsız regionlarını məskunlaşdırmış insanları daimi təzyiq altında saxlayan “dazbaşlar” (“skinhedlər”) dəstəsi peyda olmuşdu. Onlar əsl irqçilər idilər və özlərini ötən əsrin 60-70-ci illərində ABŞ-da qaradərililəri təqib edən “ku-kluks-klan” siyasi sektasının üzvləri kimi aparırdılar, əllərinə keçən qaraşınları, qıyıqgözlü insanları ölümcül döyür, bəzən isə öldürür, “Rusiyadan rədd olub getmələri”ni tələb edirdilər. Rusiya dövlətini idarə edənlər “skinhed”lərin sürətlə artaraq təhlükəli qüvvəyə çevrildiklərini görüncə, onların əl-ayağını yığdı, müvafiq təşkilatların fəaliyyət dairəsini məhdudlaşdırdı.

44.jpg (10 KB)

Ancaq illərlə münbit zəminə səpilmiş “gəlmələrə nifrət” toxumları artıq cücərməyə başlamışdı. Ölkədə kasıbçılıq artıdqca, həyat şəraiti pisləşdikcə, buna görə “gəlmə”ləri baiskar bilənlər artdıqca artırdı. Olurdu ki, Rusiyanın ayrı-ayrı regionlarında bu və digər “gəlmələr” qruplarını ölkədən deportasiya edir, qastarbayter axınını məhdudlaşdırırdılar. Çox çəkmirdi, ruslar bunun ziyanını görürdülər: tikintidə işlətməyə, bazarlarda alver etməyə, iri şəhərlərdə “qara işləri” gördürməyə adam tapmırdılar və yenidən “gəlmə”lərin gəlməsini istəyirdilər.

Bu məsələ hələ də öz optimal həllini tapmayıb: ruslar inkişaf etmək üçün əmək miqrantlarına möhtacdırlar, eyni zamanda onlara nifrət edəcək qədər şovinistdirlər.

33.jpg (7 KB)

Başqa sözlə, rus şovinizmi haqqında deyilənlər heç də əfsanə söhbətlər deyil. 44 günlük müharibə zamanı, ondan əvvəl Rusiyanın Gürcüstan, Ukrayna və Türkiyə ilə münasibətlərinin gərginləşdiyi vaxtlar bu ölkənin telekanallarında və yazılı mediasında necə açıq şovinist çıxışların tüğyan etdiyinin şahidi olmuşuq.

Çeçenistanda gedən müharibə zamanı amansız repressiyaya, kütləvi təqib-təzyiqə məruz qalan günahsız çeçenlərə münasibətdə bu ölkənin bir çox ziyalıları utanmadan şovinist mövqedən yanaşır, “çeçendir, demək, təqsirkardır” deyə rəy yaradırdılar.

Без названия.jpg (7 KB)

19 yaşlı azərbaycanlının polis tərəfindən güllələnməsi hələ şovinist akt olmaya bilərdi. Ancaq həmin şəxsin sərbəst buraxılması, mərhum soydaşımızın “günahkar” çıxarılması, qatil polisin “zərərçəkən” elan edilməsi, ailəsinə yardım göstərilməsi, deputatlar və ziyalılar səviyyəsində müdafiə olunması ən eybəcər şəkildə şovinistlikdir.

Baxaq, görək, həmin polis bir ermənini öldürsəydi, o deputatlar və ziyalılar qatili müdafiə edərdilərmi? Etsəydilər belə, dünya erməniləri bunu onlara bağışlayardılarmı? Əmin olun ki, Baydenlə Putinin bu yaxınlarda baş tutacaq üzbəüz görüşündə erməni gəncin öldürülməsi və qatil polisin cəzalandırılmaması müzakirə mövzularından biri olardı.

Heç həmin polis öz soydaşını da belə asanlıqla, heç nə üstündə güllələməzdi. Əlindən xəta çıxmış olsa belə, cəzasız qalmazdı.

77.PNG (497 KB)

Ancaq o, eyni hərəkəti Orta Asiya respublikalarından birinin vətəndaşına qarşı etsəydi, yenə cəzasız qalacaqdı. Çünki onun müdafiəçilərinin gözündə qaraşın millətlərin təmsilçiləri ikinci sort adamlardır, bir rus onları öldürdüyünə görə ağır cəzaya məruz qalmamalıdır.

Bax, budur şovinizm. Şovinizm həm də budur ki, ötən il Ufada ermənilərin şəhərdə artıq bütün həlledici mövqeləri tutduqlarını, muxtar respublikada atamanlıq etdiklərini deyən yerli hüquq müdafiəçisi cəzalandırıldığı və bunun “millətlərarası nifaqı” qızışdırmaq aktı sayıldığı halda, indi bir gənc adam sırf başqa millətə mənsub olduğuna görə öldürülür, amma dövlət səviyyəsində müdafiə olunur.

Rusiya kimi çoxmillətli dövlətdə gündən-günə yoğunlayan bu xətt əvvəl-axır ciddi fəsadlara yol açacaq, xalqlar arasında uçurumu dərinləşdirəcək, hər millət öz müqəddəratını təyin etməyə meyllənəcək. Onda ruslar şovinistliklərinin öz başlarına bəla olduğunu anlayacaqlar.

10:07