Niderland Türkiyədəki səfirini rəsmən geri çağırıb

Niderland bir ilə yaxın müddət ərzində Türkiyəyə girişinə icazə verilməyən Ankaradakı səfiri Kees van Riji rəsmən geri çağırdığını bildirib.

"Azərtac" Anadolu agentliyinə istinadla xəbər verir ki, Niderland XİN-in bəyanatında Türkiyə niderlandlı səfirin ölkəyə girişinə icazə verməyənədək türkiyəli diplomata da qarşılıqlı qadağa qoyulacağı qeyd olunub.

Xatırladaq ki, Niderland hökuməti Türkiyədə konstitusiya dəyişikliyi ilə bağlı referendum vaxtı bu ölkədə yaşayan türk vətəndaşları ilə görüşmək istəyən xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinə verilən eniş icazəsini ləğv etmişdi. 2017-ci ilin martında isə niderlandlı rəsmilər nazir Fatma Betül Sayan Kayanın Rotterdamdakı Türkiyə konsulluğuna girişinə icazə verməmiş, mühafizəçilərini həbs etmiş, özünü isə Almaniyaya qaytarmışdı. Niderland təhlükəsizlik qüvvələri, həmçinin Kayaya dəstək vermək üçün gələn minlərcə Türkiyə vətəndaşına qarşı hədsiz güc işlətmişdi.

Bu insidentlərdən sonra Türkiyə ölkə xaricində olan Niderland səfirinin geri qayıtmasını istəməmişdi.

musavat.com

 
 

12:49