Niderland Krallığında İkinci Qarabağ müharibəsi əlilləri üçün yardım kampaniyası başlayıb

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında qalib Ordumuzun parlaq Qələbəsi xalqımızın yaddaşında əbədi olaraq yaşayacaq. 44 günlük Vətən müharibəsi uzun illər gözlədiyimiz qələbə sevincini yaşatsa da, ağrı-acısız ötüşmədi. Azərbaycanın qəhrəman oğulları Vətən uğrunda canlarından keçdilər. Körpələr atasız qaldı. Minlərlə igidlərimiz yaralanaraq, müxtəlif əlillik dərəcəsi aldı. Şəhidlrərimizin və qazilərimizin ailələrinə, övladlarına qayğı və sayğı hər bir vətəndaşımızın borcudur. Bu baxımdan, Vətənimizin bir parçası olan -xaricdə yaşayan azərbaycanlılar da şəhid və qazilərimizin ağrı-acısını bölüşməyi özlərinə borc bilir və mümkün qədər onlara dəstək olmağa çalışırlar.

Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, bu məqsədlə Niderland Krallığının Haaqa şəhərində fəaliyyət göstərən Hollanda-Azərbaycan Türk Kültür Dərnəyi qazilərimizə yardım kampaniyası başlayıb. Dərnəyin rəhbəri İlhan Aşkın bu kampaniyanın cari ilin oktyabr ayına qədər davam edəcəyini bildirib. Qeyd edib ki, məqsəd 90 nəfər Qarabağ qazisini elektrik əlil arabası ilə təmin etməkdir. O, xaricdə yaşayan bütün soydaşlarımızı kampaniyada iştirak etməyə, bu müqəddəs işə imkanları daxilində yardımçı olmağa çağırıb.

“44 günlük müharibədə şanlı Qələbəni Azərbaycanın tarixinə qızıl hərflərlə yazanlara, üçrəngli bayrağımızı Qarabağın hər yerində dalğalandıranlara borcluyuq və onlara bacardığımız qədər yardım etməliyik. Hər kəsi bu müqəddəs işə töhfə verməyə dəvət edirik. Bu işlə məğul olanlara uğurlar arzulayırıq. Allah bütün Türk dünyasını qorusun”,- deyə İ. Aşkın vurğulayıb.

 

Şəhla Ağalarova

Xudaferin.eu

12:05