Neftin qiymət yüksəlişi pik nöqtəsinə çatıbmı?

 

Reuters agentliyi yazır ki, böyük neft ixracatçılarının hasilat ixtisarları və Səudiyyədəki siyasi situasiyanın qeyri-müəyyənliyi neftin qiymətini noyabrın 9-da daha 1 faiz qaldıraraq bir barrel üçün 64.08 dollara çatdırıb. Texas markasından olan neftin bir barreli isə hazırda 57.27 dollardır.

Londonda mənzillənmiş Interfax Energy’s Global Gas Analytics firmasından təhlilçi Abhishek Kumar deyib ki, neft qiymətlərinin son günlər yüksəlməsi Səudiyyə Ərəbistanındakı siyasi vəziyyətlə birbaşa bağlıdır. Ekspertin fikrincə, neft tacirləri kral Salman və onun oğlunun hakimiyyətinin daha da güclənəcəyini gözləyirlər. Kumar bunu da əlavə edib ki, neftin qiymətinə Səudiyyənin Livan və İranla bağlı bəyanatları da təsir edir. Reuters yazır ki, Səudiyyə Ərəbistanı hasilatı noyabrla müqayisədə qarşıdan gələn dekabr ayında günə daha 120 min barrel ixtisar etməyi planlaşdırır.

Bir sıra neft ticarətçiləri deyirlər ki, neft qiymətlərinin dirçəlməsinə səbəblərdən biri də kral Salmanın taxt-tacdan oğlunun xeyrinə əl çəkəcəyinə dair şayiələrdir. Lakin buna bənzər şayiələr sentyabr və oktyabrda gerçəkləşməyib. Neft qiymətləri bu həftənin əvvəllərində Səudiyyədə başlanmış antikorrupsiya əməliyyatları ilə paralel artıb. Təhliçilər bu qənaətdədirlər ki, Məhəmməd bin Salmanın taxt-taca sahiblənməsi Səudiyyə, İran, Livan və Yəmən arasındakı münasibətləri daha da gərginləşdirə bilər.

Lakin bir sıra neft ticarətçiləri ehtiyatlanırlar ki, Brent markasından olan neftin iyul ayından bəri 40 faizlik yüksəlişi tükənmək üzrədir. Forex.com broker şirkətindən təhlilçi Favad Razaqzadə deyib ki, “qiymət qısamüddətli pik həddinə çatıb”.

OPEC hasilat məsələsini noyabrın 30-da müzakirə edəcək və hasilat ixtisarı müddətinin 2018-ci ilin mart ayı üçün qoyulmuş son müddətdən o yana uzadılacağı gözlənilir. Əgər bu baş versə, qiymət artımı sabitləşə bilər.

Ekspertlərin fikrincə OPEC və qeyri-OPEC ölkələri ixtisar müddətinin uzadılmasına dair razılaşma əldə etsələr, qiymətlər daha da güclənib müvəqqəti olaraq bir barrel üçün 65-70 civarına çata bilər. Brent neftinin rəqibi ABŞ neftinin hasilatı günə 67 min barrel artaraq 9.62 milyon barrelə çatıb. Bu son onilliklər üçün rekord göstəricidir. Texas nefti hasilatının daha da artacağı gözlənilir.

 

Cebhe.info

 

09:03