Neftçalalı sahibkar: 'Bu adamı qəbul günləri də tutmaq olmur'

 

“İcra başçısı ilə görüşmək mümkün deyil. İnsanlar qəbul otağına yığışır, gözləyir, dağılışır. Bu adamı qəbul günləri də iş kabinetində tutmaq olmur. Nəhayət, qərara gəldim ki, rayonun başçısı yoxdursa, ondan yuxarıya gedim. Martın 13-də Prezident Administrasiyasında oldum. Son sözləri belə oldu ki, bura belədir, xoşun gəlmir, yığış get başqa ölkəyə…”
Neftçalalı sahibkar Camal Abdullayevə sökülmüş mağazasına görə hələ də kompensasiya ödənilməyib.

“MALLARI DAŞIMAĞA İMKAN VERMƏDİLƏR”

 

C. Abdullayev uzun illər Neftçalada qarışıq mallar mağazasının sahibi olub. Deyir, rayonda abadlıq işləri başlananda başçının da əlinə girəvə düşüb. Sahibkarlara məxsus mağazaları söküb ki, sahibkarlar yeni tikilmiş və özünün nəzarətində olan ticarət mərkəzinə köçmək məcburiyyətində qalsınlar. Razılaşmayan sahibkarların aqibəti heç də yaxşı olmayıb. Lap Camal Abdullayev kimi.
Sahibkar sözünə davam edir: “Xəbərdarlıq olmadan 1 saatın içində mağazanı sökdülər. İçərisindəki malları daşımağa da imkan vermədilər. Vaxtilə mağazanı işlətməyə götürdüyüm kreditləri hələ də ödəyə bilmirəm. Hökumət vətəndaşın gəlir yeri olan obyekti sökəndən sonra o vətəndaş krediti necə ödəsin? O mağazanı sökmək başçı üçün sıradan bir xırda hadisə ola bilər, ancaq onun bu özbaşınalığı bir sahibkarın həyatını zəlil edib, onu işsiz, ailəsini ac, köməksiz qoyub. Həyatımızın düzəni pozulub. Necə yaşayaq, üst-üstə yığılıb qalmış borclarımızı necə ödəyək, bilmirik”.

 

“ADAMLARI ZORLA ÖZ OBYEKTİNƏ QOVUR”

 

Sahibkarın ölkə başçısına çoxsaylı müraciətləri var. Hamısı da cavabsız qalıb. Ona təsir edən ikinci məsələ odur ki, vaxtilə çoxlu müştəri yığdığı mağazanın yerindən indi zibillik kimi istifadə olunur: “Başçı sahibkarların mağazalarını söküb məcbur edirdi ki, özünün tikdirdiyi ticarət mərkəzinə köçsünlər. İndi həmin ticarət mərkəzini də satışa qoyub, 1 milyon manata satır. Bir sözlə, sahibkarların üzərində təcrübə aparır. Obyekt tikir, adamları zorla ora qovur, sonra o obyekt özünü doğrultmur, oranı satışa qoyub başqasını tikdirir… Ortada zərər sahibkarlara dəyir”.

Neftçala rayon icra hakimiyyətindən “Qaynar xətt”ə bildirilib ki, hələ mağaza sökülməmişdən sahibkara xəbərdarlıq olunub. Ancaq sahibkar son ana qədər mağazanı boşaltmaq istəməyib. Bununla belə, mağaza boşaldılıb və sökülüb: “Bütün bunlar abadlıq işləri çərçivəsində baş verib. Ona mağaza tikmək üçün başqa yerdən torpaq da təklif olunub, imtina edib. Mağazası söküləndə içərisində kibrit çöpü də qalmamışdı. Yeni mağaza tikənə qədər ona müvəqqəti mağaza da təklif olundu, istəmədi. Ticarət Mərkəzinə gəlincə, başçının heç bir obyekti yoxdur, rayondakı ticarət obyektləri sahibkarlarındır”.
 

“YARARSIZ YERDƏ OLUB”
 

Sahibkarınsa sözlərinə görə, təklif olunan torpaq sahəsi rayon mərkəzindən kənarda, ticarət obyekti tikintisi üçün yararsız yerdə olub. Müvəqqəti mağaza təklifinə gəlincə, çoxlu şikayətlərindən sonra – ötən ilin fevralında ona müvəqqəti işlətməyə kiçik bir dükan veriblər. 8 ay sonra başçının sürücüsü “başçının göstərişidir” deyərək dükanın açarlarını əlindən alıb.

Hüquqşünas Vaqif Alıyev deyir, sahibkarın mağazaya uyğun sənədləri varsa, kompensasiya üçün məhkəməyə müraciət edə bilər: “Ona təklif olunan ərazi mağazanın gələcək fəaliyyətinə yaramırsa, təklifdən imtina hüququ var. Buna görə də məhkəmə təklif olunan əraziyə baxış keçirə, oradakı kontingenti araşdıra bilər. Yəni “ona yer təklif etdik, razılaşmadı”, icra hakimiyyətinin irəli sürdüyü bu arqument hələ əsas vermir ki, sahibkar mağazasız qalsın”, – hüquqşünas bildirib.

Azadliq.org

07:48