Neft və milyonlar səltənətinin dilənçiləri: Bakıda sədəqə istəməyin qaydaları dəyişib

 

Küçədə dilənən 28 yaşlı Qəbələ sakini sığınacağa yerləşdirilmək təklifindən imtina edib.

Bu barədə “Təmiz dünya” İctimai Birliyindən məlumat verilib. Məlumata görə, uzun müddətdir ki, “Xalqlar Dostluğu” metrostansiyası qarşısında iki övladı ilə birgə ananın dilənməsi ilə bağlı quruma məlumat daxil olub: “Məlumat əldə etdik ki, qadının həyat yoldaşı 3 il müddətinə həbs olunub. Uşaqların hər ikisi oğlan olmaqla biri 2, digəri isə 3 yaşındadır. Sosial işçimiz həmin yerə gedərək qadınla görüşüb. Məqsəd onu sığınacağa gətirmək olsa da qadın bundan imtina edib. O bildirib ki, dilənərək günə 5 manat qazanır. Məsələ budur ki, həmin uşaqlar bu durumdan əziyyət çəkir”.  

Təşkilat əlaqədar qurumlara da səslənib:“Uşaqları müvəqqəti anadan alıb uşaq evinə yerləşdirsinlər. Bu işdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Komitəyə səslənirəm. Yardım edin!”

 

Dilənçiliyin forması dəyişib

Azərbaycanda, xüsusən də Bakı şəhərində dilənçilərlə mübarizə son illər gücləndirilsə də paytaxtı dilənçisiz şəhərə çevirmək mümkün olmayıb. Əgər əvvəllər bəlli bir kateqoriya, əsasən qaraçılar dilənçiliklə məşğul olurdusa, indi sədəqə toplamağın forması dəyişib. Tinlərdə, iş yerlərinin qarşısında, nəqliyyatda, hətta mağazalarda dilənçiliklə məşğul olanlara rast gəlmək mümkündür. Müxtəlif yaş kateqoriyalarında olan bu şəxslər əllərində əsasən həkim reseptləri ilə dolaşır, dərman almağa pulu olmadığını bildirərək kömək istəyirlər. Artıq bir ərazidə oturaq formada dilənçilik “dəbi” aradan qalxıb. Bu halda polisin diqqətini daha çox cəlb etmək təhlükəsi sədəqə istəməyin yeriyən formasından istifadəni artırıb. İndi dilənçilər bir yerdə dayanmır və istənilən an qarşınıza çıxıb pul istəyə bilərlər. Geyimləri də görməyə adət etdiyimizdən çox fərqlidir- kasıb olsa da səliqəli. Danışıqlarında müəyyən qədər nəzakət peyda olub-artıq pulu “mümkünsə, yardım edin” deyə istəyirlər. Qucaqlardakı səssiz körpələrin yerini əllərdəki reseptlər tutub- “Dərman almağa pulum yoxdur”. Onlar hətta marketlərdə də qarşınıza çıxa bilərlər. Aldığı yarım kilo yağın pulunu ödəməkdə kömək istəməklə. Bir sözlə, dilənçilik artıq yeni formada, yeni standartlarla təzahür edib.

Küçələrdə 576 baxımsız uşaq

 

Azərbaycanda dilənçiliyə qarşı sərt mübarizə tədbirlərinə əsasən 2012-ci ildən başlanıb. Ölkədə keçirilən beynəlxalq səviyyəli tədbirlərin artması bu sahədə də mübarizəni gücləndirməyi məcburi edib. Heç bir əcnəbi qonaq dincəlmək və ya hansısa yüksək səviyyəli bir tədbirə qatılmaq üçün getdiyi şəhərdə küçələrdə yeriyən dilənçiləri görməkdən zövq ala bilməz. Təkcə 2015-ci ildə Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin açqıladığı rəqəm təhlükənin miqyasından xəbər verir. İdarədən bildirilib ki, insan alverinin potensial qurbanı sayılan dilənçiliklə məşğul olan və baxımsız uşaqların sayı 576 nəfərdir: “Həmin uşaqların yaşayış, təhsil yerləri və hansı ailəyə məxsus olmaları tam müəyyənləşdirilərək əlaqədar qurumlara təqdim olunub”. 576 uşaq 576 tale deməkdir. Gələcəyin fitili çəkilən 576 bombasıdır ki, hansı tərəfə düşməsindən asılı olmayaraq düşdüyü yeri dağıdacaq. Küçələrdə böyüyən, dilənçiliyə məcbur qalan və ya məcbur etdirilən uşaqların normal həyata qayıtması gələcəyi bu təhlükədən xilas edə bilər.

Bakıda dilənçi biznesi

Dilənçilərin fərdi qaydada fəaliyyət göstərməsi ilə yanaşı paytaxtda mütəşəkkil fəaliyyət də istisna deyil. Hər halda deputat Hadi Rəcəbli mətbuata açıqlamasında bu barədə fikirlərini bölüşərək problemi qabardıb:“ Bu adamlar nəyəsə ehtiyacı olduqları üçün deyil, dilənçilik biznesinin nümayəndəsi kimi pul dilənirlər. Onlara şəhərin hər yerində rast gəlmək olur. Özlərini Qarabağ əlili, aztəminatlı ailələr kimi göstərərək və yaxud ailələrində xəstənin olduğunu bildirərək pul dilənirlər. Onlara qarşı hüquq-mühafizə orqanları xüsusi tədbirlər görür, dilənçiliyin qarşısını almaq üçün müəyyən addımlar atılır. Ancaq bu, təkcə hüquq-mühafizə orqanlarının işi deyil, əhalimiz də dilənçilərə pul verməməli və onlarla mübarizə aparmalıdır. Bu məsələ mətbuatda işıqlandırılmalı, dilənçilərin şəkilləri çəkilib saytlarda nümayiş etdirilməlidir ki, hamı tanısın”. Daxili İşlər Nazirliyi isə dilənçiliklə mübarizə tədbirlərinin artırıldığını və bu sahədə müəyyən irəliləyişə nail olunduğunu bildirir.

Uşaqları diləndirənlərə 10 manat cərimə

 

Qeyd edək ki, 2000-ci ilə qədər dilənçilik Azərbaycanda Cinayət Məcəlləsinə əsasən cinayət hesab edilib. Qanunvericiliyə dəyişiklikdən sonra inzibati xəta adlanır. İnzibati Xətalar Məcəlləsinin avaralıqla məşğulolma adlı 307-1-ci maddəsi mövcuddur. Bu şəxslərlə məşğul olan orqan Daxili İşlər Nazirliyidir. Dilənçiliklə məşğul olan şəxslər barəsində protokol tərtib olunur və 20 manatdan 25 manata qədər cərimə müəyyən edilir. Əgər dilənçiliklə məşğul olan şəxs öz yetkinlik yaşına çatmayan övladını da bu işə cəlb edirsə, 10 manatdan 15 manata qədər əlavə cərimə tətbiq edilir. Bu kifayət etmədikdə isə şəxs barəsində 15 günədək inzibati həbs seçilə bilər.

 

Kimlər niyə dilənir?

 

Dilənçilər küçələrdən toplandıqdan sonra əsasən Xətai rayon Polis İdarəsinə aparılır və cərimələndikdən sonra buraxılır. Hətta dilənçilərin avtobuslara doldurularaq kütləvi şəkildə rayonlara göndərilməsi halları da olub. Ancaq rayonda dilənçilər bir neçə gün dözür və yenidən “iş başına” qayıdırlar. İşdə gündəlik qazanclarına gəlincə dillərdə fantastik rəqəmlər dolaşır. Hətta dilənçilərin bəzisinin dəbdəbəli həyat tərzi, bahalı malikanələrdə yaşaması barədə məlumatlar var. Doğrudur, bu barədə söylənənlər təxminlərdən və ya ortalıqda gəzən söhbətlərdən uzağa getmir. Dilənçiliklə məşğul olanların bir qrupu buna məcbur olduqlarını bildirsələr də, digər qrup (onları qaraçılar adalandırılar) ənənə xatirinə peşəyə çevirdikləri dilənçilikdən əl çəkmədiklərini bildirirlər. Qazanclara gəlincə, gündə 5 manat qazananlar da var, daha artıq vəsait əldə edən də. Ancaq çörək pulu üçün çıxdığını deyənlər də az deyil. Bir çoxların evin kişisinin xəstə və ya həbsdə olduğunu, qocalar övladlarının işsiz olduğunu və ona baxa bilmədiyini deyir. Bəziləri isə iş tapa bilmədiklərinə göə dilənməyə məcbur qaldıqlarını bildirirlər. Təbii ki, onların arasında maddi imkansızlıqdan, sosial problemlərdən dilənçiliyə məcbur qalanlar da var. Ancaq bunu özünə peşə edənlər də az deyil.

“Oğlunu bədnam etməmək üçün dilənir”

 

Yazının əvvəlində qeyd etdiyimiz qadın kimi. Əri həbs olunan qadın övladları ilə bərabər paytaxtdakı sığınacağa yerləşdirilmək təklifindən imtina edib. Halbuku sığınacaqda müəyyən müddət yaşamaq, yemək problemlərindən azad olacaqdı. Uşaqlarının təhsildən yayınması baş verməyəcək, özünün işlə təminatına yardım göstəriləcəkdi. İndi isə görünən odur ki, övladları ilə bərabər dilənməklə yaşamını təmin etməyə çalışan qadın durumundan narazı deyil. “Təmiz dünya”dan verilən məlumata görə bu rast gəldikləri ilk hadisə olmayıb:“Aldığımız məlumat əsasında xeyli müddət əvvəl dilənçiliklə məşğul olan qadını küçədə tapdıq. Həyat yoldaşı yox idi, vəfat etmişdi, oğlu vardı, dediyinə görə ona heç bir yardım etmirdi. Təklif etdik ki, sığınacağa yerləşdirək, yaşlı xanım idi. Ancaq o, qətiyyətlə imtina etdi. Dedi ki, sığınacağa gəlib oğlunun adını bədnam edə bilməz. İndi diləndiyini bilən yoxdur, gündəlik ehtiyacı qədər dilənib evinə gedir, ancaq sığınacağa aparılsa, hamı biləcək və oğlu bədnam olacaq. Oğlunu bədnam etməmək üçün dilənməyi seçdi. Belə hadisələr də olur. Bu dəfə rastlaşdığımız gənc qadının problemini isə hüquq-mühafizə orqanları araşdıracaq”.

 

Sevil Ağazadə

Cebhe.info

 

10:20