Neft bazarında CANLANMA: Azərbaycana nə vəd edir?

 

Zəfər Vəliyev: “300 milyon barel nefti dövriyyədən silmək mümkün olmayacaq”

Bir sıra yerli media orqanları Azərbaycan neftinin bahalaşması barədə məlumatlar tirajlayıb. Bildirilir ki, “AzeriLight” markalı neftin 1 barelinin qiyməti 0,93 dollar və ya 1,62 faiz artaraq 58,39 dollar təşkil edib. Neft məsələləri üzrə ekspert Zəfər Vəliyev “Cümhuriyət” qəzetinə bildirib ki, fevralın 23 -də Amerika Neft İnstitutu (APİ) ABŞ-da ötən iş həftəsi ərzində kommersiya təyinatlı neft ehtiyatlarında azalmanın baş verməsi barədə məlumatı neftin təxminən 1 faiz bahalaşmasına səbəb olub: “APİ-nin yaydığı məlumata görə, keçən iş həftəsi ərzində ABŞ-da kommersiya təyinatlı neft ehtiyatları 884 min barel azalaraq 512,7 milyon barel təşkil edib. Bu bazar iştirakçılarının OPEC+11 sazişinin effektivliyinə inamının artmasına səbəb olub. Lakin digər mənbələr APİ - nin əksinə olaraq ABŞ-da kommersiya təyinatlı neft ehtiyatlarının artması barədə əvvəlcədən proqnozlar verməkdədir. Məsələn, Reuters agentliyinin ekspertləri belə güman edirlər ki , keçən iş həftəsi ərzində ABŞ-da kommersiya təyinatlı neft ehtiyatları 3,325 milyon barel artıb. Bəri başdan qeyd etmək istəyirəm ki, ABŞ-da kommersiya təyinatlı neft ehtiyatları idxal həcmləri hesabına formalaşır.Ona görə də dəqiq məlumat ABŞ Energetika Nazirliyinin nəzdində fəaliyyət göstərən Enerji İnformasiya İdarəsinin (EİA) məlumatını gözləmək daha düzgün olardı. 23 fevral səhər hərraclarında Brend etalon markalı neftin aprel fücers qiyməti 0,84 faiz artaraq barel hesabı ilə 56,31 dolar təşkil etmişdi. WTİ etalon markalı neftin aprel fücers qiyməti isə 0,90 faiz artaraq barel hesabı ilə 54,07 dollar təşkil etmişdi.

Qeyd etmək lazımdır ki , neft bazarları hələ də fundamental faktorlara yox, sadəcə, ağır çəkili bəyanatlara aludə olub. Məsələn, OPEC-in baş katibi Nigeriya nümayəndəsi Məhəmməd Barkindo və Qətərin energetika və sənaye naziri Məhəmməd bin Saleh əs-Sada bəyan etdilər ki, OPEC Vyana şərtlərinə artıq 94 faiz, OPEC kənar müstəqil hasilatçı ölkələr isə 50 faiz əməl edib.Bu məlumat bəs edib ki, bazarda canlanma yaransın”.

 

Qarşıdakı həftələrdə neftin qiymətini təhdid altına alan faktorlar varmı? Varsa, hansılardır?

 

Ekspert qeyd edib ki, dünyanın aparıcı emal gücləri (NEZ-i) yeni mövsümlə bağlı texniki baxışa dayandırılır: “Belə olan halda neftə olan tələbat aşağı düşəcək. Çünki emal gücləri özlərinin xammalla yüklənməsində ixtisarlar edəcəklər.Qeyd edim ki, ABŞ və Çində idxal həcmlərində azalma baş verəcək.Bunu ABŞ Energetika Nazirliyinin nəzdində fəaliyyət göstərən Enerji İnformasiya İdarəsinin hesabatında da görəcəyik.Eyni zamanda son həftə bazarda uzun mövqeli fücerslərin və neft opsionlarının sayının durmadan artması müşahidə olunur.Bu gün uzun mövqeli fücerslər qısa mövqeli fücerslərə nisbəti 10:1 səviyyəsindədir.Deməli, real bazarda bir narahatçılıq və inamsızlıq hökm sürür.Ona görə də, bazar iştirakçıları 2017-ci ilin 6 ayı ərzində dünya üzrə normadan artıq 300 milyon barel nefti dövriyyədən silmək mümkün olmayacaq”.Zəfər Vəliyevin sözlərinə görə hazırda bazar iştirakçılarını başqa bir müəmmalı məlumat düşündürür. O qeyd edib ki, bu məlumat ixracatçı ölkələrin hədsiz ümid bəslədiyi Asiya Sakit Okean Regionu enerji bazarından daxil olub: “Məlumata görə, adıçəkilən bazara yönələn sutkalıq tədarük həcmlərində heç bir azalma baş verməyib. Bəs onda 10+11 sazişi sonda necə effekt verə bilər? Deməli, heç kim öz real müştəri bazarını əldən vermək istəmir. Bazara təsir edəcək digər ən mühüm amil isə ABŞ-da durmadan davam edən qazma aktivliyi və bu fonda hasilat həcmilərinin artmasıdır. Qeyd edim ki, keçən iş həftəsində ABŞ-da qazma aktivliyi 5 neft formasiyasında qeydə alınıb. Bu isə o deməkdir ki, artıq Amerika neft hasilatçıları durmadan qazma parkını genişləndirir.Ümumiyyətlə, qarşıdakı aylarda ABŞ və Kanadada qazma aktivliyi müşahidə ediləcək.Nigeriya və Liviyada da hasilat həcmlərində artım müşahidə ediləcək.Deməli, neftin qiymətində elə də ciddi sıçrayışlar olmayacaq.Məhz buna görə də, İraqın baş naziri Heydər əl-Abadi kartelin iyundan sonra da hasilatı azalmasının vacibliyini dilə gətirir.Digər bazar iştirakçıları da Vyana sazişinin müddətinin uzadılmasını məqbul sayırlar”.

Yeganə Oqtayqızı

Cebhe.info

 

10:08