Nazirin ixtisaslı kadr bəhanəsi: İş var, işçi yox

 

“İngiltərədə ən çox qazanan maşın ustalarıdır”

Natiq Cəfərli: “Azərbaycanda əlverişli biznes mühiti olmadığı üçün gənclər dövlət işinə getmək istəyirlər”

İşsizlik günümüzün əsas problemlərindəndir.Bu problemin yaranma səbəbləri isə fərqli şəkildə izah olunur.Məsələn, Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov işsizliyin səbəbi kimi ölkə əhalisinin ixtisassız olmasını göstərib.“Statistik məlumatlara əsasən ölkənin əmək qabiliyyətli əhalisinin yalnız 32 faizi ixtisaslıdır. İşsiz və iş axtaran şəxslərin peşə-ixtisas təhsilinin, əmək vərdişlərinin müasir əmək bazarının tələblərinə cavab verməməsi də onların işlə təminatında çətinlik yaradır. Digər tərəfdən, elm və texnologiyaların sürətli inkişafı mövcud olan bir çox peşələrin məzmununun köhnəlməsi ilə nəticələnir. Peşə standartı işçinin işə qəbul olunması və karyera yuksəlişinin planlaşdırılmasında, işəgötürənin tələblərinə cavab verə biləcək kadr potensialının formalaşdırılmasında, işsiz və işaxtaran vətəndaşların məşğulluğunun təminatında əsas alət rolunu oynayır.Təcrübə göstərir ki, hər bir ölkə üçün insan kapitalına yönəldilmiş vəsait cəmiyyətin mövcud və gələcək inkişafına qoyulmuş investisiyalar deməkdir.Peşə standartları da işçi qüvvəsinin keyfiyyətinin yüksəlməsinə, bununla da əmək məhsuldarlığının artımına, iqtisadiyyatın səmərəliliyinə və rəqabət qabiliyyətliliyinə xidmət edir”-deyə, Səlim Müslümov bildirib.

İqtisadçı-ekspert Natiq Cəfərli isə şərhində nazirin dediklərinin səbəb deyil, artıq nəticə olduğunu deyib: “İxtisaslı kadrlar çatışmır. Ancaq bunun səbəbləri müxtəlifdir.SSRİ dağıldıqdan sonra texniki peşə məktəbləri də dağıldı.Ölkədə sənayə istehsalı ciddi inkişaf etmədi ki, peşə məktəblərinə tələbat yaransın. İnsanlar ixtisaslaşmış şəkildə peşələrə yiyələnərək, peşələrinin sayəsində əmək bazarında özünə yer tutub pul qazansınlar. Yəni, səbəbləri aydınlaşdırmadan, ancaq nəticələrdən danışmaqla heç nə əldə etmək olmaz. Əgər dövlətin özünün ixtisaslaşma ilə bağlı siyasəti, gələcəkdə açılacaq iş yerləri ilə bağlı bir planı, proqramı olsaydı, buna uyğun da peşə məktəblərinin, texnikumların yaradılması və ya ixtisasdəyişmə ilə lazımi kadrları hazırlayardı. Azərbaycanda çox təəssüf ki, hamı universitet diplomu dalınca gedir.Bu da artıq nəticədir.Bunun da səbəbləri aydınlaşdırılmalıdır ki, niyə hamı yalnız universitet diplomu almağa çalışır.Azərbaycan reallığında diplom almaq hələ savadlı olmaq demək deyil”.

Ekspert hesab edir ki, səbəblər aradan qaldırılmasa, müsbət nəticələrdən danışmaq yersizdir: “Bir sıra ölkələr var ki, ali savadı olmayan, ancaq peşə sahibi olan insanlar daha çox pul qazanırlar. Məsələn, Britaniyada belə bir sorğu aparılmış və məlum olmuşdu ki, ən çox pul qazanan 5 peşədən 4-cü yerdə avtomobil ustalarıdır.Vəkillərdən, diş həkimlərindən sonra ən çox pul qazanan peşə sahibləri məhz ustalardır.Azərbaycanda bununla bağlı institutlaşmış qurumlar yoxdur.Fərdi qaydada kimsə ustanın yanında şagird kimi işləyib öyrənməyə çalışır.Yəni, bu məsələlər də elmi əsaslara söykənmir.Bütün bu məsələləri araşdırsa, dövlətin borcudur ki, nəticədən deyil, səbəblərdən danışsın və səbəblərin aradan qaldırılması üçün belə bir nəticəyə gəlməmək üçün səbələri aradan qaldırsın.Bu halda müsbət nəticələr əldə etmək olar”.

N.Cəfərli işsizliyin yaranma səbəblərinə toxunub. Onun sözlərinə görə, bu problemin yaranmasında başlıca amil iqtisadi azadlıqların olmamasıdır: “Ümumiyyətlə isə işsizliyin artmasının bir çox səbəbləri var. Bütün dünyada işsizliyin artmasının səbəbi iqtisadi azadlıqların olmamasıdır. Hansı ölkələrdə iqtisadi azadlıqlar daha çoxdur, orada işsizliyin daha az olduğunu görürük. Dünyada ən az işsizlik olan ölkə Yaponiyadır. Ümumi əhalinin yalnız 2.3 faizi işsizdir.Bu həm də dünyadan ən yaxşı göstəricilərdən biri sayılır.Cənubi Koreya da bu rəqəm 3 faiz civarındadır.320 milyona yaxın əhalisi olan ABŞ-da işsizlik səviyyəsi cəmi 4.8 faizdir.Yəni harada iqtisadi azadlıqlar və fürsət varsa, orada işsizliklə bağlı problemlər aradan qalxır.Azərbaycanda da işsizlik probleminin əsas səbəbi iqtisadi azadlığın, rəqabətli mühitin olmamasıdır.Bunlar olmalıdır ki, bazarda ixtisaslı kadrlara tələbat yaransın.Çünki təlabat yaranan kimi artıq bazar özü diktə etməyə başlayacaq və insanlar da çalışacaq ki, daha yaxşı ixtisaslara yiyələnərək daha çox pul qazanmaq üçün fürsət əldə etsinlər.Yəni, bu birbaşa iqtisadi azadlıqlara bağlı olan məsələdir.Azərbaycanda diplomlu olmaq, hələ yaxşı işi olmaq demək deyil.Bu da çox vacib amillərdən biridir.Məsələn, ABŞ-da prestijli universiteti bitirən gənc anlayır ki, heç vaxt işsiz qalmayacaq.Mütləq hansısa şirkət onu dəvət edəcək və şirkətlərin birində işlə təmin olunacaq.Azərbaycanda isə gənclərin böyük əksəriyyəti dövlət işində çalışmaq istəyirlər.Bu da çox maraqlı göstəricidir. Hətta bir neçə il öncə Azərbaycanda belə bir sorğu da keçirilmişdi. Tələbələrin 86 faizi dövlət işində işləmək istəyir. Bu fürsətləri məhz orada olduğunu istəyir.Gənclər də anlayırlar ki, fürsət, qazanmaq imkanı orada var. Ancaq ABŞ-da cəmi 4 faiz tələbə gələcək həyatlarını dövlət orqanlarında görürlər.Qalanları isə ya öz biznesini qurmaq, ya da iri şirkətlərdə çalışmaq istəyir.Azərbaycanda belə fürsətlər olmadığı üçün gənclər də dövlət işinə getmək istəyirlər ki, pul qazanmaq fürsətləri yaransın”.

 

Vilayət Muxtar

Cebhe.info

 

10:27