Nazarbayevin riskli varis planı

Parlamentar sistemə keçid Qazaxıstana nə verəcək?

Qazaxıstan parlamenli respublika üsul-idarəsinə keçməyə hazırlaşır. Artıq bu barədə prezident Nursultan Nazarbayev xalqa müraciəti zamanı ilkin açıqlamanı verib. Dövlət başçısı bəzi səlahiyyətlərinin parlamentə və hökumətə verilməsini təklif edib. Onun sözlərinə görə, hakimiyyət qollarının səlahiyyət bölgüsü ilə bağlı islahatlar aparılacaq. “Bundan sonra prezident hakimiyyət qolları arasında ali arbitr rolu oynayacaq. Ölkə başçısı bundan sonra əsasən strateji əhəmiyyətli milli təhlükəsizlik, xarici siyasət kimi məsələlərə diqqət yetirəcək. Hökumət və parlamentin rolu yetərincə güclənəcək. Səlahiyyətlərin bir hissəsi hökumətə və digər icra strukturlara veriləcək”, - deyə o bildirib. N. Nazarbayev bildirib ki, söhbət 40-dək səlahiyyətin hökumət və parlamentə verilməsindən gedir. Onun sözlərinə görə, parlament seçkilərində qalib gələn partiya hökumətin formalaşmasında əsas sözə sahib olacaq. Parlamentdə səs çoxluğu qazanan partiya həmçinin baş naziri seçəcək. Bütün bu məsələlər ümumxalq referendumuna çıxarılacaq. Qeyd edək ki, hazırda Qazaxıstan prezidentli respublika olduğundan baş naziri prezident təyin edir. Parlament isə yalnız bu təyinatı təsdiqləmək səlahiyyətinə malikdir. Sonra isə baş nazirin formalaşdırdığı nazirlər kabinetini prezident təsdiq edir.
Nursultan Nazarbayev xalqa müraciətində konstitusiya dəyişikliklərinin nazirlərə daha çox səlahiyyət verəcəyini və Qazaxıstanın sosial-iqtisadi inkişafının idarə olunmasına cavabdehlik daşıyacaqlarını deyib. O, yeni konstitusiya ilə parlamentin hökumət üzərində nəzarətə sahib olacağını söyləyib. Bu hadisə 1989-cu ildən Qazaxıstanı idarə edən 76 yaşlı Nursultan Nazarbayevin siyasi varis planının icrasına başlamasından xəbər verir. Konstitusiya islahatı yolu ilə parlamentar sistemə keçid baş tutarsa, o zaman qazax xalqının atası adlandırılan Nazarbayevin könüllü istefaya gedəcəyi gözlənilir. Lakin siyasi müşahidəçilər Qazaxıstanda parlamentli resbublikaya keçidin asan proses olmadığı qənaətindədir. Bu isə həm daxili, həm də kənar amillərlə bağlıdır. Müstəqillik əldə etdikdən sonra Qazaxıstanda 26 il davam edən güclü diktatura rejimi mövcud olub. Ölkədə demokratik müxalifətin və vətəndaş cəmiyyətinin fəaliyyətinə imkan verilməyib. Hətta prezident Nazarbayev onun siyasətini tənqid edən keçmiş kürəkəni Rahat Əliyevi həbs etdirmək istəyib.
Avropaya mühacirət etmək məcburiyyətində qalan Rahat Əliyev 2011-ci ildə Avstriyada həbsxanada müəmmalı şəkildə vəfat edib. Ona görə də siyasi ekspertlər post-Nazarbayev dövrünün heç də sabit keçməyəcəyi barədə proqnozlar səsləndirir. Artıq qocalmış prezident Nazarbayev hakimiyyətin dinc yolla ötürülməsi üzərində düşünür. Ancaq ölkədə siyasi balansı təmin etmək üçün hakim “Nur Otan” Partiyasına alternativ qüvvə mövcud deyil. Nursultan Nazarbayevin siyasi varisi kimi qızı, “Nur Otan” Partiyasının sədri Dariqanın adı çəkilsə də xanım Nazarbayeva ötən ilin oktyabr ayında bu deyilənlərin heç bir əsası olmadığını bildirdi. Onu da nəzərə almaq lazımdır ki, Qazaxıstan parlamentində səs çoxluğuna “Nur Otan” Partiyası malik olduğundan baş nazir postuna ən real namizədin də Dariqa Nazarbayeva olacağı şübhə doğurmur.

Etnik separatizm təhlükəsi

Prezident Nazarbayevin konstitusiya islahatı yolu ilə ölkəni parlamentar sistemə keçirmək planı barədə hələ ötən il məlumat yayılmışdı. 2016-cı il mart ayının 20-də keçirilmiş parlament seçkilərindən sonra Qazaxıstan hakimiyyətindəki məxfi mənbələrə istinadən 2016-cı ilin sonlarında prezident Nazarbayevin konstitusiya islahatı keçirmək niyyətində olduğu bildirilirdi. Lakin may və iyun aylarında Qazaxıstanda dövlət çevrilişinə cəhdin baş verməsi, eyni zamanda radikal dini qrupların Aktobe bölgəsində fəallaşması hakimiyyət dəyişikliyi məsələsi barədə informasiyaları bir müddət arxa plana keçirdi. Eyni zamanda, Qazaxıstanda Nazarbayev rejiminin qalmasında maraqlı olan digər qüvvə Rusiyadır. Kremlin Nursultan Nazarbayevi siyasi islahatdan yayındırmaq üçün ona təzyiq göstərməsi barədə məlumatlar var. Bu baxımdan, Moskvanın rəsmi Astanaya ən böyük təzyiq vasitəsi bu ölkədə yaşayan rus separatizmi təhlükəsidir. Qazaxıstanın şimal-şərq bölgəsində yaşayan əhalinin 70 faizini ruslar təşkil edir. Onların Putin hakimiyyətinin təhriki ilə Qazaxıstandan ayrılmaq məqsədilə ayağa qalxması Rusiyanın hərbi müdaxiləsi ilə nəticələnə bilər. Ona görə də Nursultan Nazarbayev Ukraynaya qarşı baş verən işğal təhlükəsinin Qazaxıstanda təkrarlanmaması üçün 2014-cü ildə Avrasiya İqtisadi Birliyinə daxil olmasına razılıq verdi. Qazaxıstan AİB –yə üzv olmaqla yanaşı, liberal iqtisadi islahatları həyata keçirib və Ümumdünya Ticarət Təşkilatına üzv olub. Görünür, prezident Nazarbayev iqtisadi islahatların ardınca, indi siyasi islahatlar reallaşdırmağa çalışır. Özbəkistan prezidenti İslam Kərimovun ölümü də böyük ehtimalla, N.Nazarbayevi siyasi varis planı üzərində düşünməsinə ciddi təsir göstərib. Güclü siyasi iradəyə malik N.Nazarbayevin referendum yolu ilə parlamentar sistemi formalaşdıracağı şübhə doğurmur. Qazaxıstanda güclü demokratik, dünyəvi müxalifət mövcud olmadığına görə, post-Nazarbayev dövründə ölkədə sabitliyin pozulması ehtimalı ekspertlərin diqqətini cəlb edir. Bu, ilk növbədə hakim elita daxilində siyasi rəqabətin dərinləşməsi və parçalanmanın yaranması formasında baş verə bilər. İkincisi, ölkədə dünyəvi müxalifətin və vətəndaş cəmiyyətinin mövcud olmaması radikal islamçı qrupların fəallaşmasına şərait yarada bilər. Üçüncü variant Rusiyanın Qazaxıstanda separatizmi alovlandırması və rusların müdafiəsi adı altında bu ölkəyə hərbi müdaxilə təhlükəsinin qalmasıdır. Bu səbəbdən, prezident Nazarbayev siyasi islahatı həyata keçirməklə yanaşı, ölkədə demokratik təsisatların formalaşması üçün ciddi hüquqi baza yaratmalıdır. Əks təqdirdə, yeni siyasi sistemdəki boşluqlar ölkəni ciddi problemlərlə üzləşdirə bilər. Hazırda “Nur Otan” Partiyası Qazaxıstanda lider partiya olduğundan referendumdan sonra keçiriləcək növbədənkənar seçkilərdə də qalib gəlmək imkanı yüksək olaraq qalır. Ancaq prezident Nazarbayevin səlahiyyətlərinin bir hissəsini yeni baş nazirə verməsi hələ onun istefa verməsi anlamına gəlmir. Çox güman ki, dövlət başçısı hələ bir müddət öz vəzifəsində qalmaqla hakimiyyətin dinc və mərhələli şəkildə ötürülməsini təmin etməyə çalışacaq.

Komanda daxilində təmizləmə

Hazırda ən çox səslənən sual isə Nazarbayevin nə vaxt istefaya getməsi deyil, siyasi varis olaraq kimin seçilməsi ilə bağlıdır. Doğrudur, söhbət parlamentar sistemdən getdiyi üçün “siyasi varis” anlayışı o qədər əhəmiyyət kəsb etməyə bilər. Əgər Nazarbayev hələ prezident kürsüsündə qalmaqda davam edərsə, parlamentin seçdiyi baş nazirin növbəti mərhələdə dövlət başsısı postuna ən real namizəd olacağı istisna edilmir.
Prezident Nazarbayevin yerinə mümkün namizədlər arasında indiyə qədər qızı Dariqa Nazarbayeva ilə yanaşı sabiq baş nazir Kərim Məsimovun da  adı hallanıb. Son dövrlər isə Qazaxıstanın siyasi kuluarlarında varis kimi Dariqa Nazarbayevanın oğlu Aysultan Nazarbayevin adı çəkilir. Demokratik dünyagörüşünə malik olan gənc Aysultan Qazaxıstandakı siyasi rejimi qəbul etmir. O, hakimiyyətdəki məmurları orta əsr təfəkkürlü adlandırır. Aysultan Nazarbayev ötən həftə mediaya Qazaxıstanın hakimiyyətinin yuxarı eşalonunun korrupsionerlərdən təmizlənməsi əməliyyatına başlanılması barədə açıqlama vermişdi. Onun sözlərinə görə, prosesə Milli Təhlükəsizlik Komitəsinin sədri Kərim Məsimov başçılıq edir. “Köhnə söz birləşməsi olan “xalq düşməni” artıq istifadə olunmur. Ancaq mən düşünürəm ki, yuxarı eşalonun oğurluq etmiş məmurları barəsində bu yerinə düşər”. 
Nəvə Nazarbayev Mərkəzi Bankın sədri Daniyar Akişevi, Prezident Adminstrasiyasının sədri Adilbek Caksıbekovu, baş nazirin sosial inkişaf, təhsil və səhiyyə nazirinin müavini İmanqali Tasmaqambetovu korrupsiya cinayətlərində ittiham edib. Xatırladaq ki, yanvarın 16-da prezident administrasiyası sədrinin müavini Baqlan Maqlıbayev dövlət sirrlərini satmaqda ittiham olunaraq həbs edilib. Görünür, prezident Nazarbayev islahata başlamazdan öncə, hakim komanda daxilində təımizləmə əməliyyatına başlamağa qərar verib.

Müşfiq Abdulla

11:46