Nazarbayev Universitetində keçirilən festivalda Azərbaycan stendi qurulub

Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində yerləşən Nazarbayev Universitetində beynəlxalq Novruz festivalı keçirilib.

Xudaferin.eu xəbər verir ki, festivalda Azərbaycan, Türkiyə, Özbəkistan, Tacikistan, Pakistan, Meksika və digər ölkələrdən Nazarbayev Universitetində təhsil alan tələbələr iştirak ediblər.

Azərbaycanın Qazaxıstandakı səfirliyinin dəstəyi ilə ADA universitetinin məzunları, Nazarbayev Universitetinin magistratura pilləsində təhsil alan İnci Həsənova və Səfura Əliyeva ölkəmizi təmsil ediblər.

Festivalda Azərbaycan stendi qurulub. Azərbaycanlı tələbələr iştirakçılara Bakı, Novruz adət-ənənələri, milli mətbəximiz haqqında məlumat verib, onların suallarını cavablandırıblar. Ölkəmizə aid stenddə Azərbaycan xalçaları, rəsmlər, milli çalğı alətləri, Azərbaycana aid broşürlər, kitablar, milli xörəklərimiz, Novruz şirniyyatları sərgilənib. Ziyarətçilərə milli təamlar təqdim olunub. Azərbaycan guşəsi onların marağına səbəb olub.

Festivalda digər xalqların rəqsləri, Novruz adət-ənənələri nümayiş olunub. Azərbaycanlı tələbələr isə Novruz ənənəsi olan odun üstündən tullanma səhnəciyini və milli “Yallı” rəqsini təqdim ediblər.

Xudaferin.eu

16:37