Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyası çağırılıb

Dekabrın 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasının çağırılması haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərarını imzalayıb.

 AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, qərarda deyilir:

“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 18-ci maddəsinin I hissəsini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:

I. Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyası 2021-ci il dekabr ayının 29-da saat 11:00-da Naxçıvan şəhərində çağırılsın.

II. Sessiyanın müzakirəsinə aşağıdakı məsələlər verilsin:

1. 2021-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları;

2. Naxçıvan Muxtar Respublikasının 2022-ci il dövlət büdcəsinin təsdiq edilməsi;

3. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsinin təsdiq edilməsi;

4. İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsinin təsdiq edilməsi;

5. “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi;

6. “Normativ hüquqi aktlar haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi;

7. “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi;

8. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) hesabatı.

III. Sessiyanın iclasına aidiyyəti təşkilatların rəhbərləri və dövlət mətbuat orqanlarının nümayəndələri dəvət olunurlar.”

Qeyd edək ki, sessiyanın keçirilməsi ilə bağlı qərar muxtar respublikanın rəsmi qəzeti olan “Şərq qapısı”nın 28 dekabr tarixli nömrəsində dərc edilib.

Xudaferin.eu

15:29