Nailə Hüseynli: “Dünya informasiya mübadiləsi aparır, siz də bu mübadiləyə qoşulun”

Avrasiya Əməkdaşlıq Fondunun dəstəklədiyi , Azərbaycan Qadınlarının Siyasi Mədəniyyət Mərkəzinin həyata keçirdiyi “Yeni Nəsil Qadın Koalisiyası” layihəsi gənc ictimai  fəal xanımların  bilik və bacarıqlarının artırılmasına, onların tanıtımına və vəkilliklərinin  həyata keçirilməsinə xidmət edir.

Oxucularımızla ilk görüşə `Yeni Nəsil Qadın Koalisiyası`nın üzvü Nailə Hüseynlini dəvət etdik

—Sizi sosial şəbəkədən başqa adla tanıyıram...
— Bəli. Əslində, yəni sənədləşmədə adım Nailə Hüseynlidir. Sosial mediada Nailə Təbriz kimi tanınıram. Təbriz atamın adıdır. Qəbələdə dünyaya gəlmişəm, 17 il orada yaşamışam, 6 ili Bakıda, iki il yarım isə Polşada yaşamışam.

— 17 il Qəbələdə yaşamaq o deməkdir ki, orta təhsili Qəbələdə almısınız. Qəbələ təhsili Polşada davam etmək üçün nə qədər imkan yarada bilir?
— Əslində mən Qəbələnin özündə deyil, Tüntül kəndində dünyaya gəlmişəm, orta təhsilimi də orada almışam. O kənddə hələ də külək əsəndə işıqlar sönür. Son bir ilə kimi evlərdə odun sobasından istifadə olunurdu. Çox halda dərsimizi şam işığında oxuyurduq. Ancaq bir fərdin yetişməsi təkcə məktəbdən deyil, ailədən də asılıdır.  Mənim valideynlərimin hər ikisi ali təhsillidir və övladlarının da təhsil almasına maraqlı idilər.
Nəsillər arasında da fərq var. Bizdən sonrakı nəsil bizim kimi fəal bilmədilər. Lakin biz belə çətin şəraitdə də çalışırdıq. Bizim sinfin 95 faizi müxtəlif universitetlərə qəbul olunmuşdu. 
Mən hələ şagird idim, bir gün xəbər çıxdı ki,  bizim məktəbin  bir neçə şagirdi eyni ildə  Dillər Universitetinin Fransız dili fakültəsinə qəbul olunub. Sonra da eşitdik ki, onları xarici ölkələrin universitetlərinə oxumağa yollayıblar. Bu, çox təsiredici oldu. Beləliklə, bizdə də oxumağa həvəs yaranırdı.
Daha sonra mən Bakı Slavyan Universitetinin Filologiya fakultəsinə daxil oldum. Diplom rəhbərimin təkidi ilə, valideynlərimlə danışıqdan sonra mən Polşada təhsil aldım.

— Bəs ictimai aktivlik hansı həvəsdən yarandı?
—18 yaşıma kimi telefondan istifadə etməmişəm. Ancaq texnalogiyalardan da səmərəli istifadə etmək lazımdır. İctimai aktivliyə isə universitetə qəbul olunduqdan sonra başlamışam. Universiteti bitirdikdən sonra bir müddət assistent kimi  Bakı Slavyan Universitetinin Azərbaycan Ədəbiyyatı kafedrasında işlədim. Həmin dövrdə Almaniyanın Humbolt Universitetində M.F.Axundovun yubileyi ilə bağlı tədbir keçirilirdi. Bizim kafedranın müəllimləri də həmin tədbirə dəvət olunmuşdu. Həmin dövrdə onların yazılarını tərcümə eləyirdim...

— Dediniz ki, Polşada təhsil almısınız. Orada qalıb işinizi davam etdirmək istədinizmi heç?
—İki cür mədəni şok var. Biri ölkədən çıxıb digər mühitə düşəndə mədəniyyətlərin toqquşmasını  yaşayırsan. Bir də öz ölkənə geri qayıdanda ikinci mədəni şoku yaşayırsan. İnsan hər dəfə mühitini dəyişəndə stresə düşür.
Ümumiyyətlə, mənim ailəm buradadır. Doğmalarıma ehtiyacım var, tez-tez görmək, bir yerdə olmaq istəyirəm,  amma ölkədən sonuncu çıxışım deyil. Ən  əsası isə mən özümü Polşada tapa bilmədim. Mən orada Nailə Təbriz ola bilmədim. Mən orada yığa biləcəyim bilgiləri yığdım və bura  gətirdim. Məmnuniyyətlə öz ölkəmin rifahı üçün bu bilgiləri istifadə edərəm. Həm də Azərbaycana birdəfəlik gəlməmişəm, Doktorantura pilləsini də xaricdə oxumağı planlayıram. Avropada deyil, artıq Avropa təhsilini görmüşəm. Başqa təhsil sistemlərində də özümü sınamaq  istəyirəm.

— Hal-hazırda nə işlə məşğulsunuz?
— Polşadan Dekabr ayında qayıtmışam.  Ona görə hələ ki, iş təkliflərini dəyərləndirirəm. Artıq bir neçə iş görüşmələrim baş tutub.

— Sizi əsasən hansı sahələr maraqlandırır?
— Hal-hazırda sosialogiya. Düşünürəm ki, sosiologiya bizdə yetərincə inkişaf etməyib. Sosialogiya  cəmiyyəti öyrənən elmdir. Ona hər zaman ehtiyac var. Sosiologiya çox istiqamətli, çoxyönlü və dərin araşdırmalar tələb edir. Araşdırmalar olmadan bu sahəni bu ölkədə yürütmək mümkün deyil. Araşdırma üçün də bəllidir ki, vəsait, mütəxəssis və digər ehtiyacların təminatı  lazımdır. Hal-hazırda bunların heç biri yoxdur. Araşdırma metodlarımız belə yoxdur. İqtisad Universitetində, Bakı Dövlət Universitetində Sosiologiya fakultəsi var. Orada nə öyrədirlər, bilmirəm. Bəzən  sosiologiya ilə əlaqəsi olmayan dərslər keçirlər. İyul ayı ərzində Multikulturalizm Mərkəzi Bakıda və şimal rayonlarında multikulturalizmi təbliğ etdilər. Bu prosesə çox sayda pul xərcləndi, xaricdən— İtaliyadan, Polşadan, Ukraynadan, Rusiyadan, hətta İndoneziyadan tələbələr gətirildi. Slaydlardakı yazıların çoxusu “Wikipedia”dan götürülmüşdü, araşdırma yox idi.
Multikulturalizmin təbliği sonrakı mərhələdir, hal-hazırda biz multikulturalizmin problemlərini həll etməyə çalışmalıyıq. Sonra dünyaya göstərməliyik ki, baxın, bu problemləri həll etdik.  Məsələn, bizdə “qaraçılar” var, onlar əslində romalardır. Bu cür adlandırılma onların acığına gəlir. Təkcə bizdə deyil, bütün dünya ölkələri onları müxtəlif cür adlandırır. Bu onlara xoş deyil. Bu bir problemdir.Məhz, sosioloji problemdir.
 Televiziyaların birində jurnalist bir uşağa məsləhət verir ki, küçə uşaqlarından ehtiyat eləsin. Bəs soruşan yoxdur ki, bu küçə uşaqları kimlərdir? Niyə görə onlar küçələrdədir? Sosiologiya praktikada  inkşaf eləsə bu kimi problemlərin həlli üçün  zəmin yaranar. Bizə mütəxəssislər lazımdır. Mütəxəssis isə bir gündə yetişmir.  Bu problemin həll olunması uzun bir zaman alacaq. Ancaq bir yerdən başlamaq lazımdır.
Qadın-uşaq problemləri, erkən nigah  problemləri  cəmiyyətimizin ən ağrılı, sosiologiayanın çoxsaylı istiqamətlərindəndir.

— Suallarımızdan biri də budur ki, cəmiyyətimizdə qadınların hansı problemləri diqqətinizi daha çox çəkir?
Ən birinci problem  təhsilin zəif olmasıdır, ikinci, qadınlara ictimai dəstəyin az olmasıdır. İşləyən qadınların və yaxud hər hansı bir iş yerində  qadınların azlıq təşkil etməsi də problemdir. Bizim xanımlar öz hüquqlarını ya bilmirlər, ya da çox az bilirlər. Erkən nigahlar bu bilgisizliyin nəticəsidir. Uşaq vaxtından ana olurlar, nə uşaqlıqlarını yaşayırlar, nə də yetkinliklərini. Həyatın, ailənin, uşaq böyütməyin  çətinliklərinə erkən yaşından  başlayırlar. Bu problemlər regionlarda daha qabarıqdır , çünki oralarda təhsil və ictimai fəallıq daha zəifdir.

— Bu çətinliklərin həlli yollarını nədə görürsünüz?
Hər problemin kökü təhsildir. Regionlarda təhsilin gücləndirilməsindən əlavə, həm də maarifləndirmə işi genişlənməlidir, gənclərə uyğun təlimlər keçirilməlidir. Bir də qadınlar özləri fəallaşmalıdırlar. Qadınlar həm  də özlərini inkşaf etdirməyə meyilli olmalıdırlar. Bəzən az yaşdan başı ailə problemlərinə qarışan qadınlar cəmiyyətə çıxmağa utanırlar. Çünki uzun müddət  cəmiyyətə qaynayıb qarışmayıblar, evə qapanıblar. Görünüşləri, davranışları, danışıq tərzləri ilə bağlı kompleks yaşaya bilərlər. Burada psixoloji yardım  lazımdır.
Polşa QHT-lərindən birinin bir  layihəsi vardı, layihənin məqsədi  o idi ki, Gürcüstanın Marneuli rayonu  üçün ayrılmış büdcənin il ərzində hansı sahə üzrə xərclənəcəyini yerli sakinlər özü qərar versin. Bu layihəni yazmaq üçün yerli insanların fikrini bilmək lazım idi. Onların fikrini soruşanda qadınlar elə möhtəşəm düşüncələr, planlar səsləndirdilər ki, heyran qaldıq. Bir nümunə deyim, həmin qadınlar deyirdilər ki, biz evdar qadınlarıq, yığışmağa, məsləhətləşməyə, problemlərimizi müzakirə etməyə  bir yerimiz yoxdur. Filan kitabxana dağılıb, bərpa etmək üçün oturub danışmalı, səfərbər olmalıyıq. Qadınların toplaşıb sosiallaşa bilməsi üçün klublar yaradılmalıdır.  Qadınları danışdırdıqda onlar nə istədiklərini çox yaxşı dilə gətirə bilirlər. Yetər ki, onlardan fikirlərini soruşun.

— Sosioloq olaraq bizim kimi cəmiyyətlərlə işləmək çətindirmi?
— Çətindir, amma baxır cəmiyyətə. Məsələn, araşdırmam üçün İnquşetiyaya gedərkən tək getmədim. Çünki əvvəlcədən araşdırma etmişdim, mənə dedilər ki, çantanı belinə alıb Norveçə, İtaliyaya gedə bilərsən, ancaq Qafqazın başqa mühiti var. Mən ora atamla getdim. Yəni yerli şüurun doğurduğu tələblərə uyğun olaraq. Orada cəmiyyət qadın araşdırmaçı görməyə, onu dinləməyə, suallarına cavab verməyə  hələ hazır deyil. Orada məni bir İnquş jurnalist qarşıladı, ancaq mənimlə salamlaşmadı. Sən demə orada kişi ilə qadın əl ilə görüşməz. İşə yeni başladığım üçün və yerli ənənəyə çox da yaxşı bələd olmadığım üçün bu cür münasibətlərə öyrəşməmişdim. Ona görə jurnalistin hərəkəti  mənə pis təsir elədi. Bir yerdə dükana getməliydim və jurnalist məni ötürməli idi, o öndən yüyrək addımlarla gedirdi, mənsə arxasınca ona yetişməyə çalışırdım. Zənn etdim ki, yəqin harasa tələsir, ancaq sən demə qadınla kişi yan-yana gedə bilməzmiş. Qapıdan birinci özləri keçər, sonra qadınlar. Uzun geyim və baş örtüyü də olmalı idi. Bir sözlə,hər cəmiyyətin özünəməxsus davranışları var və nə qədər çətin olsa da, bunu qəbul etməlisən. Mən də bir müddət onları imitasiya etdim. Haradan gəldiyimi bilirdilər. Bir müddətdən sonra ünsiyyətimiz daha da səmimiləşdi və məni olduğum kimi qəbul edirdilər. Mən də imitasiyanı davam  etmədim.
Kişi müsahiblərim  mənimlə göz kontaktı qurmurdular, atama baxaraq mənim suallarımı cavablandırırdılar. Mən ora tək getsəydim araşdırmam uğursuz olacağını düşünürəm,  məni heç orada qarşılayan da olmayacaqdı. Araşdırmaçı olmağın bu cür çətinlikləri var.

— Bizim sayt vasitəsi ilə demək istədiyiniz bir söz, bir ismarıç varsa, buyurun...
— Birinci valideynlərə müraciət etmək istəyirəm, övladlarınıza daim dəstək olun. Mənim valideynlərim mənə dəstək olmasaydılar mən bu gün başqa yerdə olardım. Ən azı sizə müsahibə verməzdim..
Gənclər də daima öz üzərlərində çalışsınlar. Ən önəmlisi isə xarici dilləri öyrənin və informasiyanı  mənbəyindən alın. Sizə lazım olan bilgini bizim dildə tapmaya bilərsiniz, ancaq beynəlxalq miqyasda işləyən dilləri öyrənsəniz, istədiyiniz bilgiləri əldə edə bilərsiniz. Bu zaman dünyanın qapısı üzünüzə açılacaq. Dünya informasiya üzərində qurulub. Dünya informasiya mübadiləsi aparır. Siz də bu mübadiləyə  qoşulun.

Söhbətləşdi: Lalə Cəbrayıl

21:45