Nadir Qazipur canlı verilişdə sərt danışdı: “Biz Azərbaycanı buraxıb heç yerə köçən deyilik”

 

Güney Azərbaycanın Urmu vilayətinin ölkə parlamentindəki millət vəkili Nadir Qazipur çərşənbə axşamı günü Təbriz vaxtı ilə saat 18:00-da Tehrandakı “1-ci Telekanalı”n canlı verilişində çıxış edərək Güney Azərbaycanla bağlı önəmli məsələlərə toxunub. Millət vəkili öz söhbətində İran mollakratiya rejiminin Urmu Gölünü qurutmaqda məqsədyönlü siyasət yeritdiyinə və əhalini ölkənin mərkəzi şəhərlərinə köçürmək istədiyini birbaşa canlı yayımda ifadə edib.

“Güney Azərbaycan əhalisinin tələblərinə baxılmalıdır. Onsuz da biz heç yerə gedən deyilik. Biz Azərbaycanı tərk edib İranın mərkəzi şəhərləri və səhralığa köçməyəcəyik. Azərbaycana yan baxanın da gözlərini çıxardarıq, bu yolda canımızı fəda edərik. Biz əlimizlə yeri qazıb çörək qazanırıq. Bunu ən qədim zamanlardan bəri sübut etmişik. Azərbaycan əhalisi tarix boyu başıuca yaşayıb”- deyə o söhbətinin bir hissəsində bildirib.

Nadir Qazipur İran dövlətinin Güney Azərbaycana qarşı müxtəlif sahələrdə ayrı-seçkilik siyasət yeritdiyini belə izah edib: “Tehran rejimini idarə edən dövlət elə insanlardan ibarətdir ki, onların Azərbaycana heç bir sevgisi yoxdur. Hazırda Güney Azərbaycanda zavodların hətta 1 faizi belə dövlətin deyil. Statistik məlumata görə, bütün İranın 4.1 faiz əhalisi Güney Azərbaycanın Urmu vilayətində yaşayır. Lakin ümumi büdcənin 0.007 faizi bu əyalətə çatır. Bu o deməkdir ki, bizim 42 tümən haqqımızdan sadəcə 1 tüməni ödənilir, qalan 41 tümən isə paytaxtda oturanlar tərəfindən mənimsənilir. Hökumətə məsul olanlar Güney Azərbaycanın Urmu vilayətinin iqtisadi fəaliyyətə imkan vermirlər. Dövlət hətta əyalətdə zavod təsis etmək üçün sərmayəsi olan şəxslərə belə lisenziya vermir. Urmu Gölü məsələsi ilə bağlı hər şey aydındır. Bu barədə nazirlər səviyyəsində çox ciddi iclaslar keçirildi. Araz çayından Urmu Gölünə su intiqal etməklə bağlı qərar verildi, lakin sonra icra olunmadı. Zərinərud çayının (Cığatay çayı) suyundan Təbrizə bir boru kəməri inşa edildi, sonra ikinci kəməri də tikmək istədilər, lakin icazə vermədik. Dövlət hətta Güney Azərbaycan vilayətləri və Kürdistan əyalətləri arasında belə ayrı-seçkilik edir”- deyə millət vəkili söhbətinin digər hissəsində qeyd edib.

Nadir Qazipur həmçinin əlavə edib ki, “ötən illərdə Urmu Gölünün qurtarılması uğrunda çalışdığı üçün səlahiyyəti rədd edilərək parlament seçkilərinə namizədliyi qeydə alınmayıb”.

Xudaferin.eu
Güney Azərbaycan, “Urmu Bürosu”

 

10:01