Müştəri azalır, ixtisar gedir, filiallar bağlanır: bank sektoru aqoniyada

Azərbaycanda bank müştərilərinin ümumi sayı aylıq müqayisədə 204 782 nəfər və ya 3,7% azalaraq 2016-cı il noyabrın 1-nə 5 310 232 nəfər təşkil edib. Hesabata əsasən, müştərilərin sayı ilin əvvəlindən 406 153 nəfər və ya 7,1%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 334 602 nəfər və ya 5,9% azalıb. Müştərilərin sayı indiki həddə yaxın 2015-ci ilin mayında olub. Belə ki, ötən ilin iyunun 1-nə müştərilərin sayı 5 348 165 nəfər, mayın 1-nə 5 273 663 nəfər təşkil edib. Cari il noyabrın 1-nə bank müştərilərinin 5 241 312 nəfərini və ya 98,7%-ni fiziki şəxslər, o cümlədən 169 577 nəfərini sahibkarlıqla məşğul olanlar, 1,3%-ni hüququ şəxslər əhatə edib. Bu statistika bank sektorundakı acınacaqlı mənzərənin isbatıdır. Ölkədə maliyyə sisteminin pozulması və böhran bankları diz çökdürüb. 11 bankın bağlanması ilə müşayiət olunan proses daha bir neçə bankın lisenziyasının ləğv olunacağı ehtimalını yaradıb. Banklarda müştərilər azalır, ixtisarlar gedir, filiallar bağlanır.

Banklar zaman-zaman müştərilərə xarici valyutada verdikləri kreditlərin əsirinə çevriliblər. Bu gün müştərilərə verilən 18,7 milyard manat kreditlərin 9,0 milyard manatı və ya 48,2%-i xarici valyutadadır. Banklarda 22,5 milyard manat əmanət var ki, bunun da 81%-i, yəni 18,2 milyard manatı xarici valyutada cəlb edilmiş əmanətlərdir. Bankların cəlb etdikləri əmanət və verdikləri kredit portfelində xarici valyutada olan əmanətlərin və kreditlərin xüsusi çəkisi 66% və ya onun 2/3-si qədərdir. Bu durum kifayət qədər ciddidir və problemin kökü ilk növbədə xarici valyutada verilən kreditlərin qaytarılmasına söykənib ki, bu sahədə də vəziyyət getdikcə ağırlaşır.
Ölkənin bank sektoru ciddi təhlükələrlə üz-üzədir. Bir sıra bankların öz filiallarını bağlamağa qərar verdiyi bildirilir. Səbəb filiallarla daha çox kreditlərlə bağlı xidmətin göstərilməsi, bunun isə indi məhdudlaşdırılmasıdır. Kreditlərlə bağlı son dəyişiklikdən sonra isə vətəndaşların bu filiallara müraciətləri azalıb. Bu isə öz növbəsində bankların gəlirlərinin azalmasına səbəb olub. Artıq həmin filialların saxlanması bank üçün əlavə xərcə çevrilib. Nəticədə banklar öz fəaliyyətində struktur dəyişikliyi həyata keçirməyə başlayıblar. İqtisadçılar hesab edir ki, banklar öz xərclərinə qənaət etmək məqsədilə öz filiallarının sayını azaltmaqla yanaşı, həm də öz işçilərinin bir hissəsini ixtisar edəcək.

Politika.Az

09:08