Münxen Təhlükəsizlik Konfransı - Azərbaycan diplomatiyasının növbəti zirvəsi

Dünyanın siyasi və iqtisadi elitasının 800 nəfərdən çox təmsilçisinin dəvət olunduğu 59-cu Münxen Təhlükəsizlik Konfransı bu dəfə də Azərbaycan üçün uğurlu oldu. Konfransda iştirak edən Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti, ATƏT-in Baş katibi, Avropa İnvestisiya Bankının prezidenti, İsrail Dövlətinin müdafiə naziri və digər rəsmi şəxslərlə görüşlər keçirməsi, eləcə də “Boru arzuları: Gələcəyə uyğun enerji təhlükəsizliyi” mövzusunda dəyirmi masada və "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasda çıxışlar etməsi növbəti dəfə dünyanın ölkəmizə olan marağını və Prezident İlham Əliyevin dünya siyasətindəki yüksək nüfuzunu təsdiq etmiş oldu. Bütövlükdə, Konfransın gündəliyini və gedişatını təhlil etdikdə bir daha əmin oluruq ki, Münxen Təhlükəsizlik Konfransı Azərbaycan diplomatiyasının növbəti zirvəsi oldu.
Bunu Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov AZƏRTAC-a açıqlamasında söyləyib.
Münxen Təhlükəsizlik Konfransında Azərbaycanın qlobal enerji siyasətindəki yeri və rolu barədə növbəti dəfə danışıldığını vurğulayan Ramil Vəlibəyov deyib: “Azərbaycanın son bir il ərzində Avropanın enerji təhlükəsizliyi üçün atdığı addımlar bir daha təqdir edilib. Cənubi Qaz Dəhlizi, TANAP, TAP layihələri, eləcə də interkonnektorlar, Balkan ölkələrinin enerji təhlükəsizliyinə verilən töhfələr, həmçinin bərpaolunan enerji sahəsində Azərbaycanın təşəbbüsləri alqışlanıb və yüksək dəyərləndirilib. Artıq reallıq ondan ibarətdir ki, Azərbaycan Avropa qitəsi üçün “xilas mənbəyi”nə, daha doğrusu “təhlükəsizlik kəməri”nə çevrilib. Münxen Təhlükəsizlik Konfransında ən böyük diqqət cəlb edən müzakirələrdən biri də heç şübhəsiz ki, Azərbaycan-Ermənistan münasibətlərinə dair idi. Hələ üç il əvvəl “Kokeyşn büro” ilə yadda qalan Paşinyanın bu dəfə də beynəlxalq ictimaiyyəti güldürəcək fikirləri ilə gündəmə gələcəyi gözlənilirdi”.
Ramil Vəlibəyov bildirib ki, Prezident İlham Əliyev bu dəfə də ölkəmizin mövqeyini qətiyyətli şəkildə müdafiə edib, milli maraqlardan irəli gələn fikirlərini səsləndirib. Bir daha bütün dünya Laçın-Xankəndi yolunda blokada olmadığını başa düşüb, Ermənistanla olan münasibətlərin normallaşdırılması üçün Azərbaycanın ədalətli mövqeyini eşidib. Bir sözlə, Münxen Təhlükəsizlik Konfransı bütün istiqamətlərdə Azərbaycan üçün əhəmiyyətli olub və perspektiv addımların atılması üçün əlverişli istinada çevrilib

Xudaferin.eu

21:11