Müəllimlərdən nazirə şok mesaj: iki başçının adamı Gəncədə “qan uddurur”

Müəllimlərdən nazirə şok mesaj: iki başçının adamı Gəncədə “qan uddurur”“Bu gün ölkənin təhsil sistemində çalışan bəzi məmurlar sadəcə, dövlətimizin təhsil strategiyasının ziddinə gedə bilmədikləri üçün üzdə bu islahatları dəstəkləyir, əslində isə onları iflasa uğratmaq üçün var qüvvələri ilə çalışırlar”.

Bu sözləri Politika.Az-a göndərdiyi məktubda Gəncənin 10 saylı orta məktəbin bir qrup müəllimi yazıb. Onlar təhsil naziri Mikayıl Cabbarova müraciətdə qeyd edib ki, 10 saylı məktəbin direktoru Əliyeva Arzu Şirin qızının qanunsuz əməlləri hamını bezdirib. “Samux (indi İmişli -red) rayon sabiq icra başçısı Vilyam Hacıyev tərəfindən Navağalı qəsəbə məktəbinin direktoru vəzifəsindən, eyni zamanda məntəqə sədrliyindən biabırçı şəkildə qovulan Əliyeva Arzu Şirin qızı bu yaxınlarda Gəncə 10 saylı orta məktəbə direktor təyin olundu. Direktor təyin olunan gündən Arzu Əliyeva kollektivdə öz kobud hərəkətləri və davranışı ilə fərqlənməyə başladı. Ərinin, yəni el arasında Qəzi adı ilə məşhur olan həyat yoldaşının Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə yaxın olmasından tez-tez istifadə edərək heç kimdən qorxmadığını bildirir. Deyir ki, gedin kimə istəyirsiniz şikayət edin. Bu adam qadın olmağına baxmayaraq dərsə girib hətta anası və atası yaşında olan müəllimlərə belə şagirdlərin gözü qarşısında qışqırır, ədəbsiz sözlər işlədir. Belə hərəkət heç bir pedaqoji etikaya sığmır. Üstəlik, məktəbdə rüşvət ayaq tutub yeriyir”.
Məktubda deyilir ki, məktəbəqədər hazırlıq qruplarında dərs demək üçün məktəbin iki laborantından hərəsindən 5000 manat alaraq həmin qrupları onlara verib: “Həmin işçilər qanunsuz hazırlıq qruplarında dərs aparırlar. Əmək haqqı isə məktəbin Aybəniz və Sona adlı müəllimlərinin adına yazılır və həmin pullar Arzu Əliyevaya çatır. Arzu Əliyeva məktəbə gəldiyi gündən məktəbin təsərrüfat işləri üzrə direktor müavini Vahid adlı şəxsi heç bir səbəb olmadan işdən çıxarıb. Onun əvəzinə 6000 manat müqabilində Kazımov Arzu adlı şəxsi işə qəbul edib. Bufetdə şagirdlərə xidmət göstərən xadimə Təranə adlı şəxs ümumiyyətlə, işə gəlmir. Lakin onun maaş kartı direktor Arzu Əliyevadadır. Məktəbdə dalandar vəzifəsinə isə adı məlum olmayan bir şəxsi təyin edib. Bu şəxs ümumiyyətlə, işə gəlmir. Buna baxmayaraq onun da da maaş kartı Arzu Əliyevadadır. Binanın mühafizəsində növbətçi statında 2 nəfər işçi vardır,lakin bu şəxslər də heç vaxt işə gəlmirlər. Ona görə də həmin vəzifə Elman adlı kənar bir şəxs tərəfindən icra edilir ,həmin işçilərin maaş kartı isə direktor Arzu Əliyevadadır”.
Məktubda deyilirki, Arzu Əliyeva məktəbin hər bir yerinə kamera qoydurub, məktəbə həftələrlə gəlmir skayp vasitəsilə idarə edir: “Arzu Əliyevanın həyat yoldaşı isə Samux rayonu İcra Hakimiyyətində İcra başçısının təsərrüfat məsələləri üzrə müavini işləyir. Elmar Vəliyevin Qəzi adlı şəxslə yaxın olması ucbatından Arzu Əliyeva qol-qanad açıb. Arzu Əliyeva əvvəllər müqavilə əsasında təhsil idarəsində inspektor işləsə də dövlət qulluğu imtahanından keçməməsinə baxmayaraq naməlum səbəblərdən direktor vəzifəsinə təyin olunub. Müəllimələrlə söhbətində Arzu xanım gün ərzində dəfələrlə Sizinlə, yəni Təhsil Naziri Mikayıl Cabbarovla bir neçə dəfə telefonla danışdığını bildirir və hamını hədələyir. Xahiş edirik ki, bu özbaşınalıqların, heç bir pedaqoji etikaya sığmayan hərəkətlərin qarşısını almaqda bizə köməklik göstərəsiniz”.

Politika.Az

12:38