Müharibədə itkin düşmüş babalarımızı necə və harada axtaraq...

II Dünya müharibəsində həlak olmuş və itkin düşmüş şəxslərlə bağlı elektron məlumat bazası mövcuddur

II Dünya müharibəsinin başa çatmasından 74 il ötür. Bu gün də həmin dəhşətli günlərin xatirələri, itkinlərin nisgilləri qəlblərdə yaşayır. II Dünya müharibəsində itkin düşənlərin həyat hekayələri yaddaşlarda yaşayır, onlar haqda ən kiçik xəbər belə böyük ümidin işıltısı kimi görünür. “Bəlkə sağdır”, “bəlkə haradasa, uzaq bir ölkədə özü də olmasa təsəlli ola biləcək yadigarı var” kimi suallar düşüncələrdə dolaşır. Böyük Vətən Müharibəsinə Azərbaycandan 640 min nəfər qatılıb. Onların yarısı geri qayıtmayıb. Bu gün də vaxtilə SSR-yə daxil olan respublikalardan II Dünya müharibəsində itkin düşənlərlə   bağlı xəbərlər gəlməkdədir. Azərbaycandan səfərbər olunaraq düşmənlə döyüşlərə göndərilən, lakin öldü-qaldısı bilinməyən insanlar əksər ailələrdə var.

Sorğu zamanı məlum oldu ki, kollektivimizdə də bəşəriyyət tarixinin ən qanlı müharibəsinə yollanmış və itkin düşmüş Yardımlı rayonu, Bilnə kənd sakini Mirzalı İmanovun, Tovuzun Vahidli kəndinin sakin Mahal Cəfərqulu oğlu Abdullayevin, Goranboy sakini Pənah Əlirza oğlu Həsənovun, Bakının Balaxanı qəsəbəsindən Məlik Ağahüseyn oğlu Fərəcullayevin, Sabirabaddan Ağamusa Rəcəbovun yaxınları çalışır.

Bəs itkin babalarımızı necə axtaraq?

Rusiya Federasiyası Müdafiə Nazirliyi 2012-ci ildə II Dünya müharibəsində həlak olmuş və itkin düşmüş şəxslər barəsində arxiv məlumatlarından ibarət İnformasiya Məlumat Bankı - Elektron Arxiv yaradıb.

www.obd-memorial.ruwww.obd-memorial.ru

ünvanında olan internet resursu SSRİ Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin rəsmi sənədləri və məlumatları əsasında hazırlanıb. Layihənin əsas məqsədi milyonlarla keçmiş sovet vətəndaşına müharibə zamanı həlak olmuş qohumlarının taleyindən xəbər almaq imkanı yaratmaqdır. Rusiya Silahlı Qüvvələrinin Hərbi-Memorial Mərkəzi tərəfindən yaradılan informasiya axtarış sistemi daima yenilənir. Sayta yerləşdirilən məlumatların əsas hissəsini hərbi hissələrdən itkinlərlə bağlı daxil olmuş hərbi sənədlər, itkiləri dəqiqləşdirən (dəfnlər, hospitallar və tibb batalyonları tərəfindən tərtib edilmiş sənədlər, sovet əsirlərinin qənimət götürülmüş kartoçkaları) arxiv sənədləri və sovet zabit və əsgərlərinin mühafizə edilmiş pasportları təşkil edir. Saytdan həlak olan əsgərlərin rütbəsi, qulluq etdiyi hərbi hissə, ölümünün səbəbi (öldürülüb, aldığı yaradan ölüb, itkin düşüb) və dəfn edildiyi yer barədə informasiyalar əldə etmək olur. Bundan başqa, saytda şəxslər barədə birinci mənbədən əldə edilmiş bütün ilkin sənədlər yerləşdirilib. Layihə çərçivəsində sayta 17 milyon arxiv səhifəsi və 30 min hərbi dəfnlə bağlı pasport məlumatları yüklənib.

Məsələn, saytda Goranboy sakini, 1941-ci ildə müharibəyə getmiş 1905-ci il təvəllüdlü Pənah Əlirza oğlu Həsənovla bağlı məlumatlar yerləşdirilib. Həmin məlumatlarda Pənah Həsənovun 1942-ci ilin fevralında itkin düşdüyü göstərilir. Amma xidmət etdiyi hərbi hissə, harada itkin düşməsi haqda məlumatlar dəqiqləşdirilməyib.

Saytda itkinlərin yaxınlarının müraciətləri üçün də imkanlar var. Həmin imkanlardan istifadə etməklə məlumatların dəqiqləşdirilməsi də mümkündür. İstənilən istifadəçi həmin resursun imkanlarından istifadə etməklə II Dünya müharibəsində itkin düşmüş qohumları və babaları barədə real sənədlərlə tanış ola bilər. Məlumatlar periodik olaraq sayta əlavə edilir. 1998-ci ildə Rusiya Hərbi Qüvvələrinin Baş qərargahının arxiv materialları əsasında II Dünya müharibəsi zamanı SSRİ-nin itkiləri hesablanıb. 4 illik müharibədə sovet ordusunun 10 milyon 700 min əsgəri həlak olub. Azərbaycan xalqı II Dünya müharibəsində həm döyüş meydanlarında, həm də arxa cəbhədə əsl şücaət göstərib. 1941-1945-ci illərdə Azərbaycandan sovet ordusu sıralarına 640 min nəfər səfərbər edilərək cəbhəyə göndərilib. Onların 300 mindən çoxu geri qayıtmayıb. Ötən illərdə müharibə getmiş ölkələrdə həlak olmuş azərbaycanlı oğullardan bəzilərinin qəbirləri də tapılıb. II Dünya müharibəsində Moldova Respublikası ərazində həlak olmuş və itkin düşmüş sayılan 206 nəfər azərbaycanlı döyüşçünün dəfn olunduğu yer aşkarlanıb. Bundan başqa, Slovakiya ərazisində həlak olmuş, aldığı yaralardan dünyasını dəyişmiş və burada dəfn edilmiş 63 min 382 sovet hərbçisi arasında 281 azərbaycanlının olduğu müəyyənləşmişdi. II Dünya müharibəsində itkin düşmüş və həlak olmuş azərbaycanlılarla bağlı Respublika Veteranlar Təşkilatı çoxcildlik hazırlayıb. Kitabın 20-yə yaxın cildi işıq üzü görüb. Kitabda yer alan məlumatların elektron versiyası da hazırlanacaq.

xudaferin.eu

11:44