Müharibə veteranları naziri məhkəməyə verəcək

1992-ci il dekabrın 3-də Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 46-cı sessiyasının qəbul etdiyi prinsiplərə uyğun olaraq müharibə, əmək, silahlı qüvvələr, daxili işlər, sərhəd xidməti və milli təhlükəsizlik orqanları veteranlarının statusunu, veteranlar barəsində Azərbaycan Respublikası dövlət siyasətinin əsaslarını təsbit edən “Veteranlar haqqında” qanun qəbul edilib. Qanun veteranlara verilən güzəştlərin şamil edildiyi şəxslərin dairəsini, habelə veteran təşkilatlarının fəaliyyət sahəsini tənzimləyir, veteranların öz fiziki imkanlarından asılı olaraq cəmiyyət həyatının bütün sahələrində fəal iştirak etməsi üçün təminatları müəyyənləşdirirdi. Dəfələrlə Milli Məclisdə "Veteranlar haqqında" qanuna əlavə və dəyişikliklər müzakirəyə çıxarılıb. Müharibə veteranlarına, Milli Qəhrəmanlara və Dağlıq Qarabağ müharibəsi veteranlarına edilən güzəştlərin qat-qat fərqli olduğu barədə fikir ayrılıqları yaranıb. Bəzi deputatlar Əfqanıstan müharibəsi veteranlarına da eyni səviyyədə güzəştlər tətbiq edilməli olduğunu bildirsə də, bəziləri bunun əleyhinə çıxışlar səsləndirib. 

Hərbi ekspert Üzeyir Cəfərli bildirib ki, Qarabağ müharibəsi veteranlarına və əlillərinə dövlət tərəfindən qanunla müəyyən güzəştlər nəzərdə tutulub: “Tərəfdarıyam ki, həmin güzəştlərin dairəsi genişləndirilsin. Əgər 41-45-ci illərin Böyük Vətən Müharibəsi iştirakçılarına ölkədə yüksək səviyyədə diqqət və qayğı göstərilirsə, niyə öz torpaqları uğurunda canını, sağlamlığını vermiş insanlara dövlət ən yüksək diqqəti, qayğını göstərməsin?! Son vaxtlar onların bir qrupu həm ölkə daxili, həm də ölkədən xaric sanatoriyalara, müalicə müəssisələrinə göndərilir. Amma razılaşaq ki, bu gün xeyli veteranlarımız problemlər içində qovrulur. Sözsüz ki, fərqləndirilməlidir. Çünki əlillər bədən hansısa bir hissəsini itirmiş şəxslərdir. Doğrudur, veteranların bədən üzvləri yerində olsa da, bəzən psixoloji sarsıntıları olur, sonradan çətinliklərlə üzləşir.  Veteranların maddi və mənəvi çətinliklərinin yola qoyulmasında heç olmasa, dövlət onları pulsuz reabilitasiya mərkəzlərində müayinədən keçirməlidir”. Azərbaycanda xeyli sayda fəaliyyət göstərən özəl tibb müəssisələrinə diqqət çəkən ekspert qeyd edib ki, müharibə əlilləri və veteranlarını müayinə etmək onların da borcudur: “Müharibə veteranları və əlilləri əlində silah ermənilərlə döyüşərkən fərq qoymayıb ki, bu dövlət adamıdır, ya sahibkardır və yaxud da mülkü vətəndaşdır. Onun üçün vətən anlayışı hər şeydən üstün olub. Bu nöqteyi-nəzərdən özəl tibb müəssisələri davamlı olmasa da, mütəmadi müharibə əlilləri, veteranları və şəhid ailələri üçün müəyyən kampaniyalar keçirməlidir”.
Üzeyir Cəfərli yaxın vaxtlarda Qarabağ müharibəsi veteranları ilə birgə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovu məhkəməyə verməyi düşündüklərini də deyib: “Səlim Müslümov Dövlət Sosial Müdafiə Fondunun sədri olarkən 2012-ci il mayın 1-də özbaşına olaraq minlərlə Qarabağ müharibəsi veteranlarının 11 manat müavinətini kəsdi. Biz bu məsələni Ali Məhkəmə səviyyəsinə qədər çıxartdıq. İnzibati İqtisad Kollegiyasının qərarı belə oldu ki, Səlim Müslümovun qərarı qeyri-qanunidir. Bu kateqoriyadan olan müharibə veteranlarına 11 manat müavinət ödənməlidir. Beş ilə yaxınlaşır, amma Səlim Müslümov ölkə qanunlarına hörmətsiz yanaşır. Bu adam televiziya kanallarına bərli-bəzəkli kostyumlarda çıxıb çox gözəl sözlər danışır. Amma bu şəxs Azərbaycanın müharibə veteranlarına hörmət qoymur. Dəfələrlə onun qəbulunda olub ərizələr təqdim etmişik ki, heç olmasa başa düşsün ki, Qarabağ müharibəsi veteranları sıradan adamlar deyil. Amma bu günə qədər də Səlim Müslümovun özbaşınalığı öz hüquqi qiymətini tapmayıb. Qarabağ müharibəsi veteranları ilə birgə bu yaxınlarda Səlim Müslümovun məsuliyyətə cəlb olunması məsələsini ictimailəşdirəcəyik. Faktiki olaraq bu şəxs özündən həddən artıq razılıq nümayiş etdirir. Qarabağ müharibəsi veteranları ilə bağlı bəzən pafoslu çıxışlar edirlər. Amma pafoslu sözlərlə reallıq arasında çox böyük fərq var”.

Yeganə Oqtayqız
Cebhe.info

11:20