"Müasir ermənilər etnik tərkibinə görə qarışıq xalqdır" - Türkoloq alim...
"Rusiya Avropadan 600 il balacadır, Qərbdə olan tarixi təcrübə onda yoxdur"
Məşhur türkoloq alim Lev Qumilyovla hələ 1989-cu ilin martında “Molodyoj Yakutii” qəzetində dərc olunmuş müsahibə bu günlərdə “Vestnik Kavkaza” nəşrində yer alıb.
Moderator.az müsahibənin 28 il əvvəl dərc olunmasına baxmayaraq günümüzlə, tariximizlə səsləşdiyini nəzərə alıb tərcüməsini dəyərli oxucularımızın diqqətinə çatdırır. Müsahibəni o vaxtlar Leninqrad universitetinin tələbəsi olan, böyük yakut şairi-filosofu Avqust Muran götürüb.
Müsahibənin 1-ci hissəsini bu linkdən oxumaq olar
Lev Qumilyovun müsahibəsinin ikinci hissəsini təqdim edir:
- Hər hansı bir xalqa münasibətdə “ vəhşilər” sözünü işlətmək mümkünmü?
- Hər bir xalqın insan kimi öz yaşı var. Xalqların əlavə enerjisi mövcud deyil. Xalqlar doğulurlar və enerjilərini itirməyə başlayırlar. İnsan müxtəlif mərhələləri yaşayır: gənclik, yetkinlik, qocalıq. Cavanlıqda insan daha düşüncəsiz olur və özünü vəhşi kimi aparır. Sonra tədricən müdriklik, səbirlik gəlir. Xalqlarla da belədir. Gənc xalqlar özünü bir cür, kamil insan başqa cür apara bilər.Romaya hücum edən germanlar cavan xalq idi, romalıların isə artıq nəsli kəsilirdi. Hərəsi özünü bir cür aparırdı. Avropa təkamül nəzəriyyəsi hesab edir ki, bütün xalqlar “tükənmiş” idilər, sonra ayaq üstə qalxdılar. Əksinə! Əvvəllər onlar inkişaf etmişdilər, sonra öz mədəniyyətlərini xərclədilər. Onlar vəhşi deyil, öz enerjilərini, mədəniyyətini sərf edən adamlardır. Onlar sadəcə qocadırlar, amma nə vaxtsa onlar gənc olublar axı! Neçə yaşınız var?
- 23 yaşım var, nədir ki?
- Mənimsə 77 yaşım var. Siz yeriyir, yüyürsünüz, mənimsə ayaqlarım tutulub. Siz gəncsiz, mən qoca. Cavan və qoca xalqlar da belədir. Avrosentristlərin nəzəriyyəsinə görə Avstraliyanın aborigenləri-vəhşilərdir. Əslində isə sadəcə Yerin ən qədim xalqlarından biridir. Bu, bir zamanlar yaşamış, mədəniyyətini sərf etmiş, güclü, sivil xalqın qalıqlarıdır. Bir zamanlar Avstraliya aborigenləri də gənc olub, axı onlar nə vaxtsa coşğun, böyük Hind okeanını keçib Avstraliya materikini məskunlaşdırıblar. Sonra isə, qocalaraq mədəniyyətlərini tükətdilər və məhv oldular.
- Müasir yakutlar da tükənə bilərlərmi?
- Yakutlar bizim eranın IV-V əsrlərdə yaranıblar. Etnosun yaşam davamlığı orta hesabla yuxarı-aşağı 1200 ildir. Onlar rus xalqından 1000 il böyükdür, bu isə xeyli çoxdur. Onlar gənc olsaydılar XVII əsrdə rus yadellilərin basqınını dəf edə bilərdilər, onlar isə bunu edə bilmədilər.
- Bəs, ermənilər? Onların 5000 yaxın yaşı var.
- Müasir ermənilər – mədəniyyətə görə ermənidirlər, etnik tərkibinə görə onlar qarışıq xalqdır. Orda ərəblər, səlcuqlar, osmanlılar, farslar, romalılar, yunanlar, ruslar var. Müharibələr olub, əsgərlər qadınları zorlayıb. Bu kütləvi şəkildə olub. Nədənsə bu barədə danışmaq ayıb sayılır. Nəticədə isə ermənilərin etnik tamamlanmasının tam dəyişikliyi baş verib. Ona görə də onlar hələ mövcuddur, amma müasir ermənilər, yəhudilər,koreyalılar- bunlar etnik baxımdan artıq başqa xalqlardır, bununla belə mədəni ənənələri qalıb. Sonuncu passionar təkan XIX əsrdə Yaponiyadan, Koreyadan, Çənubi Çindən, Birmadan keçib və Cənubi Afrikaya çatıb. 100 ildən sonra bu xalqlar çox enerjili olublar. Passionarlıq- mutasiya( dəyişiklik) zamanı, yaxın kosmosdan sərt şüalanma zamanı yaranan əlamətdir. Tarix isə yalnız müharibələri, xalqların yerdəyişməsini,adətlərini, mədəniyyətin yüksəlişini təsbit edir ki, bu da heç nə yox, məhz passionar təkanlardır. Böyük tarixi materialların analizi göstərir ki, bu təkanlar cəmiyyətdə kəskin şəkildə şöhrətpərəstlik iddiaları yüksələn bir qrup passionar insanların meydana gəlməsi ilə əlaqəlidir. Onlar böyük xalq kütlələrini “elektrikləndirə” bilirlər və o zaman möcüzə baş verir. Roma imperiyası, ərəb xilafəti, osmanlı dövləti, Rusiya imperiyası belə yaranıb.
Əgər bu qlobal miqyasda izah olunsa , dediyim kimi, biokimyəvi enerjinin yüksəlməsi baş verir ki, bu barədə Vernadski Yerin biosferasında yazıb. Burda artıq Darvinin təkamül nəzəriyyəsi işləmir. Burda mutagenezin müasir nəzəriyyəsi işləyir. Yer ətrafında 6 müdafiə səthi var, bəzən Günəşin şüaları onları yarıb keçir və Yerə çatır. Bu da insanlara , etnoslara təsir edir. Amma, cəmiyyətin sosial həyat sferasında, artıq Marksın formasiyaların dəyişmə qanunu keçərlidir. Amma, insan sadəcə doğulmur, sosial obyekt olur. Onun doğulması, gəlişi, etnogenez- bu artıq bioloji yaranmadır. Nəticədə etnosun enerjisinin dissipasiyası, ( enerjinin bir şəkildən başqa şəklə keçməsi) yayınması başlayır. Mən buna genetikanın bölünməsi kimi baxmışam, belçikalı biofizik, Nobel mükafatı laureatı İlya Priqojin isə molekulyar səviyyədə yanaşıb. Əgər etnosun hərəkət formasından danışsaq, Avropada hesab edilən kimi bu proqres deyil, tərəddüdlü hərəkətdir, simlərin titrəyişinin yavaşladığı kimi.
- Müasir yakutlar haqqında daha nə deyə bilərsiniz?
- Müasir yakutlar –qarışıqdırlar. Mədəniyyətə görə-yakut-kurıkanlardır. Genetik, etnik tamamlamaya görə başqadırlar. Bu təbii prosesdir. Burda həm də başqa etnopsixologiya var( milli xarakter)
- Yakut xarakteri nədir?
- Xarakter etnogenez fazasından asılıdır. O dəyişir. Gənc xalqlar enerjili , köhnələr inert olur. Yeni qan köhnə etnosları gəncləşdirir. Arvadımın qardaşı qızı Marqarita İvanovna Novqorodovanın yarısı yakutdur. O geoloji elmlər doktorudur, aparıcı mütəxəssisdir, Moskvada yaşayır. O çox fəal, enerjili, passionar adamdır. Xalqların böyük yerdəyişməsi –passionarlığın nəticəsidir. Mən bilirəm ki, xeyli adamlar Yakutiyaya almaz və qızıl toplamağa gəliblər. Bu,rus xalqının heç də yaxşı olmayan nümayəndələridir. Bu cür mühacirliksə passionar tənəzzülün nəticəsidir.
- Xalqlar arasında sevgi və düşmənçilik necə yaranır?
- Biosahənin ritmləri simfoniya verir( “sevir”) və ya kakafoniya-səs-küy ( sevmir). Pişiklər və itlər də müxtəlif adamlara müxtəlif cür yanaşırlar. Bu xüsusiyyət komplimentarlıq adlanır. Nə vaxtsa tunquslar da yakutları sevməyiblər, onlar ruslara üstünlük verdilər və XVII əsrdə onları Yakutiyaya gətirdilər. O ruslarla yakutlar ümumi dil tapdılar. Və o gələn ruslar da yakutlar oldular.
- Onlara yakutca “basınay”deyirlər, başqa gəlmə rusları isə “nyyçça” adlandırırlar.
- Bax görürsünüz, bu mənim ideyalarımdan gəlir: o ruslarla yakutlar ümumi dil tapdılar, o biri ruslar özü yakutlar oldular. Təzə gələn ruslar isə, öz landşaftlarından qopdular, onlar başqa antropogen landşaftda yaşayırlar, bu onların psixikasına, biosahəsinə təsir edir, ona görə də onlar şüuraltı aqressiv olurlar, psixoloji pozğunluğa meyilli olurlar.
- Lev Nikolayeviç, bizim əsrin 80-ci illərinin birinci yarısında Rusiyada antiasiya əhval-ruhiyəsi çox güclü idi. Onun yaranmasının səbəb nə idi? Kimə sərf edirdi bunlar?
- Birincisi, bu sadə xalqın nadanlığı ilə bağlıdır, çünki rusların özünün də yarısının asiyalı olduğunu bilmirlər.Tarixlə indi maraqlanmırlar, olanda da, çox birtərəfli. Hələ onu demirəm ki, onu-tarixi necə tədris edirlər.
İkincisi, bu Çivilixin, Eydelman, İlya Qlazunov kimi adamların birbaşa təşviqinin nəticəsidir.
- Əvvəllər Rusiya rasizmin nə olduğunu bilməzdi. Başqa cür burda XIX əsrdə slavyanofillər və avrasiyaçılar yaşamazdı. Bu isə bu yaxınlarda -əsrin əvvəlində olub.
- Mən avrasiyaçıyam! 20 il məni çap etmədilər. Durğunluq illərində bir kitabım belə çıxmadı. Axırıncı, “Hunnlar Çində” 1973-cü ildə çıxdı. “Rus və Böyük çöl” indi çıxır. Cəmiyyətin sağlamlaşması başlanır.
- Nə vaxtsa Yakutiyada olmusunuz?
- Uzağa Şərqə tərəf getmək alınmayıb. Amma, Okladnikov məni arxeloji ekspedissiyaya götürüb.
- Bəs, müasir yakut alimlərindən kimi tanıyırsınız?
- Ksenofontovdan başqa heç kimi tanımıram.
- Yakutiyanın Çinlə qədim əlaqələri barədə nə deyə bilərsiniz?
-Türk xaqanlığının dövründə kurıkanlar xüsusi mövqeyə malik idilər. Onlar haqqında monqol və çin salnamələrində və məşhur “Yuan Çao Bi-şi”də danışılır. Çingiz xanın dövründə kurıkanlar artıq Lenaya tərəf getdilər. Yakut-kurıkanların Çində dəfələrlə səfirliyi olub. Bu mübahisəsizdir.
- Yakut kurqanlarında Çin mənşəli xeyli predmetlər, bəzək əşyaları, qablar, silah tapılıb. Və qədim çinlilərin yazdığı kimi, ağ yakut atları Çin imperatorlarına hədiyyə göndərilirmiş. Bir neçə Çin imperatorlarının arvadı kurıkanlar olub. Lev Nikolayeviç, biz indi milli özünüdərkin görünməyən yüksəlişini yaşayırıq. Bu, bizim çoxmillətli federal dövlətimizə necə təsir edəcək?
- İndi SSRİ-də ( bir daha xatırladaq ki, müsahibə 1989-cu ildə götürülüb) yeni passionar təkanadək passionarlığını itirən xalqlar yaşayırlar. Yakutiya Rusiyaya könüllü birləşməyib. Amma, birgə keçilmiş yolun müsbət nəticələrini də inkar etmək olmaz. Əgər Yakutiya müstəqillik alarsa, öz nazirliklərini, idarələrini yaratmalı olacaq. Bu qədər məmur yartmağa dəyərmi? Sadəcə lazımdır ki, SSRİ adlı ümumi evdə bir-birinin insan ləyaqətinə və hüququna hörmət etməyi öyrənmək lazımdır.
- Müasir sovet (rus yox, bunu qeyd edirəm) federal mədəniyyəti, dövlətçilik, siyasət, kütləvi informasiya vasitələri avropasentrist xarakter daşıyır. Baykonur kosmodromu Qazaxıstanda yerləşir, amma bir qazax kosmonavt da yoxdur.
- Rusiya Avropadan 600 il balacadır. Qərbdə olan tarixi təcrübə onda yoxdur. Və təbii olaraq inkişafın eyni mərhələsini keçəndə Rusiya Qərbin təcrübəsinə müraciət edir. Avropa öz dəyərləri və ehkamları ilə Rusiyaya təzyiq edir. Avropalılar unudurlar ki, Avropa mədəniyyəti kimi Asiyada beş mədəniyyət var. Avropada isə yalnız bir dənədir. Avropada bizim eranın I əsrində yaranmış Vizantiya superetnosu var, amma onlar öldülər, özlərinin 1200 ilini yaşadılar.
- Yakut ziyalılarının bir hissəsində on illərdir ki, Çin və Yaponiyaya dayanıqlı maraq və simpatiya var. Bu əhəmiyyətsizdir, amma yenə də, bunu necə izah edək?
- Sadəcə, Avropa adətləri onların xoşuna gəlmir. Bu təbiidir, hətta, asiyalı olmaq və qalmaq kimi şüuraltı istək var, ama onları məcbur edirlər ki, avropalıları təqlid etsinlər. Bu elə həmin avropasentrizmidir.
- SSRİ-də indi intelligensiya( burda “ziyalı” sözü düşünülən tam mənanı vermir-tərcümə) varmı? Axı, intelligensiya öz dəyərləri olan bir sinifdir, vərəsəliklə keçən sinfi dünyagörüşə malikdir, deyirlər axı, köklü proletarlar və sairə. Və intelligensiyanı birinci, ikinci nəsildə intelligensiya adlandırmaq olarmı? Yaxşı bir rus sözü unudulub-bu kateqoriya insanları əvvəllər raznoçinçilər adlandırırdılar.
- İntelligensiya artıq yoxdur. Xalq üçün yanan bir subetnik qrup kimi, o yox oldu. Xalq da başqa cür olub. Mənim müasirlərim mütəxəssislər idi, intelligent deyildi. Amma mənim professorlarımın arasında intelligentlər var idi. Boborıkin yazırdı ki, intelligensiya- natamam ali təhsilli , xalq üçün yanan adamlardır.
- Lev Nikolayeviç, Siz Olonxonu oxumusunuz?
- Yakutların ulu babaları Omoqoe və Ellyae haqqında bir parçanı.
- Sizcə Olonxo nə vaxt yaranıb?
- Olonxo yakut-kurıkanların Lenaya köçməsi zamanı yaranıb. O vaxt onlar buryatlara məğlub olmuşdular. Çingiz xan Çində nə etmişdisə, gənc buryatlar Sibirdə onu etdilər. Kurıkanlar isə artıq qocalmışdılar.
- Qayıdaq ağrıyan yerimizə. Belə bir rəsmi fikir var ki, yakut-rus qarışıq ailələrində doğulmuş uşaqlar milliyətini yakut seçirlər. Amma faktlar əksini söyləyir. Qarışıq nikahdan olan uşaqlar daha çox özlərini rus hesab etməyə üstünlük verirlər. Bunu nə ilə izah etmək olar?
- Bu təkcə yakutların problemi deyil. Yakut mədəniyyəti məzmunca rus “sovet mədəniyyətinə” qarşı heç nə qoya bilmir, belə ki, müasir yakutlar əhəmiyyətli dərəcədə relikt-qalıqlardır.( Amma ən möhkəm və güclü qalıq Sibirdədir).
- İnqilaba qədər belə bir tendensiya mövcud idi ki, yakut ailələrində ortalama 9-10 uşaq doğulurdu, amma onun 1-2-si sağ qalırdı. Yakut alimləri hesablayıblar ki, o uşaqlar ölməsəydi, yakutlar indi 5 milyon idi.
- Buna müqabil, yakutlar güclü oldular. Belə təbii seçimdə güclülər, istedadlılar yaşadılar. Təsadüfi deyil ki, yakutlar çox poetik, mədəni, sivil xalqdır.O hələ dünyaya öz sözünü deyəcək. Yakutlara çox minnətdaram, mənim ağır illərimdə yalnız onlar mənimlə, kitablarımla, ideyalarımla maraqlanıblar. Universitetdə yakut tələbələrdən imtahan götürəndə bircə şey soruşurdum: “ Olonxo bilirsən” və qiymət yazırdım ( gülür).
- Ana tərəfdən Siz Çingiz xanın nəslindənsiniz? Anna Andreyevna ( şair Anna Axmatova Lev Qumilyovun anasıdır) yazırdı ki, o çingizidkadır.
- Bəli, mənim damarlarımda Qızıl Ordanın banisi Cuçi xanın türk qanı axır.
"Müasir ermənilər etnik tərkibinə görə qarışıq xalqdır" - Türkoloq alim...
"Rusiya Avropadan 600 il balacadır, Qərbdə olan tarixi təcrübə onda yoxdur"
17:32
Digər xəbərlər