Məşədi Dadaş Muradxanov: «Fədai»nin xanəndə üzvü

1906-cı ilin avqustunda Şuşada Əhməd bəy Ağayevin başçılığı altında «Difai” partiyası yaradıldı. Mərkəzi Komitəsi Bakıda yerləşən partiya əsasən Qarabağda fəaliyyət göstərirdi. Partiyanın yaranmasının əsas səbəbi erməni millətçilərinin türk-müsəlmanlara qarşı törətdiyi qırğınların qarşısını almaq idi.

Döyüşkən partiya kimi yaranmasına və rus rəhbər orqanlarının nümayəndələrinə qarşı bir sıra qəti tədbirlər keçirməsinə baxmayaraq, «Difai” partiyası yalnız hərbi məqsədlər güdmürdü. Partiya Azərbaycan xalqını erməni qırğınlarından xilas etməyi, həm də müsəlmanların maariflənməsi uğrunda mübarizə aparmağı özünün başlıca məqsədi elan etmişdi. Partiyanın ən fəal şöbələrindən biri Tərtərdə fəaliyyət göstərirdi. Bu şöbənin fəallarından biri Məşədi Dadaş Muradxanov idi.

Məşədi Dadaş Qarabağda, Şuşada tanınmış muradxanovlar soyundandır. Bu soyun ulu babası Şahməhəmməd bəydir.

18-ый несчастный год»: Как 102 года назад армяне и большевики ...

Şahməhəmməd bəyin Muradxan bəy adlı oğlu vardı.

Muradxan bəy Şahməhəmməd bəy oğlu 1790-cı ildə anadan olmuşdu. O, pak Xorasan torpağını, Məşhədi –müqəddəsi ziyarət etmişdi.

Məşədi Muradxan bəy 1856-cı ildə vəfat edib.

Məşədi Muradxan bəyin törəmələri Muradxanov soyadını daşıyırdılar.

Məşədi Muradxan bəy Dürriyə xanımla ailə qurmuşdu. Məmmədəli bəy, Qasım bəy, Tağı bəy, Babakişi bəy adlı oğlanları vardı.

Məmmədəli bəy Məşədi Muradxan bəy oğlu 1819-cu ildə Şuşa şəhərində doğulmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi. Gəlmələr məhəlləsinin deputatı idi. Müqəddəs Məkkəyi-mükərrəmi ziyarət etmişdi.

Hacı Məmmədəli bəyin Dadaş bəy, Şükür bəy adlı oğlanları vardı.

Dadaş Hacı Məmmədəli bəy oğlu 1858-ci ildə Şuşa şəhərində dünyaya gəlmişdi. İbtidai təhsilini mollaxanada almışdı. Ticarətlə məşğul idi. Pak Xorasan torpağını, Məşhədi –müqəddəsi ziyarət etmişdi.

Məşədi Dadaş Muradxanov Tərtər stansiyasına köçmüşdü. Bu stansiya qatar dayanacağı deyil, çaparxana dayanacağı, Yevlax-Şuşa şossesində bir poçt duracağı idi. Cəlil bəy Bağdadbəyov onun haqqında yazır: “Məşədi Dadaş Tərtərdə sakin olduğundan ona Tərtərçi Məşədi Dadaş deyirdilər. Qayət gözəl boya və simaya malik olan bu adama təbiət iki cür gözəllik vermişdi. Birisi simaca gözəllik, digəri isə, az təsadüf edilən səs”. [Bax: Cəlil bəy Bağdadbəyov, Xatirələr və etnoqrafik qeydlər, Bakı, “Qap-Poliqraf”, 2002, səh. 49]. Müəllif sonra qeyd edir ki, Məşədi Dadaş tacir sinfindən olsa da, tacirliyə meyli olmadığı üçün ticari işləri qardaşlarının ixtiyarına buraxaraq, tanışların məclislərində, toy-düyünlərdə xanəndə kimi çıxış edərdi. Məşədi Dadaşın səs tembri o qədər cazibədar idi ki, bu səsi eşidən ən zalım insan da nıüvəqqəti olaraq yumşalardı. Haqqında olan xatirələrdən birində deyilir ki, bir gün Məşədi Dadaş Şuşada “İsa” bulağında oxuyarkən əqli heyrətdə qoyacaq dərəcədə boz bülbüllər ağaclara toplanıb sanki səsləri ilə onunla yarışa çıxarmışdılar. Məşədi Dadaşın səsi ilə şeyda bülbüllərin nəvası meşəni ayrı bir rəngə salıb, guya ki, bütün kainat ruh qidası ilə dolu olub, insan həyatında heç bir qəm və kədər olmadığını göstərirdi. O vaxtlar yay fəsli Şuşaya toplaşmış müəllimlər fağır (kasıb) şagirdlər üçün iki üç dəfə teatr tamaşası verərdilər. Teatr erməni hissəsində olduğu üçün ermənilər də tamaşaya çox gələrdi. Tənəffüs vaxtı Məşədi Dadaş oxuyardı. Tamaşaçıların, xüsusilə erməni tələbələrinin təkidli sifarişlərinə görə tənəffüs bir saata kimi davam edərdi. (Faktdan göründüyü kimi, ermənilər Qarabağda öz milli teatr və musiqisini yox, məhz Azərbaycan muğamlarını və teatr tamaşalarını dinləyirdilər). Bu kimi məclislərdə Məşədi Dadaş musiqi ilahəsi idi. Muğamatlardan “Bayatı-Şiraz”, “Bayatı-Kürd”, “Sarənc” və “Gilayi”ni kimsə rəğbət etməz dərəcədə oxuyurdu. Səsi döş səsi olub ləhn və zənguləsi insanları valeh və heyran edəcək dərəcədə idi.

18-ый несчастный год»: Как 102 года назад армяне и большевики ...

Məşədi Dadaş Muradxanov dövrünün məşhur şairi və xanəndəsi Məşədi Məhəmməd Bülbüllə (Cabbar Qaryağdıoğlunun böyük qardaşı ilə), Seyid Şuşinski və başqa xanəndələrlə yaxından dostluq edir, gənc və istedadlı musiqiçilərin yetişib-püxtələşməsində mühüm rol oynayırdı. Seyid Şuşinski xatirələrində ustadının adını dərin hörmət və məhəbbət hissi ilə çəkir: “1907-ci ilin yay günlərinin birində Qaryagində qapançı Məşədi Qulunun oğlu Bəhramın toyu idi. Həmin məclisə Qarabağın bir çox yerlərindən, o cümlədən, Şuşa şəhərindən də çox qonaq də’vət edilmişdi. Qonaqların içərisində əmim Seyidəli də var idi. Mən də həmin məclisə əmimlə getmişdim. Biz məclisə girəndə xanəndə Keçəçi oğlu Məhəmməd “Sarənc” oxuyurdu. O, əmimi, Məşədi Məhəmmədi, Məşədi Dadaşı və başqa qonaqları görəndə:

Xoş amadi ke, xoş aməd məra ze amədənət,

Hezar cane-gerami fədaye hər qədəmət.

(Sizin gəlməyiniz mənə xoş gəldi. Min canım olaydı ki, hər qədəm atanda Sizin yolunuzda qurban edəydim)-sözləri ilə bizi qarşıladı. Keçəçi “Sarənc” oxuduqdan sonra toyda əyləşənlər mənim oxumağımı tələb etdilər. Bu hadisə əmimi həm təəccübləndirdi, həm də sevindirdi. Çünki o vaxta kimi əmim mənim səsimi eşitməmişdi. Söhbətə qarışan Ərəboğlu İsmayıl əmimə dedi:

— Məşədi Seyidəli! Qoy qardaş balası Keçəçinin yanında otursun.

Tarzən tarı, kamançaçı kamançanı “Qatar” üstündə köklədilər. Keçəçi qavalını mənə verəndə, doğrusu, özümü itirdim. Bunu görən böyük xanəndə mənə toxtaqlıq verib dedi:

— Qorxma, ürəklə oxu!

Mən “Qatar”ı “Üzzal” pərdəsində sürəkli zəngulələrlə bitirdikdə məclisi alqış sədaları bürüdü. Hamı əmimi və məni təbrik etdi. Xüsusilə, Məşədi Məhəmməd ilə Məşədi Dadaşın sevincinin həddi yox idi. Onlar əmimə məsləhət gördülər ki, Şuşaya qayıdanda məni də özü ilə şəhərə aparsın. Bir neçə gündən sonra Seyidəli məni Şuşaya apardı”. [Firudin Şuşinski, Azərbaycan xalq musiqiçiləri, Bakı, “Yazıçı”, 1985, səh.324-325].

Məşədi Dadaş Seyid Şuşinskiyə Şuşada dəyərli məsləhətlər verdi, onun inkişafı üçün əlindən gələni elədi, xanəndə kimi yetişməsində mühüm köməklik göstərdi.

Məşədi Dadaş Muradxanov Şuşada, Bakıda və başqa şəhərlərdə tamaşaya qoyulan səhnə əsərlərində, xeyriyyə tədbirlərində, ədəbi-bədii məclislərdə həm xanəndə kimi iştirak edir, həm də bu işlərin təşkilində öz maddi köməyini əsirgəmirdi. Bu səxavətli və genişqəlbli xanəndə kasıb adamların məclislərində toy sahibindən də heç nə almırdı, üstəlik, imkanı çatdığı qədər özü maddi kömək göstərirdi. O, gördüyü işin müqabilində imkansızlardan nəsə almağı özünə eyib sayardı. Ona görə də alicənablığına, əliaçıqlığına, mərdliyinə, ümumiyyətlə, xarakterindəki bütün insani keyfiyyətlərinə görə el-oba arasında Məşədi Dadaşın böyük hörməti vardı. Müasirləri yazırlar ki, xarici gözəlliyi ilə daxili gözəlliyi bir-birini tamamlayan bu xanəndəni o dövrdə toyların zinəti, məclislərin yaraşığı hesab edirdilər. Müasirlərinin biri də deyirdi ki, Allah-təala Məşədi Dadaşa iki gözəllik vermişdi: biri simaca gözəllik, biri də xanəndələrdə az-az təsadüf olunan gözəl səs. Görkəmli teatr xadimi, respublikanın əməkdar artisti Cəlil bəy Bağdadbəyov Məşədi Dadaş Muradxanovu belə xatırlayır və xarakterizə edirdi: “Məşədi Dadaşda olan səs tempri o qədər cazibəli idi ki, onun səsini eşidən ən zalım adam müvəqqəti də olsa, yumşalırdı. Bir dəfə Məşədi Dadaş Isa bulağında oxuyarkən əqli heyrətdə qoyacaq dərəcədə boz bülbüllər ağaclara toplaşıb, sanki o ecazlı səs ilə yarışa çıxmışdılar. Məşədi Dadaşın səsi ilə şeyda bülbüllərin nəvazı meşəni ayrı bir çəndə salıb, bütün kainat ruh qidası ilə dolu olub, insan həyatında heç bir qəm və kədər olmadığını göstərirdi. Məclislərdə Məşədi Dadaş musiqi ilahisi idi. Muğamatlardan “Bayatı-Şiraz”, “Bayatı-kürd”, “Sarənc” və “Gilayi”ni kimsə zəkafət-konkurensiya edəməz dərəcədə oxuyurdu. Səsi döş səsi idi, rəhn və zənguləsi insanları valeh və heyran edəcək dərəcədə idi. “Gilayi”də oxuduğu bir neçə bəndləri qeyd edirəm:

İlahi, yandı canım, yandı canım,

Niyə namehribandır mehribanım.

Gülüstanda sənə bənzər gül olmaz,

Gül eşqində mənim tək bülbül olmaz”

[Cəlil bəy Bağdadbəyov, Xatirələr və etnoqrafik qeydlər, Bakı, “Qap-Poliqraf”, 2002, səh. 49-50].

История создания государства Азербайджан в 1918 году. - Наша Армения

Məşədi Dadaş Avropa ölkələrində çox olduğundan bu ölkələrin mədəni həyatına dərindən bələd idi. O, müxtəlif şəhərlərdə qrammafon valları buraxan səhmdar şirkətlərlə, cəmiyyətlərlə əlaqə saxladığından XX əsrin əvvəllərində Azərbaycan xanəndələrinin və musiqiçilərinin ifalarının vala yazılması üçün çox çalışmış və buna nail olmuşdu.

Respublikanın xalq artisti Xan Şuşinski deyirdi ki, “Bayatı-Şiraz”ı Məşədi Dadaş Muradxanov kimi oxuyan ikinci bir xanəndə yetişməyib. Xanəndənin repertuarında əsas yeri bu muğam tutmuş və onu böyük sənətkarlıqla ifa etmişdir. Məşədi Dadaş Muradxanov “Cahargah”, “Bayatı-kürd”, “Rast”, “Humayun” muğamlarının da özünəməxsus ifaçısı olmuşdur.

Məşədi Dadaş Muradxanov “Difai” partiyasının üzvü idi. Mənbələrdə yazılır ki, Tərtərdə partiya şöbəsinə Məşədi Alim İsmayılov, Məşədi Dadaş Muradxanov, Məşədi Fərhad Vəlibəyov, Məşədi Muxtar Kərbəlayı İbad oğlu başçılıq edirdi. Şöbənin təbliğatçıları Məşədi Muxtar Zeynalov, Hacı İbrahim İsmayılov, Kərbəlayı Mahmud İsmayılov, Məşədi Rüstəm Muradxanov, Məşədi Əli Dadaşov idi. [Документы по русской политике в Закавказье, с. 22. ].

Məşədi Dadaş Muradxanov 1930-cu ildə vəfat edib.

Hansı sənəti seçməyindən asılı olmayaraq vətən və millət qeyrəti çəkənə zaval yoxdur. Qalan isə zavallıdır.

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf

00:16