M.Ə.Rəsulzadə Hacı Zeynalabdin Tağıyev haqqında...

Azərbaycan Milli qurtuluş hərəkatının böyük ideoloqu M.Ə.Rəsulzadənin mühacirətdə yazdığı əsərləri toplayıb 10 cildlik olaraq nəşr etmək və millətimizi bu zəngin tarixi sərvətlə tanış etmək istəyirəm.Bu məqsədlə onun 1-ci cildini nəşr etdirmiş.2-ci cildini isə nəşrə hazırlayıram.Bu yazılar sırasında onun məşhur Bakı milyoncusu H.Z.Tağıyev haqqında olan məqaləsini hazırlayıb oxuculara təqdim edirəm.Bu yazıda H.Z.Tağıyevlə bağlı çox maraqlı məqamları M.Ə.Rəsulzadədən öyrənirik. Qeyd edim ki, M.Ə.Rəsulzadə  bu yazısını “Azəri” təxəllüsü ilə çap etdirmişdir.Məqalə miladi tarixlə 1924-cü ildə yazılıb.
 
HACI  ZEYNALABDİN
 
Müəssif xəbəri irtihalını keçən sayımızda dərc eylədigimiz Hacı Zeynalabdin Tağıyev, Azərbaycanın ən məruf(tanınmış) simalarından idi. 
 
Hacı, cahanca məruf bir milyoner idi; Bakı milyonerləri meyanında(arasında) ən məşhur bir isim daşıyan bu adam ölürkən artıq milyoner deyildi. Azərbaycanı istila edən Rusiya bolşevikləri hər kəs kibi onu da soymuş, soğana döndərmişlərdi. O, son günlərini Avropanın hər hansı möhtəşəm qonaqlarına meydan oxuyacaq dərəcədə mükəlləf və müzəyyən(bəzənmiş) olan “sarayında” deyil, pək ucuz bir fıyatla kiraladığı müvəqqər(hörmət edilən,sayılan) bir odada keçirmişdir. Əvət, bolşeviklər onun bütün varını almışdılar; qazandıqlarından kəndisinə bir şey buraxmamışdılar. Fəqət onun, bolşeviklər də daxil olduğu halda, kimsə tərəfindən zəbt olunamayacaq qacancları vardı. Bu qazanclardır ki, bizi onunla məşğul ediyor. Yoxsa onun bir milyoner oluşu bizi pək o qədər də əlaqədar etməz. Məcmuəmizin təsis tarixindən bəri, ölən azərbaycanlı milyoner fəqət Tağıyev deyildir.
 
Hacı, yalnız maddətən deyil, mənən də milyoner idi. O, heyrət və həssənatı(gözəl işləri ilə) ilə məruf(məşhur) bir sima idi. Azərbaycan tərəqqi və irfan(bilim) tarixində Hacının tutduğu mövqe bülənt, bu xüsusda göstərdiyi fədakarlıqlarla mütənasibdir. O, millətin tərəqqi və təailisinə pək çox yardım etmişdir, pək çox yararlıqlar göstərmişdir. Müvərrih, Azərbaycan tərəqqiyyatını tətqiq edərkən, burjuaziya dövrünün şəxsi amillərini ararkən, Tağıyev ismi üzərində, istər istəməz, duracaq və yazacağı hər hansı fəsildə bu şəxsdən bəhs etmək lüzumunu hiss edəcəkdir. O, görəcək ki, bu şəxs sadə əmələlikdən yetişərək cəmiyyətin ən yüksək zirvəsinə çıxmış, sərvəti ilə məşhur olduğu kibi heyrət və həsanatı ilə də əfkarı ümmədə(cəmiyyətdə) büyük bir hörmət və mövqe əxz etmişdir. Əvət, ümmi və əvamı sırf olduğu halda, Hacı Zeynalabdin, kəndisi ilə məşğul olmaya dəyər pək mühüm və maraqlı bir “tip”dir.
 
Azərbaycan hərəkatı ictimaiyyəsi əsri məktəblərə davam etmək surətiylə başlamışdır. Bu məbhası tədqiq edən zat, biz-zərurə Hacı ismi üstündə duracaq və onun hesabına təhsili elm edən yüzlərlə tələbəyə təsadüf edəcəkdir. Hacı yalnız müxtəlif darülfünunlarda və edadi məktəblərdə təhsil etmək istəyən tələbələrə yardımla iktifa etməyib, kəndisi bizzat(özü) məktəblər təsis eyləmiş və müxtəlif məktəblərin hamisi olmaq sifətilə maarifə hizmət eyləmişdir. Türklərə məxsus təsis eylədigi ziraət məktəbi ilə İslami bir tərzi memaridə yapılaraq Bakının ən gözəl binasını təşkil edən Darülmüəllimat(Qadın müəllimlər seminariyası) bu hizməti təyid edən birər abidədir.
 
Azərbaycan urəfasının(ariflərinin) hər hansı təsəddit-pərəstanə(işə başlama) təşəbbüsünün ən cəsur bir hamisi rolunu ifa edən Hacı, salifüz-zikr(irəlidə deyilmiş) Darülmuəllimatı təsis etməklə hürriyyəti nisvan məsələsinin təməl daşını qoymuş, mütəəssiblərın küfr və şetmlərinə baxmayaraq Müsəlman qızların tərbiyəsinə mühüm bir vəsilə olmuşdur. İlk təsis illərində mütəəssıb xalqın küfrünə məruz qalaraq tələbə bulmayan bu Darülmüəllimat on sənə sonra kəndisinə hücum edən tələbatı qəbul edəməyəcək dərəcədə hüsni qəbula məzhər(təzahür,nail olma) olmuş və Hacı ölmədən erkək cocuqlarla qız cocuqlarının da ibtidai məktəbə, təliyə və aliyeyi doldurduqlarını görmüşdür. Azərbaycan ədəbiyyat, mətbuat və teatrosu da bu mütəşəbbis adamın pək büyük yardımlarını görmüşdür. Bir çox müəlliflərin əsərlərini nəşr etdirdiyi kibi bu möhtərəm zat, mütəəddid(çoxlu,saysız) qəzetə və məcmuələrin də sahib və naşiri olmuşdur. Topçubaşov Əli Mərdan bəyin idarəsində rusca “Kaspi”, Ağaoğlu Əhməd ilə Hüseynzadə Əli bəylərin idarəsi ilə çıxan türkcə “Həyat”, mərhum Haşım bəy tərəfindən təhrir olunan “Yeni Həyat” qəzetələri ilə yenə Hüseynzadə Əli bəyin qələm əsəri olan “Füyuzat” məcmuəsi kibi Rusiya və Qafqasya türklərinin siyasi və ictimai mənafelərini müdafiə, mənəvi və ədəbi ehtiyaclarını təmin edən qəzetə və məcmuələr həp bu adamın himməti ilə təəssüs etmişdir.
 
Yalnız mətbuat mövqeyində deyil, ədəbi əsərlərin intişarı(yayılan) ilə türk teatrosunun inkişafına da, mərhum Hacının pək çox yardımı toxunmuşdur. Şimdi bolşevik ricalından bulunan Nərimanovun mütəəddid(çoxlu, saysız)qələm əsəri də daxil olduğu halda, bir çox “dram” əsərlərini nəşr etdirən mərhum, ilk dəfə olaraq, Bakıda bir teatro binası da yapdırmışdır.
 
Müxtəlif xeyriyyə cəmiyyətlərinin rəisi, müəssis və fəxri üzvü olmaq hesabilə Hacının Azərbaycan türklüyünün ictimai təşəkküllərinə göstərdiyi hizmət də şayanı qeyitdır. Bakı mühitində Türk irfanının nəşri üçün pək böyük təşəbbüslərdə bulunan “Nəşri-maarif” cəmiyyətinin rəisi də kəndiləri idi. Bu cəmiyyətin məqsədi köylərdə və məhəllələrdə təsis olunan ibtidai məktəblərə türkcə müəllimləri ihzar etmək idi. Bu məqsədlə “Nəşri-maarif” müəllimlər kursu təsis etmiş və ilk dəfə olaraq Türkiyədən dəyərli müəllimlər cəlb olunmuşdu. Bu kursun müdirliyi Türkiyənin dəyərli müəllimlərindən Əhməd Cövdət bəyə həvalə olunmuşdu.
 
Hacının mutəəssıb axundlara və din adına satılan xurafata qarşı mücadiləsi və bu xüsusda daha zəif bir halda bulunan münəvvərin qismini himayəsi də həqiqətən unudulmaz hadisələrdəndir. Cahandan bixəbər “üləma”yı bir az tənvir eyləmək məqsədiylə Qafqasyanın müxtəlif nükatında yaşayan mollalar, sənələrlə bədava olaraq Kəlkütdədə müntəşir Farsicə “Hablül-Mətin” qəzetəsini almış və bu qəzetənin kimin tərəfindən göndərildiyini bir çox zaman kəndiləri belə bilməmişlərdi. Bu surətlə Hacı, mollaları mənus olduqları bir lisanda qəzetə oxumağa alışdırmışdı.
 
Türk mətbuatının təsisi ilə nəşr və təmimə başladığı ictimai fikirlərdən biri də Şiə və Sünni ixtilafının rəfi idi. Bu fikrin qüvvədən feilə gəlməsi üçün yapılan ilk nümayişin mütəşəbbüsü yenə Hacı Zeynalabdin olmuşdu. 1915-ci sənədə Bakıda bu məqsədlə dəvət olunan üləma nədvəsi, Xeyriyyə Cəmiyyəti rəisi olmaq sifətiylə, Hacı tərəfindən açılmış və fikri vəhdət nümayiş etdirilmişdi.
 
Hacının ictimai fəaliyyəti yalnız mətbuat və ictimaiyyata münhəsir(məhdud) olmayıb, iqtisadi sahədəki fəaliyyəti daha ziyadə müsmir(faydalı) və mütənəvve(türlü,çeşidli) idi. Bakıda Hacının iştirak etmədigi ticari və iqtisadi bir müəssisə və ya şirkət bulunamazdı. Əksər bankalarda əshamı mühimməyə malik olan bu mütəşəbbis adam, müsəlman sərmayəsi ilə təəssüs edən bankanın yardımı ilə sərmayələri milli olan bir çox şirkətlər təşkil ediyor, türklər iqtisadi rəqabətə əsri üsullarla mücəhhiz(hazırlanmış) olaraq giriyorlardı. Bu xüsusda Hacı, türk sərmayədarlarının rəhbəri olub bilxassə erməni sərmayədarlığına qarşı mücadilə olunuyor, Gürcüstanda olduğu kibi, Azərbaycan ərazi və əbniyəsinin(binalarını) erməni möhtəkirlər əlinə keçməsi mən olunuyordu. Bütün Qafqasyada yeganə mənsucat(toxuculuq) fabrikası Bakıda kəndisinin olub, son sistemli mütəəddid dəyirmanlara, seyri səfain idarəsinə və saydi mahi müəssisatına sahib idi.
 
Çarizm zamanındakı Rusya əhalisinin ictimai həyatı bələdiyələrdə cərəyan edərdi. Bakı bir müsəlman şəhəri olduğu halda buradakı müsəlman vəkillər qayət(çox) məhdud bir səlahiyyətə malik idilər. Şəhər idarəsi süni surətdə Rusiya qanunlarının xristianlara təmin eylədigi rüçhanla erməni əksəriyyətinin əlində idi. Bu inhisara qarşı türk xalqı müşkül və çətin bir mücadilə etməliydi. Bu çətin mücadilədə də Hacının nüfuzu məxsus idi.
 
Hacı malik olduğu zəkavəti(ağıl,fərasət) fitrisi ilə rus hökumətinin Qafqasya islamlarından əskər almadığı keyfiyyətinə vaxtilə diqqət eyləmiş, bunun, bir zaman gələcəkdə zərərini çəkəcəyiz, diyordu. Bu xüsusda o, bir çoxlarının hiddət və adəmi məmnuniyyətini mücib(səbəb,bais) olsa da, Qafqasya islamlarından əskər alması üçün siyasi bir təşəbbüs belə etmişdi. Bu fikrin nə dərəcədə mücib olduğu sonki hadisat əsnasında zahir oldu. Azərbaycan istiqlal elanı edərkən hökuməti idarə edəcək münəvvəranə, milli iqtisadi təşəkkülə qismən malik olduğu halda, əskəri təşəkkülatdan tamamıyla məhrum idi. Bu məhrumiyyət vaxtilə əskəri mükəlləfiyyətdə bulunmadığından iləri gəliyordu.
 
Bir zaman vardı ki, nov-zuhur Azəri burjua sinfi üçün Hacı nümunəyi imtisal bir şəxsiyyət idi. Onun yalnız ictimai həyatındakı təşəbbüslərini deyil, xüsusi həyatındakı zövq və səliqələrini də təqlid ediyorlardı. Hər kəs evinin təfrişatında belə Hacıya bənzəmək istiyordu. Xudayı nabit olmasına rəğmən, Hacı bu xüsusda həqiqətən də şayanı təqdir(bəyənilən) bir əsəri zövq göstərə biliyordu. Bakıya varid olan müstəsna və yüksək müsafirləri qəbul etmək üçün Hacının qonağından da münasib bir yer bulmaq təsəvvür olunamazdı.
Bu qədər sərvətə Hacı, səfalətin ən acı günlərini tədarək etmişdi. Bununla bərabər o, təbiətin kəndisinə bəhs eylədigi bir nemətə də malik idi. Bu da tül ömür idi. Yaşda Zaro ağa (Zaro ağa əsrimizin ən uzun ömürlü(150 sənə) bir əcibəi xilqətidir.İstanbulda hamballıq edər.) bir az fərqli olaraq tərki həyat edən bu zəki adam sonrakı günlərdə keçirdiyi bütün ələm və iztirablarına rəğmən, qayət zində bir ruh ilə mətanətini mühafizə eyləmişdir.
 
Bir rəvayətlə 117 yaşında ikən vəfat edən bu müstəsna adam Azərbaycan tarixində Rusiya dövrü fəslinin canlı bir şahidi idi. Xanlıqların süqutundan sonra Azərbaycan Cümhuriyyəti elanına qədər təşəkkül və təəzzüv(formalaşma) edən edən Azəri Türk vəhdətinin keçirdiyi səfahət, onun gözü önündən keçmiş və bu səfahətin mühüm qismində bizzat iştirak eyləmişdir.
 
Daha bər-həyat ikən haqqında bir qism ədəbiyyat vücuda gətirilən bu ümmi adamın, dəri uqbəyə təşyii, başqa bir şərait daxilində, şübhəsiz ki, müstəsna bir hadisə təşkil edərdi. Şimdi isə yəqin ki, sovet mətbuatı bu “böyük burjua”nın tabutu hüzurunda bir “burjuy”a söylənəcək mənfi isnadat nə varsa həpsini söyləyəcəklərdir.
 
Fəqət Hacının ruhu bu isnadatdan mütəəssir olmaz. Onun böyük təsəllisi və ümidi vardır. Tül ömrü, o ümidini bizzat görmək imkanını kəndisinə verməkdi. Fəqət ruhu əmin ola bilir. Əsarət zəncirini qıraraq təkrar iadəyi hürriyyət edən millət, onu heç bir zaman digər “burjuy”lar sırasında tutmayacaq, çünki o, baqiat(əbədilik, həmişəlik), salihət(yaxşı,yararlı) sahibidir. Öylə baqiat ki, bolşevik həczi də onu məhv edəməmiş, hər növi təərrüzdən məsun qalmışdır.
 
Maddətən o da, digər burjuylar kibi, soyuldu, fəqət mənən, onlar kibi üryan qalmadı, xatirəyi millətə iflas etmədi!..
 
Cənabı Haqq ruhunu şad eyləsin!
 
Azəri
18 R. Əvvəl 1343 / 19 T. Əvvəl  1340, yıl: 2, sayı: 2, s. 9-12
 
Nəsiman Yaqublu, tarix elmləri doktoru,professor
“Məhəmməd Əmin Rəsulzadə Mərkəzi”nin sədri 

00:16