Mərkəzi Bankın yanlış pul siyasəti: Dövriyyədən çıxarılan manat hara gedir?

 

Natiq Cəfərli: “Mərkəzi Bank çox böyük vəsaiti “yastıq” altına yığır”

Azərbaycan Mərkəzi Bankı dövriyyədə olan manat kütləsini azaldır və bununla da məzənnəni müəyyən qədər saxlamağa çalışır.Ancaq dövriyyədə manat kütləsinin azalması məzənnəni formalaşdırmağa imkan versə də iqtisadiyyatın digər sahələrinə ciddi təsir göstərir.Məlumata görə, martın 1-ə qədər dövriyyədə cəmi 6 milyard 987 milyon manat pul kütləsi olub.Qeyd edək ki, 2016-cı ilin sonunda bu rəqəm 7 milyard 860 milyon manat olub.Bu isə onu göstərir ki, ölkədə pul bazası 873 milyon manat azalıb.Ölkədə pul kütləsinin azalması ilk növbədə iqtisadi aktivliyə mənfi təsir edir.

İqtisadçı-ekspert Natiq Cəfərli açıqlamasında deyib ki, Azərbaycan Mərkəzi Bankının atdığı bu addımın məntiqi bəllidir. Mərkəzi Bank dövriyyədə olan manat kütləsinin azalmasına nail olmaqla valyutaya keçidin qarşısını almaq istəyir: “Bununla da məzənnəni müəyyən qədər sabitləşdirməyə çalışır. Düz məntiqlə fikirləşsək, Mərkəzi Bank başqa alətlərdən istifadə edə bilmədiyi üçün bu yolla məzənnədə müəyyən sabitliyə nail olmağa çalışır.Amma bu addım iqtisadiyyatın özünə ciddi ziyan vurur.Manatın azaldıqca iqtisadi aktivlik də azalır.Banklar kredit verə və verdikləri kreditləri geri yığa bilmirlər.Nəticədə banklara böyük ziyan dəyir və zəncirvari reaksiya ilə iqtisadiyyatın digər sahələrinə, ticarət dövriyyəsinə, iqtisadi aktivliyə, insanların gəlirliyinə birbaşa təsir göstərir.Çox qısa zamanda belə bir addımları atmaq mümkündür.İnflyasiyanı cilovlamaq, məzənnəni sabit saxlamaq, dollarlaşmanın qarşısını almaq üçün qısa bir müddətdə belə bir addımı atmaq olardı.Ancaq orta və uzun zamanda Mərkəzi Bank belə bir yanaşma ortaya qoyacaqsa, bu iqtisadi aktivliyə çox ciddi zərbə vuracaq.İlk görüntü bundan ibarətdir ki, artıq 2 aydır Mərkəzi Bank bu addımı davamlı olaraq atır. Əslində Mərkəzi Bankın bu addımına ən çox etiraz etməli şəxslər Maliyyə və İqtisadiyyat Nazirliyi olmalıdır.Çünki, Mərkəzi Bankın bu addımı hər iki nazirliyin iqtisadiyyatı canlandırmaq üçün gördüyü işlərin effektivliyini aşağı salır. İqtisadi aktivlik azaldıqca təbii ki, ümumdaxili məhsulun həcmi, iş yerlərinin və insanların gəlirliyinin azalması da müşahidə olunur. Bu isə məzənnədən daha çox iqtisadiyyata zərbə vurur.Mərkəzi Bankın uzun müddət belə bir yanaşması qalsa, bu Azərbaycan iqtisadiyyatında çox böyük “yaralara” səbəb olacaq.Onsuz da bu gün iqtisadiyyatda çox mənfi tendensiyalar müşahidə olunur.
Ötən il ümumdaxili məhsulun həcmi 4 faizə qədər azalmışdı. İqtisadi aktivliyin azalması bir çox sahələrə, əsasən də bank sektoruna ciddi zərbə vurur.Uzun müddət manat kütləsini azaltmaq yolu ilə məzənnənin tənzimlənməsinə getmək, iqtisadiyyata məzənnədən daha çox zərbələr vuracaq.Mərkəzi Bank bunu anlamalı və hökumətlə birgə bunun gələcəkdə hansı problemlər yaradacağını indidən bilməlidir.Bir müddətdə bu cür davam edərsə, həm vergi, həm də gömrük rüsumlarından daxilolmalara mənfi təsir göstərəcək”.

Ekspert bildirib ki, Mərkəzi Bank hər həftə repo və manat hərracları keçirir və manatı bu yolla dövriyyədən çıxarır: “Keçən həftə keçirilən hərracda Mərkəzi Bank 200 milyon manat əldə edib. Bunun müqabilində isə Mərkəzi Bank təqribən 14.5 faiz civarında vergi verir.Çünki, manatın uçot dərəcəsi də 15 faiz civarındadır.Məntiqlə Mərkəzi Bank topladığı valyutanın ən azı uçot dərəcəsindəki faiz qədərini banklara qaytarmalıdır ki, banklarda manat kütləsi yaransın və kreditləşmə həyata keçirilsin. Amma hələlik görünən odur ki, Elman Rüstəmov bir müddət öncə az qala insanları günahlandırırdı ki, vəsaitlərini “yastıq” altında saxlayırlar və iqtisadiyyata buraxmırlar. İndi isə ən böyük vəsaiti Mərkəzi Bank özü “yastıq” altına toplayır.Mərkəzi Bank öz əlindəki vəsaitini seyflərinə və yaxud valyuta saxlama yerlərinə qoyur, amma bunu ya iqtisadiyyata buraxmır, ya da bunun yollarını tapa bilmir. Mərkəzi Bank uçot dərəcəsi səviyyəsində banklara kredit verməlidir ki, banklarda manat kütləsi yaransın və bu da kütləvi canlanmaya səbəb olsun.Amma Mərkəzi Bank bunu etmir.Əslində bunu etməməyin səbəbi güvənsizlikdir.Mərkəzi Bankın bu məntiqi də başa düşüləndir.Bankların əlinə manat kütləsi yaranan kimi ilk olaraq dollar alır və sonrakı addımları düşünür.Çünki, dolların bahalaşma ehtimalı çox yüksəkdir”.

Vilayət Muxtar

Cebhe.info

 

09:45