Mərkəzi Bankdan xalqa qarşı rəzalət

Son dövrlər müflis olan banklara görə 650 milyon manatdan artıq kompensasiya ödəyən Əmanətlərin Sığortalanması Fondu bu vəsaitin yarından çoxunu son 1 ayda Bank Standard-ın əmanətçilərinə ödəyib. Nəticədə dövriyyəyə daxil olan kompensasiya manatları dollara tələbi daha da artırıb. Manat isə dollara nisbətən həm rəsmi məzənnədə, həm də bazar kursunda dəyər itirməkdədir. Arada “manatın qısa dalğaları” ola bilər, amma bu heç də bazarda uzun müddətli təsirə malik olmayacaq.

İqtisadçı ekspert Vüqar Bayramovun fikrincə, dollara tələb artmaqda davam edəcək: “Bir tərəfdən ilin sonunadək, idxalın artması, özəl və dövlət müəssisələrin borc ödənişləri və bayram səfərləri xarici valyutaya tələbi artıracaq.
Digər tərəfdən, Mərkəzi Bankın rezervlərinin 4 milyard dollarlıq “psixoloji qapının” ağızında dayanması, neftin qiymətinin proqnozlaşdırıldığı kimi aşağı düşməsi və Neft Fondunun büdcə transferlərinin azalması manata təzyiqi artırır”.
Politika.Az xəbər verir ki, iqtisadçı alim Qubad İbadoğlu da bu məsələyə toxunub. O, hesab edir ki, dövlət büdcənin defisiti sürətlə çoxalacaq: “Son 2 ayda dövlət büdcəsinin xərcləmələrinin artması onun kəsirini çoxalmasını şərtləndirəcək. Bu ilin 9 ayında dövlət büdcəsinin 519,1 mln. manat məbləğində kəsiri (defisit) yaranıb. Həmin dövrdə dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 12,5 faiz az icra olunub.
Mərkəzi Bankın valyuta ehtiyatları daha da azalacaq. Bu ilin son aylarında dövlətin, şirkətlərin, bankları xarici valyuta ilə borc öhdəliklərinin artımı dollara tələbatın çoxalmasını şərtləndirəcək. Hətta Dövlət Neft Fondunun müdaxiləsi davam etsə də belə Mərkəzi Bankın valyuta ehtiyatarı çoxdan qorunan qırmızı xətti keçərək 4 milyard dollardan da aşağı düşəcək”.

Politika.az

08:48