Mərkəzi Bank iqtisadiyyatı PULSUZ qoyacaq

 

Əkrəm Həsənov: “Əslində 50 milyon dollardan çox azalma var”

Pərviz Heydərov: “Proses 2017-ci ilin bütün dövründə davam edəcək”

Azərbaycanda pul bazası bu il martın 1-nə 6,987 milyard manat təşkil edib. Mərkəzi Bankın məlumatına görə, bu, 1 ay əvvəllə müqayisədə 344,7 milyon manat və yaxud 4,7 faiz azdır. İlin əvvəlinə nisbətən nağd pul kütləsi 873,5 milyon manat və yaxud 11,11 faiz azalıb, son 1 ildə isə 598,5 milyon manat və yaxud 9,37 faiz artıb. Baş bank qeyd etmişdi ki, inflyasiya ilə mübarizəni pul təklifini əhəmiyyətli şəkildə məhdudlaşdırmaqla və sərt pul siyasətini həyata keçirməklə aparacaq. Ekspertlərin fikrincə, Mərkəzi Bank 2017-ci ildə iqtisadiyyatı pulsuz qoyacaq. Baş bank bu yolla inflyasiyanın önünü kəsmək istəyir. Amma ötən il həmin siyasət səmərə verməyib. Ekspertlər hesab edirlər ki, pul bazasının azaldılmasında MB-nın digər bir məqsədi dollar alışını azaltmaqdır. Ancaq pul bazasının azalması iqtisadi fəallığı tam aradan qaldıra bilər.

Hüquqşünas Əkrəm Həsənov “Cümhuriyət” qəzetinə bildirib ki, 2016-cı ilin yanvarın 1-də dövriyyədə 6 milyard 901 milyon pul kütləsi olub: “2017-ci il fevralın 28-ə olan məlumatda görə, pul kütləsi 6 milyard 987 milyon manat təşkil edib. 2017-ci il yanvarın 31-də bu göstərici 7 milyard 531 milyon manat olub. Amma 2017-ci il yanvarın 1-də isə pul kütləsi daha da çox olub, yəni, 7 milyard 860 milyon manat. Ümumən pul bazası azalıb, artmayıb. Çünki ötən il yanvarın 1-də pul bazası 6 milyard 901 milyon olub. Bu rəqəm indiki 6 milyard 987 milyon manatdan daha çox idi. Çünki pulun dəyəri çox aşağı düşüb. Ötən ilin əvvəlində 1 dollar 1,56 manat idi. Mərkəzi Bankın təqdim etdiyi pul bazasını yəni, 6 milyard 987 milyon manatı həmin kursla bölsək 4 milyard 452 milyon dollar edir. Bu günə olan pul bazasına gəlincə, 6 milyard 987 milyon manatı 1,75 məzənnə ilə hesablasaq bu, 3 milyarda 992 milyon dollardır. Əslində 50 milyon dollardan çox azalma var. Mərkəzi Bankın pul kütləsi azalan xətlə gedir. Burada təəccüblü bir şey yoxdur. Əslində Mərkəzi Bank ilin əvvəlinə elan edib ki, bu il sərt pul siyasəti həyata keçirəcək. Sərt pul siyasəti odur ki, Mərkəzi Bank dövriyyədə olan pul bazasını azaldacaq, yəni, manatı azaldacaq. Məlumdur ki, pul kütləsi dövriyyədə çox olanda dəyərdən düşür. Bank da pul kütləsini azaltmaqla milli valyutanın devalvasiyasının qarşısını alır. Əgər hazırda dövriyyədə milli valyuta çox olsa, hamı o valyuta ilə qaçıb dollar alacaq. Bununla dolların qiyməti yenə də qalxacaq. Bu, düzgün siyasət deyil. Pul kütləsi iqtisadiyyatın qanıdır. Necə ki, insan bədənində qan az olarsa, o fəaliyyət göstərə bilməz, eynilə iqtisadiyyatda da belədir. Əgər Mərkəzi Bank dövriyyədə olan pulları yığışdırırsa, təbii ki, bu iqtisadiyyat fəaliyyət göstərə bilməz”.

Mərkəzi Bank dövriyyədə olan pul kütləsini necə yığışdırır?

 

Hüquqşünas diqqəti 2017-ci il yanvarın 31-də dövriyyədə olan nağdı pul kütləsi 7 milyard 331.7 milyon manat olmasına çəkib. O qeyd edib ki, bu, ötən ilin sonu ilə müqayisədə 528.8 milyon manat azdır: “İndi isə dövriyyədə 6 milyard 987 milyon manat qalıb. Bu, necə baş verib? Xatırlayaq ki, yanvarın 31-də dolların məzənnəsi 1.92 manata qalxmışdı. Sonra Mərkəzi Bank məzənnəni birdən-birə aşağı saldı. Yəni, Mərkəzi Bank əldə olan manatları yığıb dolları baha satdı və pul kütləsini azaltdı. Bir sözlə, hamının başını aldatmaqla pulları aldı. Əvvəlcə dolları əhaliyə baha satdı, sonra əhalidə olan dolları ucuz alıb milli valyuta kütləsini azaltdı. Büdcə iqtisadiyyatı belə fəaliyyət göstərə bilməz. Müqayisə üçün deyim ki, 2015-ci ilin əvvəlində Azərbaycanda pul kütləsi 11 milyard 541 milyon manat olub. O vaxtı 1 dollar 0,78 manat idi. Bunu dollara çevirəndə təxminən 15 milyard dollara bərabər olur. Amma indi Azərbaycan nağdı pul kütləsi 4 milyard 452 milyon dollardır. Bu gün ölkəyə lazım olan pul kütləsi lazım olduğundan 4 dəfə azdır. Bu zaman nə iqtisadiyyat fəaliyyət göstərə bilmir, biznes sahələri bağlanır, dövlət qurumları aylarla işçilərinə əməkhaqqı verə bilmir. Çünki pul çatmır”.

İqtisadçı-ekspert Pərviz Heydərov “Cümhuriyət” qəzetinə bildirib ki, Mərkəzi Bank (AMB) son iki ildir ki, sərt-pul kredit siyasəti yeridir: “Bunun isə əsas məğzi məhz dövriyyədə nağd pul kütləsini azaltmaqdan ibarətdir. Məqsəd, inflyasiya səviyyəsinin yüksəlməsinin qarşısını almaq, ölkədə dollarizasiya prosesini cilovlamaq, manatın məzənnəsinin daha sürətlə ucuzlaşmasını məhdudlaşdırmaq sayılır. Buna nümunə kimi uçot dərəcəsini göstərmək olar. AMB-in mərkəzi kredit resursları üzrə qiymət səviyyəsini müəyyən edən uçot dərəcəsi 2010-cu ilin oktyabrın 31-dək 2 faiz, 2011-ci ilin fevralın 28-dən 5, mayın 5-dən isə 5,25, 2012-ci ilin dekabrın 10-dan yenidən 5, 2013-cü ilin fevralın 11-dən 4,75, 2014-cü ilin mayın 1-dən isə 4,25, həmin ilin iyulun 30-dan 3,5, 2015-ci ilin iyulun 13-ü tarixdən 3 faiz təşkil edirdisə, keçən ilin fevral ayının 15-dən 5, avqustun 8-dən 9,5, sentyabrın 14-dən isə 15 faiz səviyyəsində müəyyən edilib. Sonuncu dəfə uçot dərəcəsi 15 faizlik səviyyədə 2008-ci ilin iyun ayının 8-də təsbit edilmişdi. Məlumat üçün bildirim ki, pul bazası dedikdə, pul kütləsinin AMB tərəfindən qısa müddət ərzində dəyişdirilə bilən hissəsi nəzərdə tutulur və onun tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının AMB-dəki müxbir hesablarının qalıqları) daxil hesab olunur. Cari ildə yuxarıda qeyd etdiyim məqsədlər naminə AMB tərəfindən pul bazasının həcmini azaltmaq istiqamətində fəaliyyəti daha da gücləndirilmiş xarakter daşıyır. Çünki bu, AMB-nin 2017-ci il üçün pul siyasətinin əsas istiqamətlərinə dair bəyanatında da deyilmişdi. Bəyanatında qeyd edilmişdi ki, əlverişsiz qlobal iqtisadi konyunktura və iqtisadiyyatın struktur transformasiyası şəraitində makroiqtisadi sabitliyin təmin edilməsi 2017-ci ildə Mərkəzi Bankın qarşısında duran ən mühüm vəzifə təşkil edəcək”.

İqtisadçının qənaətincə, ilin əvvəlinə nisbətən nağd pul kütləsi həcminin 873,5 milyon manat və yaxud 11 faizdən çox azalması təbii qarşılanmalıdır: “Bu proses 2017-ci ilin bütün dövründə davam edəcək. Şübhəsiz ki, bəzi aylarda dəyişik tendensiyalar müşahidə edilməklə. Qaldı ki, pul kütləsinin son 1 ildə 598,5 milyon manat və yaxud 9,37 faiz artması faktına, bu, keçən il ərzində cüzi də olsa bəzi istiqamətlərdə əməkhaqqı və bir sıra sosial ödənişlərlə bağlıdır. Analoji addımlar atılanda istər-istəməz dövriyyəyə əlavə pul kütləsi çıxmalı olur. Ancaq, ümumi yeridilən siyasət və yaxud müvafiq kurs daxilində bu, “əriyib axıb” gedir. Yəni, ümumi müqayisədə belədir. Faktiki olaraq isə temp azalmağa doğru inkişafdadır”.

 

Yeganə Oqtayqızı

Cebhe.info

 

11:19