Moskvada Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 105 illiyi qeyd olunub

Azərbaycanın Rusiyadakı səfirliyində Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 105 illiyi ilə əlaqədar rəsmi qəbul təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin, Moskvada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, o cümlədən Türkiyə, Qvineya-Bisau, Namibiya, Nepal, Tanzaniya və Anqolanın səfirləri, bir çox ölkələrin hərbi attaşeləri, Rusiya Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri və Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları iştirak ediblər.

Tədbirin əvvəlində Rusiya Federasiyasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.

Mərasimə qatıldıqları üçün qonaqlara təşəkkürünü bildirən səfir Polad Bülbüloğlu qeyd edib ki, bu il Azərbaycan Ordusunun yaradılmasının 105 ili tamam olur. Bu kontekstdə səfir qonaqlara 44 günlük müharibə və onun parlaq nəticələri haqqında məlumat verərək vurğulayıb ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu Vətən müharibəsində möhtəşəm qələbə qazanaraq 30 il işğal altında olan torpaqlarımızı azad edib. Qələbəyə gedən yol asan olmayıb. Bütün işğal edilmiş ərazilər minalanıb. Müharibənin bitməsinə baxmayaraq, bu gün Azərbaycanda minaların partlaması nəticəsində mülki vətəndaşlar həlak olur. P.Bülbüloğlu Azərbaycan vətəndaşlarının rəşadətli ordumuza olan xüsusi münasibətini də qeyd edib. Şəhidlərimizin xatirəsini yad edərək, xalqımızın öz qəhrəmanlarını heç vaxt unutmayacağını vurğulayıb. İkinci Qarabağ müharibəsində qazanılan Qələbənin dünya azərbaycanlıları üçün qürur mənbəyi olduğunu söyləyib.

Hərbi attaşe, polkovnik Kənan Təhməzov Azərbaycan Ordusunun yaranma tarixi haqqında tədbir iştirakçılarına ətraflı məlumat verərək qeyd edib ki, ölkəmizin Silahlı Qüvvələrinin yenidən təşkili və gücləndirilməsi prosesi xalqımızın tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi sayəsində başlanıb. Kənan Təhməzov şəxsi heyətin, habelə zabit və generalların döyüş ruhunun, peşəkarlığının, vətənpərvərliyinin, intizamlılığının və hərbi hazırlığının yüksək səviyyəsini qeyd edərək, ordumuzun Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında və qorunmasında rolunu vurğulayıb. Bildirib ki, müasir və qüdrətli Azərbaycan Ordusunun tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan Ordusunun inkişafı və möhkəmləndirilməsi Ulu Öndərimizin siyasi xəttinin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü fəaliyyətinin, siyasi uzaqgörənliyinin və təşkilatçılıq bacarığının nəticəsidir. Son illər ərzində ordu quruculuğu prosesi keyfiyyətcə yeni inkişaf mərhələsinə keçib. Hərbi qulluqçuların peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının gücləndirilməsi, o cümlədən Silahlı Qüvvələrin ən müasir silah və texnika ilə təchiz edilməsi istiqamətində ardıcıl addımlar atılıb. Bu düşünülmüş siyasət nəticəsində Silahlı Qüvvələrimiz regionun ən qüdrətli ordusuna çevrilib, dünyanın ən güclü 50 ordusu sırasında yer alıb.

Kənan Təhməzov bildirib ki, Vətən müharibəsində qazanılan möhtəşəm qələbənin Azərbaycan xalqının çoxəsrlik tarixində bənzəri yoxdur. O vurğulayıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə Vətən müharibəsində rəşadətli ordumuzun qazandığı şanlı qələbə Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb və bu gün Azərbaycan xalqı Silahlı Qüvvələr Gününü qalib xalq kimi qeyd edir.

Hərbi attaşe nitqini Azərbaycan Prezidentinin “Qarabağ Azərbaycandır!” şüarı ilə bitirib.

Fəridə Abdullayeva

Xudaferin.eu

16:27