Mollakratiya rejimi Urmu Gölünü unutdurmağa çalışır

 

Dərin ekoloji böhran içində olan, su hövzəsi tamamilə quruyan Urmu Gölü məsələsi İran mollakratiya rejimi tərəfindən bütün dərsliklərdən çıxarılıb. Bu barədə Urmu millət vəkili Nadir Qazipur bildirib ki: “Mən təhsil nazirliyi qarşıısnda Urmu Gölünün dərsliklərdən niyə və nədən silindiyi məsələsini qaldıracağam”.

Güney Azərbaycanın Urmu şəhərinin ölkə parlamentindəki millət vəkili Nadir Qazipur İranın Təhsil nazirinə Urmu Gölü ilə bağlı sual ünvanlayacağını bildirib. Millət vəkilinin sözlərinə görə, İranın təhsil naziri parlamentin “təlim və təhqiqat komissiyası”nın bu həftəki iclasında deputatların suallarını cavablandıracaq. “Mən nazirə “nə üçün Urmu Gölü məsələsini dərsliklərdə yer alan xəritədən silibsiniz?” sualını verəcəm, o buna cavab verməlidir”- deyə Nadir Qazipur bildirib.

Qeyd edək ki, İran mollakratiya rejiminin təhsil nazirliyi məktəb dərsliklərində Urmu Gölünün adını və özünü xəritədən çıxarıb. Bu məsələ Güney Azərbaycanda çox böyük hiddətə səbəb olubdur. Hətta əhali bir sıra etiraz aksiyaları da keçiribdir. Bu yöndə elə indinin özündə belə, nazirliyə etirazlar davam etməkdədir.

Urmu Gölü o halda dərsliklərdən silinir ki, bu göldə böhran getdikcə dərinləşir. “Urmu Gölünü Canlandırma Mərkəzi”nin rəsmilərinin dediyinə görə, göldə suyun səviyyəsinin aşağı düşməsi prosesi davam edir. Gölün sulu sahəsi isə 90 faizdən çox kiçilib. Durum beləcə davam edərsə ətraf bölgələrdə yaşayan 14 milyon azərbaycanlının həyatı ciddi təhlükə ilə üz-üzə qalacaq. Dövlət isə gölün canlandırılması uğrunda hər hansı əməli tədbir görmək əvəzinə onu əhaliyə unutdurmağa çalışır.

Xudaferin.eu
Güney Azərbaycan, “Urmu Bürosu”

 

11:00