“MOLLA NƏSRƏDDİN” dərgisinin 109-cu ildönümü

Cəlil Məmmədquluzadənin ev-muzeyində “Molla Nəsrəddin” dərgisinin yaranmasının 109-cu ildönümünə həsr edilmiş tədbir keçirilmişdir. Muzeyin foyesində təşkil olunmuş ekspozisiyanın nümayişindən sonra muzeyin direktoru Pəri xanım Mahmudova Cəlil Məmmədquluzadənin şərəfli həyat yolundan və yaradıcılığından söhbət açmışdır. Bakının 189, 190, 150 və Zirə qəsəbəsindəki 134 saylı orta məktəblərin şagirdləri muzeyin ekspoziyası ilə tanış olmuşlar. Sonra Cəlil Məmmədquluzadə və “Molla Nəsrəddin”çilər haqqında qısa məlumat verilərək bildirilmişdir ki, “Molla Nəsrəddin” jurnalının ilk sayı 1906-cı il aprelin 7-də Tiflisdə işıq üzü görüb.

“Molla Nəsrəddin” jurnalı Azərbaycan Türkcəsində nəşr edilən satirik, populyar jurnal kimi ilk sayından sevilib. Jurnalın redaktoru və müəllifi Cəlil Məmmədquluzadə o dövr ziyalılarını tez bir zamanda öz ətrafına toplaya bilmişdi. “Molla Nəsrəddin”in 25 il ərzində 748 nömrəsi çapdan çıxıb və bu illər ərzində Azərbaycandan kənarda olan mütərəqqi qüvvələri, demokratik düşüncəli insanları da özünə cəlb etmişdi.
Dərgidə Ömər Faiq Nemanzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Əli Nəzmi, Əliqulu Qəmküsar, Məmməd Səid Ordubadi, Mirzə Əli Möcüz Şəbüstəri və başqa yazıçı və jurnalistlər, o cümlədən Oskar Şmerlinq, S.Rotter, Əzim Əzimzadə kimi rəssamlar fəaliyyət göstərmişlər. Sonda şagirdlərin ifasında ədəbi-bədii kompozisiya təqdim olunmuşdur.

Xudaferin.eu

11:50