Moldova mətbuatı Qarabağda yaradılan əlverişli biznes mühitindən yazıb

Moldovanın “NOİ” xəbər portalında rumın və rus dillərində Azərbaycanın işğaldan azad olunan ərazilərində həyata keçirilən layihələr, investisiya qoyuluşu haqqında məqalə dərc edilib.

Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, məqalədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarova istinadla işğaldan azad olunmuş ərazilərimizdə görülən və gələcəkdə həyata keçiriləcək iqtisadi layihələr haqqında ətraflı məlumat verilib.

Qeyd olunub ki, hazırda yerli istehsalçılara işğaldan azad edilmiş ərazilərdə vergi güzəştlərinin verilməsi ilə bağlı layihə hazırlanır. Burada gəlir vergisi, əmlak vergisi, torpaq vergisi üzrə güzəştlər, o cümlədən bir sıra vergitutma mexanizmlərinin təkmilləşdirilməsi və ayrı-ayrı sahələr üzrə vergi yükünün optimallaşdırılması da var. Azərbaycan Prezidentinin sərəncamları ilə Ağdam Sənaye Parkı və “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılıb. Ağdam və Cəbrayıl rayonlarında yerləşən bu sənaye zonaları yerli və xarici sahibkarlar üçün əlverişli biznes mühitinin yaradılması prosesini sürətləndirmək üçün nəzərdə tutulub.

Məqalədə daha sonra vurğulanıb ki, Qarabağda biznes təkcə sənaye parkları hesabına inkişaf etmir. 2021-ci ildə Qarabağ iqtisadi rayonunda 75 min 528, Şərqi Zəngəzur iqtisadi rayonunda isə 4 min 173 fərdi sahibkar qeydiyyatdan keçib. 2022-ci il iyulun 1-nə hər iki iqtisadi rayonda 4092 mikro, 211 kiçik, 76 orta və 18 iri sahibkarlıq subyekti fəaliyyət göstərir.

Emil Hüseynli

Xudaferin.eu


 

16:16