Moldova mətbuatı Azərbaycanın bu ölkədəki səfirinin 20 Yanvar faciəsi ilə bağlı məqaləsini yayımlayıb

Moldova mətbuatında rumın və rus dillərində səfir Qüdsi Osmanovun 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr edilmiş müsahibəsi, habelə faciəyə dair məqalə və yazılar dərc edilib.

Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, Moldovanın “noi.md”, “publika.md”, “primelestiri.md” və digər xəbər portallarında dərc edilən məqalələrdə 1990-cı ilin 20 Yanvar hadisələrinin müstəqil Azərbaycanın yaradılması yolunda dönüş nöqtəsi olduğu vurğulanır.

Məqalədə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin əmri ilə 26 min nəfərlik sovet ordusunun Azərbaycanın Bakı, Sumqayıt və digər şəhərlərinə yeridildiyi, bu hərbi müdaxilə nəticəsində 147 mülki şəxsin qətlə yetirildiyi və 744 nəfərin ağır xəsarət aldığı diqqətə çatdırılıb. Qeyd olunub ki, faciədən dərhal sonra ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində mətbuat konfransı keçirərək, bu vəhşiliyi kəskin şəkildə pisləyib, xalqımıza qarşı törədilmiş qırğına siyasi qiymət verilməsini və günahkarların cəzalandırılmasını tələb edib.

Milli Məclisin 1994-cü ilin fevralında keçirilən xüsusi sessiyasında 1990-cı il yanvarın 20-də günahsız insanların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi qiymətləndirilib və müzakirələrin yekunu olaraq 1994-cü ilin martında “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul edilib.

Emil Hüseynli

Xudaferin.eu

23:37