Məlihə Əzizpur: “Güney Azərbaycanda Türkcə yazan qadınlar ədəbi yaradıcılıq baxımından kişilərlə eyni səviyyədədirlər”

 

Çağdaş Güney Azərbaycan ədəbiyyatının ünlü simalarından biri olan Məlihə Əzizpur  Türk dilində əsərləri yayımlanan qadın şair və yazarların bu sahədə fəaliyyət göstərən kişilərlə eyni səviyyədə olduğunu bildirib. Təbrizli şairə “Amerikanın Səsi” radiosu ilə  söhbətində Güney Azərbaycanda ədəbiyyat sahəsində fəaliyyət göstərən qadınların yardıcılığını da dəyərləndirib.

Güney Azərbaycanda qadınların Türk dili və ədəbiyyatı digər sahələri müqayisədə daha çox fəalliyyət sərgilədikləri görünməkdədir. Məlihə Əzizpurun fikrincə, toplumdakı bəzi adət və ənənələr qadınların başqa sahələrdə daha az fəal olmalarının əsas səbəbidir.

Güney Azərbaycan Milli Hərəkatında qadınların kişilərdən bir az daha geridə durması onların passiv olmasına dəlalət etmir. Belə ki, ənənəvi ailələrdən gəldiyimiz və qapalı bir toplum olduğumuza görə qadınlar biraz geridə görünə bilər.

Məlihə Əzizpur: “Qadınların siyasi ya ictimai sahələrdə fəaliyyətlərinin görünməməsi onların daha az çalışqan olduğu anlamına gəlməz. Bu, bizim ictimai özəlliklərimizdən irəli gəlir. Milli Hərəkatda da qadınların kişilərdən bir qədər az şəkildə geridə durması onların passiv olması səbəbi ilə izah olunmamalıdır. Ənənəvi ailələrdən gəldiyimiz və qapalı bir toplum olduğumuza görə qadınlar biraz geridə görünə bilər,” şairə söyləyir.

Əzizpurun dediklərinə görə, “özəlliklə İran mollakratiya rejiminin liderlərindən biri olmuş Məhəmməd Xatəminin prezidentliyi dönəmində toplumda azacıq yumşalma olduğu və ədəbi dərnəklərin çoxaldığı üçün qadınlar özlərini ədəbiyyat sahəsində göstərməyə başladılar. Bunun da əsas səbəbi ölkənin müəyyən qədər liberal siyasətlə idarə oluna biləcəyi görüntüsünü yaratmaq siyasətindən irəli gəlib. ”

Məlihə Əzizpur onu da bildirib ki, Həmidə Rəiszadə (Səhər), Nigar Xiyavi, Rüqəyya Kəbiri, İpək, Susən Nəvadə Razi, Pərisa İslamvənd, Rüqəyyə Səfəri və Solmaz Məhəmmədrzayi kimi tanınmış qadın şairlər və yazarlar Güney Azərbaycan ədəbiyyatı sahəsində çalışan qadınlar kişilərlə eyni səviyyədədirlər. Güney Azərbaycanda qadın şairlər ya yazarları kişilərlə eyni səviyyədə görürəm. Kəmiyyət baxımından geri heç də  deyillər. Keyfiyyət baxımından da çox fərqli və dəyişik əsərlər görürük. Burada qadın yazarlar, özəlliklə də gənclərin əsərlərini incələdiyimizdə fikir və məzmun açısından modernləşmə yolunda çaba göstərdiklərini, klassik formalardan və məzmunlardan, yəni panteizm fəlsəfəsinə söykənən cərəyanlardan qopduqlarını görürük.  Bəzi qadın yazarlarımız da feminizm ilə bağlı məhsuladar səviyyədə və ciddi şəkildə yaradıcılıq  əsərlərini ortaya qoyurlar. Amma bəzi yazarların əsərlərində isə durğunluq da görürəm. Məncə xüsusilə qadınlarda bundan artıq irəliləməyə imkan vardır. Özəlliklə Xatəminin prezidentliyi dönəmində başlanılan liberal dövlət siyasəti toplumda azca yumuşanma olduğu və ədəbi dərnəklərin çoxaldığı üçün qadınlar özlərini ədəbiyyat sahəsində göstərməyə başladılar.”

Məlihə Əzizpur qadınların yaradıcılığında gözə çarpan qadın ruhu və hissiyatından söz edir: “Kişilərin yazıb yaratdığı kimi, qadınlar da yazıb yaradır. Bütün bunlarda elə də bir fərq görmürəm. Ancaq, bəzən mövzu olaraq sadəcə yazıların dərinliyinə getdiyimizdə bir fərqlilik görürük. Yəni qadın ruhu və hissiyatını o yazılarda görmək mümkündür.”

Qeyd edək ki, ünlü gənc şairə Məlihə Əzizpur “Yağmur”, “Dəmir Sevgi”, “Ağ Gecə”, “14 qələm bəzənmiş ay”, “Su pıçıltısı” və “Mənə bir küçə bağışla” kimi Təbriz və Bakıda çap olunmuş Türkcə şeir kitablarının müəllifidir.

Amerikaninsesi.org

 

09:11