Əməkdar artist Salman Qəmbərov iki ölkədə konsert proqramı ilə çıxış edib

 

Tanınmış caz ifaçısı, əməkdar artist Salman Qəmbərov Almaniyanın Köln və Darmştadt şəhərlərində təşkil edilən “Jazz meets world” adlı konsertdə çıxış edib. Belə ki, “Eorasiyans Unity” ansamblının tərkibində çıxış edən S.Qəmbərov milli musiqilərimizlə yanaşı, dünya bəstəkarlarının əsərlərini də səsləndirib.

Bu barədə əməkdar artist belə bir açıqlama verib: “Konsertdə İran, Polşa, Almaniya, Özbəkistan və Bolqarıstandan olmaqla 7 nəfər musiqiçi iştirak edib. Ölkəmizi isə iki gün davam edən konsertdə mən təmsil edirdim. Konsertimizə böyük maraq var idi, çıxışımız tamaşaçı alqışları ilə qarşılandı. Bundan sonra konsertdə səslənən ifaları diskə köçürmək üçün 5 gün Berlinin “RBB” radiostansiyasının səsyazma studiyasında olduq. Yaxın vaxtlarda diskimiz tam hazır olacaq”.

Əməkdar artist onu da əlavə edib ki, Almaniyanın məşhur saksofon ifaçısı Coroline Thonun təşəbbüsü ilə baş tutan konsertdə özbək müğənnisi Feruza Okilova tərəfindən görkəmli bəstəkarımız Fikrət Əmirovun “Göygöl” mahnısı da ifa edilib. Bundan başqa Respublika Günü münasibətilə Belçikanın paytaxtı Brüsseldə konsert verən S.Qəmbərov təəssüratlarını bölüşüb: “Ölkəmizin Belçikadakı səfirliyinin təşkilatçılığı ilə gerçəkləşən konsert Brüsselin məşhur “BOZAR” konsert salonunda baş tutdu. Bu konsertdə məni rəhbəri olduğum “Bakustic Jazz” ansamblı müşayiət etdi. Ansamblın tərkibində mənimlə yanaşı, Emil Həsənov (bas gitara) və Vaqif Əliyev (zərb alətləri) də çıxış edib. Birgünlük konsert proqramımız da maraqla qarşılandı, tamaşaçıların zövqünü oxşadı”.

Xudaferin.eu
“Avropa Bürosu”

11:02