Misirdə 20 Yanvar şəhidlərinin xatirəsi yad olunub

Azərbaycanın Misirdəki səfirliyində 20 Yanvar şəhidlərinin anım mərasimi keçirilib. Tədbirdə səfirliyin əməkdaşları, Qahirə şəhərində yaşayan, işləyən, təhsil alan həmvətənlərimiz iştirak ediblər.

Milli.Az bildirir ki, anım mərasimini açan Azərbaycanın Misirdəki fövqəladə və səlahiyyətli səfiri Tural Rzayev 28 il bundan əvvəl Azərbaycanda SSRİ silahlı qüvvələrinin dinc əhaliyə qarşı törətdikləri cinayətlərdən danışıb, ümummilli lider Heydər Əliyevin respublikamızın Moskvadakı daimi nümayəndəliyinə gələrək, bu cinayətə qarşı cəsur və mətn mövqe nümayiş etdirdiyini vurğulayıb.

Sonra çıxış edən Misirdəki "Vətənpərvər" diaspor təşkilatının sədri, tədqiqatçı alim Seymur Nəsirov 20 Yanvar faciəsi ilə əlaqədar xatirələrindən söhbət açıb, harada yaşamasından asılı olmayaraq hər bir vətəndaşımızın Azərbaycanın haqq səsini xaricdə yaymasının və ölkəmizin milli maraqları naminə fəaliyyət göstərməsinin vacibliyini diqqətə çatdırıb.

Tədbir iştirakçıları şəhidlərimizin xatirəsini sükutla yad edib, səfirlikdə 20 Yanvar faciəsini əks etdirən fotostendlərlə tanış olublar. Sonra 20 Yanvar faciəsinə həsr olunan sənədli film nümayiş etdirilib.

20 Yanvar faciəsi ilə əlaqədar xəbərlər Misirin Yaxın Şərq Xəbərlər Agentliyində, nüfuzlu və yüksək tirajlı qəzetlərində çap olunub.

Milli.Az

12:55