Misir və Qətər KİV-i Azərbaycan və Türkiyə liderlərinin “TEKNOFEST Azərbaycan” festivalında iştirakından yazır

Misir və Qətər KİV-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıda ilk dəfə keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalında iştirakı barədə xəbərlər yayımlanıb.
Misirin “Əl Diplomasi” portalında AZƏRTAC-a istinadla yayımlanan xəbərdə Azərbaycan və Türkiyənin dövlət başçılarının festivalda çıxışları, həmçinin liderlərin görüşü haqqında məlumat verilib. Portalın materialında diqqətə çatdırılıb ki, prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan ikitərəfli əlaqələrin inkişafı ilə yanaşı, regional sülhün və təhlükəsizliyin təmin edilməsi məsələlərini də müzakirə ediblər.
Həmçinin Misirin “Əl Masr əl Yom” qəzeti və Qətərin “Marsalqatar” portalında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışından əsas məqamlar yer alıb. Ərəbdilli oxucuların diqqətinə çatdırılıb ki, Türkiyənin dövlət başçısı ölkəsinin müharibədə olduğu kimi, sülh dönəmində də Azərbaycanın yanında olduğunu, regionda sülh və sabitlik üçün Prezident İlham Əliyevin Ermənistanla qurmaq istədiyi dayanıqlı sülhü fəal şəkildə dəstəklədiyini bəyan edib. O əlavə edib: “Əziz Qardaşımın da dediyi kimi, bölgəmizdə yeni bir səhifə açmağın vaxtı çatıb. Hədəfimiz dayanıqlı sülhün təmin olunması, etimadın və mehriban qonşuluq əlaqələrinin qurulması, inkişafın sürətlənməsi ilə bölgəmizdə sabitliyin möhkəmləndirilməsidir. Bu hədəflərimizin həyata keçirilməsi üçün Azərbaycan ilə sıx həmrəylik, təmas və koordinasiyamızı davam etdirəcəyik”.

 

Oqtay Bayramov

Xudaferin.eu

20:52