Mirnadir Zeynalovun 100-dən çox əsəri Muzey Mərkəzində sərgilənir

 

 

Muzey Mərkəzində Xalq Rəssamı Mirnadir Zeynalovun 75 illiyinə həsr edilən sərgi açılıb. Bununla yanaşı, Azərbaycan Dövlət Rəsm Qalereyasının “Emalatxanada görüş. Mirnadir Zeynalov” layihəsi çərçivəsində hazırlanmış videoçarx nümayiş etdirilib.

Sərgidə çıxış edənlər sənətkarın həyat və yaradıcılığından söz açıblar. Qeyd edilib ki, M.Zeynalov 1963-cü ildə Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini, 1973-cü ildə isə Moskva Poliqrafiya İnstitutunun qrafika sənəti fakültəsini bitirib. O, ötən yüzilin 70-ci illərdən başlayaraq Azərbaycan boyakarlığında öz yerini tutan rəssamlardan biridir. Onun dəsti-xətti həmişə tanınır, emosional, ekspressiv tabloları öz bədii keyfiyyətləri, ideya orijinallığı, məharətli icra texnikası, yeniliyi və daimi axtarışları ilə seçilir. Kollaj və instalyasiya elementləri daha çox onun rəngkarlıq kompozisiyalarının ayrılmaz hissələrinə çevrilir.

Qeyd edilib ki, M.Zeynalov Hindistanda yaradıcılıq ezamiyyətində olarkən “Çay kənarı”, “Hind məbədi”, “Hind həyəti” mənzərələrini yaradıb. “Hindistan silsiləsi”nə, həmçinin bir sıra qadın portretləri - “Benqal qızı”, “Vasantanın portreti”, “Müqəddəs öküz ilə qız” kimi əsərlər daxildir. “Yaz bağı” adlı əsəri 1989-cu ildə Xəzəryanı ölkələrin rəssamlarının Bakıda keçirilmiş bienallesində bürünc medala layiq görülüb. Rəssamın əsərləri Moskva, Kiyev, Hyuston, Los-Anсeles və digər şəhərlərdə nümayiş olunub. Hazırda Azərbaycan Milli İncəsənət Muzeyinin və Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda onun dəyərli əsərləri qorunub saxlanılır.

Bildirilib ki, M.Zeynalov daxili dünyasını abstrakt üslubda daha dolğun şəkildə ifadə edən rəssamlardan biridir. Buna görədir ki, rəssamın yaradıcılığında realizm üslubunda işlənmiş portretlərə, lirik mənzərə əsərlərinə, eyni zamanda, yalnız müxtəlif rəng çalarlarının məharətlə istifadə olunduğu abstrakt həllərə qədər fərqli janr və üslublara rast gələ bilirik. O, öz üslubu ilə tanınan, maraqlı eksperimentlər aparan, heç kimi, hətta özünü belə təkrarlamayan ustad sənətkar kimi milli incəsənət tariximizdə layiqli yer tutur.

Tədbirdə xalq rəssamı Ağaəli İbrahimov, xalq artisti Oqtay Mirqasımov və başqaları rəssamın yaradıcılığından və sənət əsərlərinin özünəməxsusluğundan danışıblar.

M.Zeynalov çıxış edərək onun yaradıcılığına göstərilən diqqət və qayğıya görə hər kəsə təşəkkürünü bildirib. Sonra qonaqlar sərgi ilə tanış olublar. Ekspozisiyada Azərbaycan Dövlət Rəsm Qalereyasının fondundan və rəssamın şəxsi kolleksiyasından seçilmiş 100-dən çox əsər yer alıb. Sərgi noyabrın 15-dək davam edəcək.

 

Xudaferin.eu

"Bakı Bürosu"

 

08:56