“Min kələk qurub Kazan-Bakı reysini əlimdən aldılar”

“Aylıq qazancım azı 2 min manat idi. Şükür, ailəmi dolandırırdım, 80-dən yuxarı yaşı olan anamın xərclərini qarşılayırdım. Ta o vaxta qədər ki, qurduğum işin altını üstünə çevirdilər... Sahibkarın 5-10 manat qazancını əlindən almaqdan ötrü min oyun, min kələk qurdular. Kazan-Bakı-Kazan reysini əlimdən aldılar”.

Bunu AzadlıqRadiosu-na hazırda işsiz-gücsüz dolaşan, ancaq yaxın 2 ilədək iş qurub ailəsini dolandıran Namiq Abbasəliyev deyir. Namiq Abbasəliyev 2004-cü ildən Avropadan işlənmiş avtomobillər gətirib satırmış. Ancaq deməsinə görə, 3 il öncə Azərbaycan gömrüyündə rüşvətin məbləği tüğyan edəndə baxıb ki, əziyyətlə qazandığı gəlirin hamısı rüşvətə gedir. Üstəlik, gömrük işçilərindən şikayətləri də öz zərərinə olub, gömrük işçiləri onu daha da sıxışdırıb. Bu səbəbdən də avtomobil ticarətini buraxaraq başqa qazanc yoluna əl atıb. Bu dəfə Kazan-Bakı-Kazan reysini sahibindən alaraq işlətməyə başlayıb: “Sahibi reysi satırdı. İki reysi bir avtobusla mən, iki reysi də bir avtobusla bir başqa tanış aldı. Daşıyıcı Rusiyadan idi, müqavilə bağlanmışdı. Həmin şəxsin Azərbaycan tərəfindən də daşıyıcılıq müqaviləsi vardı. Rusiya 5 illik, Azərbaycan tərəfi 1 illik müqavilə bağlayırdı. Nəqliyyat Departamenti hər dəfə müddəti uzadanda rüşvət alırdı deyə, müqaviləni qısamüddətli etmək onlara sərfəli idi. Hər dəfə müqavilə müddəti uzadılanda avtobusları idarə edən dörd sürücünün hər birindən 1500 manat rüşvət alınırdı. Əlqərəz, bu çətinlikləri də adlayıb birtəhər başımızı saxlamağa çalışırdıq ki, bu işimizə də əl qoydular”.
Ayda iki dəfə olan reysi Kanavalov soyadlı Rusiya vətəndaşına məxsus “Qlobal” firması qanuni şəkildə gerçəkləşdirib. Azərbaycan tərəfdən isə reysin təşkilindən ötrü “Trans-kontrol” şirkəti ilə müqavilə bağlanıb. Reysin təşkilini Bakı Avtovağzalı həyata keçirirmiş.

“Guya Azərbaycan barədə təhqiramiz sözlər işlədib”

Bir gün sahibkara bildiriblər ki, daha avtovağzal avtobusları qəbul etməyəcək. Səbəbindən keçmiş sahibkar danışır: “9 ay sonra müqavilə dayandırıldı. Əsas kimi onu göstərdilər ki, guya Kanavalov Azərbaycan barədə təhqiramiz sözlər işlədib. Kanavalov and-aman elədi ki, ona böhtan atılıb. Nə isə, bu cılız bəhanələriylə, sadəcə, reysə sahiblənmək istəyirdilər. Müqavilənin ləğvindən sonra hər reys üçün 400-500 manat rüşvət verməklə işimizə davam etdik. Qanunla, bizdən yalnız bilet pulunun faizini almalı olduqları halda, hər avtobusda 48-50 sərnişin olurdusa, onun cəmi 4-5 nəfəri sənədləşdirilirdi. Qalan sərnişinlərin pulunu isə ciblərinə qoyurdular. Bizimsə sahibi olduğumuz reysə görə etdikləri qanunsuzluqlara qarşı çıxmağa gücümüz çatmırdı. Özümüz də görürdük ki, avtovağzal rəhbərliyi xarici reyslərlə sərnişindaşıma xətlərini inhisara götürüb. Bu reysləri qanuni təşkil edənlərə süni əngəllər yaradır”.
Avtovağzal rəsmiləri bununla da kifayətlənməyiblər. 2014-cü ilin martından başlayaraq onların reysinin birinin əvəzinə öz reyslərini açıblar. N. Abbasəliyev deyir, 2015-ci ilin noyabrınadək bu qaydada işləyiblər. Dekabrda Moskva ilə danışaraq Kazan reysi üzrə Azərbaycandan "Xan” şirkəti ilə müqavilə bağlayıb. Nəqliyyat Departamentinin də "haqqını” verib beynəlxalq reyslərə icazə sənədi olan "Dazvol” alıb. Müqaviləyə əsasən, 2016-cı ilin dekabrınadək bu reys üzrə sərnişindaşımanı həyata keçirməliymiş. Bakı avtovağzalında isə işin təşkilini "XXI əsr” şirkəti təmin etməliymiş. Ancaq şirkət bu müqavilə üzrə öhdəliyinə əməl etməyib. Sahibkarın işlətdiyi reyslə yanaşı, həftənin 2-5-ci günləri əlavə Bakı-Kazan reysi açıblar.

“Qazancımıza girdilər”

Sahibkar davam edir: “Beləcə, qazancımıza girdilər, reysi öz əllərinə aldılar. Həm məni, həm də mənimlə bərabər iki reys və bir avtobus alan digər sahibkarı çörəksiz qoydular”. Namiq Abbasəliyev sərnişin daşımasından əl çəkib. Avtobusu da Kazandakı dayanacaqlardan birində saxlayıb. Özü işsiz-gücsüz, ailəsi çörəksiz qalıb. Azadlıq Radiosu məsələyə aydınlıq gətirmək üçün XXI əsr şirkəti ilə günlərlə əlaqə saxlamağa cəhd etsə də, baş tutmayıb. Nəqliyyat Nazirliyinin elektron ünvanına göndərilən sorğu da cavabsız qalıb. İş orasındadır, Namiq Abbasəliyevin özünün də Rusiya prezidentinə yazdığı məktuba dərhal cavab gəlib. Hətta məktub əsasında araşdırma da aparılıb. Rusiya hazırda Kazan-Bakı-Kazan reysinin qanunsuz həyata keçirildiyini bildirib. Ancaq vətəndaşı olduğu Azərbaycanın prezidentinə göndərdiyi saysız-hesabsız teleqram və məktublar cavabsız qalıb. AzadlıqRadiosu-nun bir neçə il öncə apardığı araşdırma üzə çıxarıb ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin sahibi olan «Bakı XXI Əsr» MMC-nin təsisçisi Vircin adalarında yaradılan «Trans European Leasing Group» LTD-dir.

Azadliq.org

11:17