Milli ornamentlərimizin təbliği ölkəmizdə və xaricdə böyük maraq doğurur

 

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun, Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin birgə təşkilatçılığı ilə “Mədəni turizm məhsulunda milli ornamentlərin təbliği” mövzusunda konfrans keçirilib.

AMEA-ın müxbir üzvü, institutun direktoru Ərtegin Salamzadə Azərbaycan milli ornamentlərinin formasından, texnikasından, süjetindən, rəng və kompozisiya rəngarəngliyindən söhbət açıb. Bildirib ki, turizm məhsulları üzərində bu naxışların istifadə edilməsi və təbliği müasir dövrün vacib şərtlərindəndir. Mərkəzin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Asif Usubəliyev milli ornamentlərimizin təbliğinin ölkəmizdə və xaricdə böyük maraq doğura biləcəyindən danışıb. Ölkəmizə gələn turistlərin də memarlıq, miniatür, dulusçuluq, bədii-tikmə, dekorativ-tətbiqi sənət nümunələrində məhz milli ornamentlərə xüsusi maraq göstərdiklərini söyləyib. Azərbaycan milli ornamentlərinin mədəni turizm məhsullarının hazırlanmasında milli ənənələrin qorunmasına və təbliğinə ən böyük töhfə olduğunu deyən natiq, müasir dövrdə bunun vacibliyini bildirib.

Sonra Milli İncəsənət Muzeyinin elmi işlər üzrə direktor müavini Xədicə Əsədovanın “Hədiyyəlik məhsullar üzərində Azərbaycan tarixinin və mədəniyyətinin brendi - naxışlar” mövzusunda məruzəsi dinlənilib. Konfransda mərkəzin əməkdaşı Məhbubə Əbilova “Azərbaycanın bədii sənətkarlıq nümunələri dünya muzeylərində”, institutun əməkdaşları - Aida Sadıqovanın “Azərbaycan xalçaçılıq məktəbi ənənə və müasirlik kontekstində”, Fəridə Quliyevanın “Azərbaycan milli ornamentləri” mövzusunda məruzələri dinlənilib, mövzu ətrafında fikir mübadiləsi aparılıb. Konfransda institut və mərkəz arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Xudaferin.eu

06:22