Milli lobbiçiliyimizin əsasları, maneələr və perspektivlər

Hikmət İbrahimoğlu Kəngərli                                                                      

Milli lobbiçiliyimizin əsasları, maneələr və  perspektivlər               

Çağdaş dünyada siyasəti müəyyənləşdirən və ona yön verən əsas faktorlardan biri də adına şərti olaraq “təzyiq qrupları” deyilən qüvvələrdir. Təzyiq qrupları, xüsusilə, son yüz il ərzində siyasət arenasında elə aktiv mövqe qazanıb ki, başda Artur Bentli kimi məşhur Amerika politoloqu olmaqla, bir çox mütəfəkkirin diqqətini cəlb edərək siyasətşünaslıqda  “qrup nəzəriyyəsi” adlanan cərəyanın yaranmasına səbəb olub. Qrup nəzəriyyəsinə görə, bütün siyasi hadisələrin kökündə müxtəlif gizli və yarım gizli qrupların hakimiyyət orqanları ətrafında fəaliyyəti dayanır və bu fəaliyyət obyektiv incələnməsə, iqtidarların yürütdüyü siyasətin məqsədi düzgün analiz oluna bilməz. Ən güclü təzyiq qruplarından biri də lobbilərdir. İngiliscə  “dəhliz” mənasını verən lobbilər, əsasən beynəlxalq siyasətdən yararlanaraq öz mövcudluğunu qorumaq istəyən millətlər tərəfindən qurulur. Dünyada ən çox üç lobbi məşhurdur – yəhudi, yunan və erməni lobbiləri. Xüsusilə sonuncuların antitürk siyasətinin ağır nəticələrini bilavasitə dadan Azərbaycan xalqı lobbiçiliyin nə demək olduğunu yaxşı anlayır, mənfur qonşularımıza qarşı mübarizədə eyni silahdan istifadə etməyə can atır. Ancaq, arzu olunan məqsədə çatmaq baxımından diaspor fəaliyyətlərinin təmərküzləşdirilməsi kifayət deyil. Bununla yanaşı, Azərbaycan lobbiçiliyinin təbii şəkildə yaranması və dialektik inkişafı üçün onun qarşısındakı əngəllər ortadan qaldırılmalıdır. Xarici diasporun mənbəyini “Ana yurd” dediyimiz Azərbaycan torpaqları təşkil edir. Göllər çaylardan qidalandığı kimi, diasporumuz da Ana yurd sayəsində böyüyür, həm kəmiyyət, həm də keyfiyyət baxımından dəyişir. Odur ki, diaspormuzun arzulanan səviyyəyə gətrilməsi, əslində, Azərbaycanda yürüdülən siyasətlə üzvi surətdə bağlıdır. Bizə görə lobbiçiliyimizin qarşısında dayanan ən mühüm problemləri üç qrupa ayırmaq olar.

Ideoloji amil

Maddi mənfəət prinsipinə söykənən digər təzyiq qruplarından fərqli olaraq, lobbiçilik fəaliyyətinin əsasında vətənpərvərlik hissləri və ali mənəvi keyfiyyətlər dayanır. Azərbaycan lobbisini yalnız o kəslər qura bilər ki, öz həyatlarının qayəsini, maddi – mənəvi sərvətlərini Vətənin yüksəlişinə həsr etsinlər. Bu fədakarlıq üçün ilk növbədə, ideoloji zəmin olmalıdır. Yəni canını, malını, mülkünü fəda edəcəyi azərbaycançılıq prinsipləri aydın olmalı, bu prinsiplər hər gün cilalanmalı və vətəndaşlara aşılanmalıdır.  Ana yurd hansı məfkurəyə sahibdirsə, ondan bəslənən diaspor da gec-tez o məfkurəyə yiyələnir. Azərbaycan xalqının milli məfkurəsi isə yalnız tezislər halında mövcuddur. Hər bir vətəndaş dövlət bayrağımızın rənglərində əks olunan milli məfkurənin, türkçülük, müasirlik və islamçılıq olduğunu bilr, lakin bu tezislərin nədən ibarət olduğu çox az adama məlumdur. Daha doğrusu , müştərək bir məfkurə kimi heç kimsəyə məlum deyil. Hər kəsin anlayışındakı türkçülük, müasirlik və islamçılıq müxtəlif mənalar ehtiva edir. Ən çox  bölünməz bir prinsip kimi cəmiyyətimizdə qəbul və təbliğ olunan türkçülükdür.  Bu anlam milli məfkurəmizi müəyyən etdirməklə uluslaşma (xalqlaşma) prosesində xüsusi rol oynayır. İki yüz ilə yaxın rus əsarətində yaşasaq da, tamamilə assimilyasiya olunmadığımıza görə dinimizə daha çox borcluyuq. Çünki bu faktor bizi imperiyanın say etibarı ilə ən üstün milləti olan ruslardan ayırmış, şüuraltında yaşadığımız dini duyğular bizə fərqli insanlar olduğumuzu pıçıldamışlar. İslam faktoru isə bu gün də xaricdə yaşayan yurddaşlarımızı assimilyasiyadan qoruya biləcək amillərdən biridir. Bu səbəbdən də həmin amil incəliklərinə qədər işlənməli və onun əsasında Azərbaycana məxsus dini konsepsiya hazırlanmalıdır. Bununla da Azərbaycan özünün ən böyük güc potensialını əriyib yox olmaqdan qoruya bilər, həm də vətəndaşların doğuşdan gələn dindarlıq duyğularına cavab verdiyindən özünün müqəddəslik imicini (legitimliyini) artırar.   Özümüzə məxsus dini konsepsiyanın hazırlanması, eyni zamanda soydaşlarımızın mal və can təhlükəsizliyinin qorunması deməkdir. Təəssüf ki, dinin millətin əsas komponenti olduğunu unudanlar lobbiçilik fəaliyyətlərində bu önəmli faktora yer ayırmaq istəmirlər.

İqtisadi – psixoloji amil

Lobbiçilik fəaliyyətinin birbaşa vətənpərvərlik məfkurəsilə bağlı olmasına baxmayaraq, onun da əsasında maddi mənfəət amili xüsusi yer tutur. Maddi baza bu fəaliyyətin yalnız vasitəsi deyil, həm də məqsədlərindən biridir. Təsadüfi deyil ki, dünyadakı bütün lobbilər öz siyasi fəaliyyətlərilə iqtisadi maraqlarını birləşdirirlər. Bu, xüsusilə də məfkurəsi tam formalaşmamış qruplar üçün əsas impulsverici qüvvə rolunu oynayır. Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan xalqı da uluslaşmanın əsas göstəricisi sayılan vahid milli məfkurəni mənimsəyən toplumdur. Deməli, xaricdə yaşayan soydaşlarımızın iqtisadi maraqlarının Ana Yurdla bağlanması bu boşluğu doldura biləcək əsas vasitələrdən ola bilər. Diasporun iqtisadi maraqlarının Ana Yurda bağlanması üçün, ilk növbədə, Azərbaycan iqtisadiyyatının inkişafını əngəlləyən bir sıra problemlər həll edilməlidir. Bununla yanaşı, xarici investisiyanın ölkəmizə cəlb edilməsini, onun təhlükəsizliyini təmin edən islahatlar aparılmalı, bürokratik əngəllər minimuma endirilməli, ən əsası, iqtisadi inkişafı təşviq edən güzəştlər siyasəti tətbiq olunmalıdır. Bu islahatlar qanunla tənzimlənməlidir.                 

Siyasi – psixoloji amil

Lobbiçilik fəaliyyəti üçün tələb olunan əsas amillərdən biri də yurddaşların sosial aktivlik göstərməsidir. Sosial aktivlik isə siyasi vərdişlərdən irəli gəlir. Yəni vətəndaş illər boyu yaşadığı mühitə uyğun vərdişlərə yiyələnir, həmin vərdişlər onun həyatının bir parçasına çevrilir. Siyasi vərdişləri də, öz növbəsində, vətəndaşın yaşadığı dövlətin xarakteri müəyyənləşdirir. Dövlət nə qədər demokratik ənənələrə sahibdirsə, onun vətəndaşı da sosial cəhətdən bir o qədər aktiv olur. Çünki o, öz aktivliyinin nəticə verəcəyinə və şəxsi həyatını yaxşılaşdıracağına inanır. Başqa təbirlə desək, insanın sosial aktivliyi onun siyasi proseslərə təsir imkaları ilə bağlıdır. ABŞ-da aparılan sosiologi rəy sorğularına görə, zəncilərdə siyasətə laqeydlik və təbəəçilik, ağ irqə mənsub vətəndaşlarda isə təşəbbüskarlıq hissi hakimdir. Əlbəttə, səs vermə yoluyla heç nəyi dəyişə bilməyəcəyini görən, bunu artıq özünün alın yazısı kimi qəbul edən zəncinin siyasətə və ictimai fəaliyyətə laqeydliyindən təbii heç nə ola bilməzdi. Bu gün Azərbaycan bir dövlət olaraq hələ demokratik ənənələrə tam yiyələnməyib. Bu problem təbii ki, vətəndaşların sosial aktivliyinə də mənfi təsir göstərir. Xaricə gedən həmvətənlərimiz isə Ana Yurdda yiyələndikləri vərdişləri də özləriylə aparırlar. Ancaq,  onlar keçmiş Sovetlər Birliyindən miras ralmış və iliklərinə qədər işləmiş təbəəçilik düşüncəsindən hələ də yaxa qurtara bilmirlər.  Ən pisi isə odur ki, xaricdə tamamilə başqa mühitlə qarşılaşan bu insanlar cəmiyyətə uyğunlaşmaq problemi ilə üzləşir, “yeni dünyada” köhnə vərdişlərlə yaşaya bilmədiklərindən, “özgəlik” psixologiyasına qapılırlar. “Yeni dünya”da onsuz da antropoloji cəhətdən “özgə” kimi görünən yurddaşlarımızın davranışlarında da fərqlilik göstərməsi onları “arzu olunmaz şəxslər” vəziyyətinə salır. Təbii ki, hər baxımdan “özgələrin” effektli lobbiçilik fəaliyyəti göstərməsi qeyri-mümkündür.                                              

İrəliyə doğru addımlar atmaq heç zaman gec deyil

Dünyanın bir çox ölkələrində aparılan sosioloji araşdırmalar vətəndaşların sosial aktivliyinin onların legitimlik anlayışları və cəmiyyətdəki siyasi qüvvələrin bir-birinə bəslədiyi münasibətlərlə düz mütənasib olduğunu göstərir. Yəni siyasilərin bir-birinə münasibətləri nə qədər loyal və mülayimdirsə, sosial aktivlik də bir o qədər yüksək olur. Buna görə də, milli bütünlük və milli səfərbərlik siyasətinin doktrinası indiki durumu nəzərə alaraq sürətlə inkişaf etdirmək lazımdır. Azərbaycanda siyasi və dialoq mədəniyyətinın inkişaf etdirilməsi, həm də diasporumuz üçün də çox mühüm xarakter daşıya biləcək faktorlardan biri hesab olunur. Vətəndaşlar siyasi güclərin dialoq və mədəni davranış mədənəiyyətinə alışdıqca, onların da bir sıra aksiyalarda birgə iştirakı üçün geniş zəmin yaranır. Bu sırada siyasi plürealizmin təməl prinsiplərinə xüsusilə diqqət yetirmək lazımdır. Məhz qlobal anlama bağlı şəkildə toplumun vətəndaş cəmiyyətinin qurulmasında aktiv iştirakını təmin etmək mümkün olur. Bunun ardınca insanlarda Vətənə sahib olmaq hissi daha da güclənir. Məhz bu psixoloji amilin üstün keyfiyyətlərindən biri də milli lobimizin sürətlə inkişafına nail olmaq mümkündür. Burada demokratik düşüncə tərzinin ictimai faktora çevrilməsi isə artıq ümummilli qələbə hesab oluna bilər. Ölkəmizin demokratikləşmə prosesində mövcud olan problemlər məhz soydaşlarımızın yurdsevərlik duyğularına da ciddi zərbələr vurur. Əslində burada qeyri-adi heç nə yoxdur. Çünki vətəndaşın dövlət idarəçiliyində oynadığı rol onda Vətənə sahiblik hissini formalaşdırır. Əgər siyasi prosesləri öz xeyrinə dəyişdirmə və ya ona təsir etmə imkanı məhduddursa, deməli, dövlət də səninki deyil. Sənin olmayan dövləti yüksəltmək üçün xüsusi fədəkarlıq və əmək tələb edən istənilən ictimai fəaliyyətlərə qoşulmaq isə yersizdir. Demokratik ölkə vətəndaşlarının ruhuna yurddaşlıq hissinin hakim olması, qeyri-demokratik ölkə vətəndaşlarında isə təbəəçilik psixologiyasının formalaşması bu mənada təsadüfi sayıla bilməz. Göründüyü kimi, Azərbaycan lobbiçiliyinin yaranması istiqamətində bir sıra kompleks tədbirlər həyata keçrilməlidir. Bunun üçün, ilk növbədə milli məfkurəmiz cilalanmalı, ölkə daxilində bir çox iqtisadi və demokratik islahatlar aparılmalıdır.

19:19