Milli fəallar siyasi tutuqlu Mehdi Dustdarla görüşdülər

 

Güney Azərbaycan Milli Hərəkatının bir qrup fəalı siyasi tutuqlu, müvəqqəti saxlanma təcridxanasından yenicə azadlığa buraxılan Mehdi Dustdarın görüşünə gediblər.

 

Milli fəallara öz təşəkkürünü bildirən Mehdi Dustdar mollakratiya rejiminin təhlükəsizlik qüvvələri tərəfindən necə yaxalanması, həmçinin saxlandığı müddətdə məmurların qanunsuz davranışları haqda məlumat verib. Bundan sonra görüş Rəhim Qulami, Əfşar Mohebb, Mehdi Əjdəri, Tohid Əmir Əmini və daha bir neçə ərdəbilli fəalın çıxışı ilə davam edib. Fəallar Milli Hərəkatın cari məsələləri barədə fikir mübadiləsi aparıblar.

Görüşdə zamanı ən çox “PEJAK” kürd terror qruplaşmasının Güney Azərbaycanda aktivləşməsi və son günlərdə Çaldıranda 8 sərhədçinin terror aktında şəhid olması, tanınmış milli fəal Abbas Lisaninin yaydığı bəyanat, yazıçı Qulaminin “Folklorumuzdan bir yarpaq” kitabının nəşri və rəssam Mustafa Pərvinin rəsm sərgisinə aldığı lisenziyanın təhlükəsizlik qüvvələri tərəfindən ləğv edilməsi məsələsi müzakirə mövzusu olub.

Görüşün sonunda R.Qulami Azərbaycan Milli Hərəkatında birliyin təmin olunması üçün fikir ayrılığına dözümlü yanaşmağın vacib olduğunu deyib.

Onu da qeyd edək ki, son vaxtlar Ərdəbil şəhərində divarlar üzərinə çoxlu milli şüarlar yazılır. Bu hadisələrdən sonra M.Dustdar təhlükəsizlik qüvvələri tərəfindən yaxalanaraq Polis İdarəsinin təcridxanasına, sonra isə Ərdəbil zindanının müvəqqəti saxlanma korpusuna aparılıb. Oktyabrın sonunda yaxalanan fəal 11 gün ruhi və fiziki işgəncələr altında saxlandıqdan sonra 20 milyon tümənlik mülki vəsiqə qarşılığında sərbəst buraxılıb.

Xudaferin.eu
Güney Azərbaycan, “Muğan Bürosu”

10:04