Milli fəallar Çaldıran terrorunda şəhid olan sərhədçiləri andılar

 

Güney Azərbaycanın Urmu şəhərindəki Güney Azərbaycan Milli Hərəkatının fəalları Çaldıran bölgəsində PKK-nın kürd terror qruplaşması adına PEJAK tərəfindən şəhid edilən türk sərhədçilərinin xatirəsini anıblar. Mərasim noyabrın 9-da şəhidlərin məzarı önündə baş tutub.

Fəallar üzərində “Şəhidlər ölməz – Vətən bölünməz” şüarı yazılmış plakat və şəhidlərin şəkillərini daşıyıblar. Qeyd edək ki, noyabrın 3-də Türkiyə ilə sərhəddə yerləşən Güney Azərbaycanın Çaldıran şəhərində kürdlərə məxsus “PEJAK” terrorçuları 8 sərhədçinin olduğu avtomobilə silahlı hücum edərək onları qətlə yetiriblər. Şəhidlərdən 7 nəfəri  Azərbaycan, biri isə Türkmən türklərindəndir.

İran mollakratiya rejiminin rəsmiləri isə terrorçuların “PEJAK” üzvləri olduğunu bütün imkanları ilə gizlətməyə çalışır, onları “quldur silahlılar” kimi ifadələrlə təqdim edirlər. O da bəllidir ki, mollakratiya rejiminə məxsus bütün mətbuat orqanları da terror xəbərini təhrif edir vəya ümumiyyətlə işıqlandırmırlar.

Güney Azərbaycan Milli Hərəkatının fəallar hər bir fürsətdə bu hadisəni işıqlandırmağa çalışır. Oktyabrın 6-da Urmu şəhərində keçirilən voleybol yarışında “Şəhrdari” takımının tərəfdarları Çaldıranda baş verən bu qəddar qanlı terrorla bağlı qara plakatlar qaldırıb və müxtəlif şüarlar səsləndiriblər. Bazar günü Xoy şəhərində Çaldıran şəhidlərinin dəfn mərasimi zamanı terror olayına etiraz edən soydaşımızdan bir neçə nəfər mollakratiya rejiminin xüsusi cəza qüvvələri tərəfindən saxlanılıb. Onlar əllərində “Başın sağ olsun Azərbaycan” posteri daşıyarkən yaxalanaraq naməlum istiqamətə aparılmışdır.

Ötən aylarda Güney Azərbaycanın Batı bölgəsinin müxtəlif məntəqələrində “PEJAK” və KDP (Kürdistan Demokrat Partiyası, Quzey İraqda terrorbaşı Mustafa Bərzaniyə tabe olan kürd terror qruplaşamları) tərəfindən bir neçə terror aktı törədilib, nəticədə onlarla azərbaycanlı əsgər və dinc sakin həyatı itirib vəya müxtəlif dərəcəli bədən xəsarəti alıblar. Bütün bunlara isə mollakratiya rejimi sadəcə seyrçi gözlə yanaşıbdır.
 

Xudaferin.eu

Güney Azərbaycan, "Urmu Bürosu"

 

09:00