Milli fəal Mehdi Dustdar Ərdəbil zindanının müvəqqəti saxlanma korpusuna köçürülüb

 

Ötən həftə İran mollakratiya rejiminin təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan Güney Azərbaycan Milli Hərəkatının fəallarından biri kimi tanınmış Mehdi Dustdar Ərdəbil zindanının müvəqqəti saxlanma korpusuna intiqal edilib.

Milli fəalın müvəqqəti azadlığa buraxılması üçün 20 milyon tümənlik mülki vəsiqə qərarı çıxarılsa da, məsullar onun ailəsindən vəsiqəni qəbul etməyib. Bildirilib ki, M.Dustdar onunla birlikdə olanların adını açıqlayandan sonra sərbəst buraxılacaq. M.Dustdar noyabrın 1-də ailəsi ilə qısa telefon əlaqəsi saxlayaraq Ərdəbil zindanının müvəqqəti saxlanma korpusunda olduğunu deyib. Həmin korpus qeyri-müəyyən vəziyyətdə saxlanılan müttəhimlərə məxsusdur.
Milli fəal Ərdəbil İnqilab Məhkəməsinin 10-cu şöbəsində sistemin əleyhinə təbliğ etmək ittihamı ilə üzləşib. Məhkəmə ittihama səbəb kimi fəalın bildiriş yayması və divarlara şüar yazmasını göstərib.

Məhkəmə məsulları fəalın ailəsinə bildirib ki, dosye daha çox araşdırılmaq üçün Ettelaat (İran Kəşfiyyat Nazirliyi) İdarəsinə göndəriləcək. Son günlərdə Ərdəbil şəhərində divarlar üzərinə çoxlu milli şüarlar yazılıb. Azərbaycanlı gənclər tərəfindən yazılan şüarlar rejimin təhlükəsizlik qüvvələrini hərəkətə gətirib. Bu hadisələrdən sonra M.Dustdar təhlükəsizlik qüvvələri tərəfindən yaxalanaraq Polis İdarəsinin təcridxanasına aparılıb.

Xudaferin.eu
Güney Azərbaycan, “Muğan Bürosu”

10:31