Mijatovic: “Tənqidə heç vaxt həbslə cavab verilməməlidir”

 

"Azərbaycanda tənqidi və müstəqil səslərin boğulması davam edir. Tənqidə heç vaxt həbslə cavab verilməməlidir".

ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi Dunja Mijatovic bunu bloqqer Mehman Hüseynovun həbsi ilə bağlı öz twitter hesabında bildirib: “Mehman Hüseynovun barəsində hökm hakimiyyətin söz azadlığına hörmət etmək istəmədiyini və tənqidi səslərə qarşı repressiyaları davam etdirəcəyini göstərir. Bu hökm və Mehman Hüseynovun həbsi Azərbaycanda İlham Əliyev rejiminin tənqidçilərinin hədəf olduğunun daha bir nümunəsidir”.

Bunu isə 24 beynəlxalq hüquq-müdafiə təşkilatının bloqqer Mehman Hüseynovun həbsi ilə bağlı bəyanatında bildirib: “Bu, həmçinin göstərir ki, ötən il bir sıra tanınmış siyasi məhbusların azad edilməsindən sonra heç nə dəyişməyib. Siyasi motivli həbslər əvvəlki kimi adi haldır və Mehman Hüseynov bu gün həbsdə olan 13 jurnalst, bloger və KİV işçisindən biridir. Azərbaycanın beynəlxalq öhdəliklərinə uyğun olaraq onların hamısı dərhal və qeyd-şərtsiz azad edilməlidir”,- “Sərhədsiz Reportyorlar”ın Britaniya bürosunun rəhbəri Rebekka Vinsent bildirib.

Hakimiyyətin təhqiredici və özbaşına metodlarının nümunəsi

 

“Mehman Hüseynovun başına gələn hadisə hakimiyyətin hüquq müdafiəçilərini, jurnalistləri və fəalları cəzalandırmaq üçün istifadə etdiyi təhqiredici və özbaşına metodların nümunəsidir. Mehman Hüseynov dərhal və qeyd-şərtsiz azad edilməli, işgəncəyə və amansız rəftara görə təzminat almalı, bunda təqsirli olanlar isə mövqeyindən asılı olmayaraq, məsuliyyətə cəlb edilməlidir. Beynəlxalq ictimaiyyət Azərbaycanda hüquq müdafəçilərinə, jurnalistlərə və vəkillərə qarşı repressiyaların davam etdiyini və gücləndirildiyini nəzərə alaraq hərəkət etməlidir. Azərbaycanda insan hüquqları sahəsində ağır vəziyyət İnsan Hüquqları Şurasının ən güclü diqqətinə və addımlarına layiqdir”, - deyə İnsan Hüquqları Evi Fondunun vəkillər qrupunun rəhbəri Flroian İrminger belə söyləyib.

“Azərbaycan hakimiyyəti həm ölkədə, həm də xaricdısöz azadlığı və insan haqlarını pozur. Avropa hökumətləri hökuməti tənqid edənlərin və onların ailə üzvlərinin həbsinə, təqiblərə və işgəncələrə məruz qalmasına laqeyd olmamalıdır və Bakını cavab verməyə çağırmalıdır”, Article 19-dan Keti Morris bildirib.

Bəyanatda deyilir ki, Azərbaycan hökuməti tənqidçilərin təqib edilməsinə və saxlanmasına son qoymalı, işgəncə iddialarını araşdırmalı, siyasi məhbuslar dərhal və qeyd-şərtsiz azad edilməlidir. Sənədi Article 19, Jurnalistləri Müdafiə Komitəsi(CPJ), “Sərhədsiz Reportyorlar”, İnsan Hüquqları Evi Fondu, Beynəlxalq Pen Klub, İşgəncələr Əleyhinə Təşkilat - cəmi 24 tanınmış beynəlxalq qurum imzalayıb.

Azadliq.org

11:27