Məhəmməd Talıblı: “Az xərcli, mobil və effektiv idarəetmə modeli qurulmalıdır”

 

 “İndi ölkədə az qala hamı Ziya Məmmədovun şəxsini və Nəqliyyat Nazirliyinin ləğvini müzakirə edir. Problem şəxslərin problemi deyil, problemin şəxsiləşdirilməsinin problemdir”.
 

Bu barədə iqtisadçı Məhəmməd Talıblı Hurriyyet.org-a açıqlamasında bildirib: “Sistem işlək olmayanda şəxslərin önəmi artır. Əksinə, sistem effektiv olanda isə şəxslərin önəmi azalır. Sistemin mütəhərrik rolu artanda sistemin “mühərriki” yaxşı işləyir. Real məzmunlu islahatlarının tərkib elementlərindən biri struktur islahatlarıdır. Lakin bizdə Nəqliyyat Nazirliyinin ləğv edilib, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilməsini struktur islahatları kimi təqdim edilməsi kökündən yalnışdır. Əvvəla, ona görə ki, bu struktur islahatları o zaman yada düşdü ki, Nəqliyyat naziri Ziya Məmmədov artıq “persono-non-qrant” elan olunmuşdu. Onun komandadan uzaqlaşdırılmasına siyasi qərar veriləndən sonra səlahiyyətləri hissə-hissə alındı. İkincisi, bu struktur islahatları digər nazirlik və komitələrin paralel olaraq birləşdirilməsi fonunda baş vermədi. Bu hələlik əlahiddə formada və bir qurum üçün tətbiq edilir. Üçüncüsü, dünya ölkələrində struktur islahatları ilə bağlı təcrübələr göstərir ki, nazirlik və agentliklər birləşdiriləndə hər iki qurumların rəhbər şəxslərin yeni strukturda paritet əsaslarla və ya nisbi fərqlə təmsil olunmaq imkanları olur. Hər iki qurumun eyni mərkəzdən daha az tərkibli və birgə komanda halında mobil işləmə mexanizminə malik olur. Bizdə isə həmin nazirlikdən mütəxəssislərin işə cəlb olunması və digər nazirlikdə onların təmsilçiliyinə şərait yaradılması formasında proses getmir. Bizdə struktur islahatlarının əsas eybəcərliyi ondadır ki, hökumətin birdən sevimli bir şəxsi komandasına daxil etmək istəyir. Bu zaman fikirləşirlər ki, bunun üçün bir nazirlik, komitə və agentlik yaradaq. Onun “boyuna biçilən” nazirliyi yaradıb verirlər həmin şəxsə. Həmin şəxs mövcud olmuş quruma rəhbər yox, onun istəklərini təmin edən sanki şirkətə rəhbər şəxs gətirilir. Halbuki, tamamilə əksinə olan idarəetmə siyasəti baş verməli idi. Yəni, iyerarxik quruluş formalaşdırıb və sahəvi nazirliyə həm mütəxəssis kimliyi olan və siyasi qərarları effektiv icra etmək qabiliyyəti olan hazırlıqlı şəxs gətirilməlidir. Sonra həmin şəxs də hansısa motivdə gözdən düşəndə ona görə nazirlik ləğv olunmur. Əgər bir şəxsə görə nazirlik ləğv olunursa, bu artıq kardondan düzəldilmiş maketi xatırladacaq.

2015-ci ilin sentyabr ayında bir məqalə ilə çıxış edərək belə bir qənaətimi bölüşmüşdüm ki, növbəti il (2016) hökumət bəzi nazirlik və komitələrin birləşdirilməsinə gedərək büdcə xərclərini azaltmaq kursu götürəcək. Bu, sadəcə, falçılıq və təsadüfi olaraq öncə görməlik deyildi. Dövlət büdcə gəlirləri mənbələri zəifləyir, NF-dan transfertlər azalır və idarəetmə xərcləri ağır çəkili bir xərc maddəsi olaraq yük altında olması büdcə sənədlərindən oxunurdu. Hamımıza məlumdur ki, “isti pullar” ölkə iqtisadiyyatına daxil olanda daha çox insanı idarəetməyə almaq və müxtəlif sosial qrupların maraqlarını təmin etmək siyasəti yürüdüldü. O zaman isə texnokratik korpus formalaşdı, idarəetmə aparatı şişdi və ləng hərəkətliliyi hiss olunan ağır bürokratiya meydana çıxdı. Beləliklə, şişmiş idarəetmə aparatı son illərdə neft pullarının qlobal konyukturanın qurbanına çevirdi. Belə idarəetmə siyasəti olmur. Əslində struktur islahatların əsas hədəfi yğcam və effektiv hökuməti modeli qurmağa proyeksiyalanmalıdır. Ona yönəlik xərclər isə məhz bu effektivliyə xidmət etməlidir. Çünki büdcə xərclərinin azaldılması özü-özlüyündə məqsəd ola bilməz”.

Şamo
Hurriyet.org

 

11:00