Melodiyalarda yaşayan bəstəkar ömrü

Azərbaytcanın ünlü bəstəkarı Nazim Əliverdibəyov 1926-cı ildə Şuçşada musiqişünas Ağalar Əliverdibəyovun ailəsində dünyaya göz açıb. Mütərəqqi ziyalılarımızdan olan Ağalar bəy Sankt-Peterburq Texnoloji Universitetində oxumuş, sonra isə təhsilini Varşava İnşaat İnstitutunda davam etdirmişdi. O, dəmiryol mühəndisi olmaqla yanaşı, həm də mahnı və muğamlarımızın mahir bilicisi və ifaçısı kimi Azərbaycanın musiqi tarixinə daxil olub. Onun “İllüstrasiyalı musiqi tarixi” kitabı ölkəmizin musiqi tarixi haqqında ilk ensiklopedik mənbə hesab edilir.Dahi Üzeyir bəyin dayısı oğlu olan Nazimin qardaş -bacısının da həyat yolları musiqi dünyası ilə birbaşa bağlı olub. Qardaşlarından Rasim skripkaçı, Kazım isə dirijor kimi böyük nufuz qazanıblar.Bacısı Nüşabə xanım da tanınmış pianoçu kimi şöhrət qazanıb.Nazim isə ilk musiqi təhsilini 12 yaşında alaraq violonçeldə çalmaq öyrənib. Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının violonçel sinfində təhsilini davam etdirən gənc bir neçə ildən sonra bəstəkarlıq fakültəsinə, Cövdət Hacıyevin sinfinə gələrək bunun sirlərinə dərindən yiyələnib. O özü musiqi əsərləri bəstələməklə yanaşı, həm də bir çox filmlərin kino bəstəkarı, musiqi redaktoru olub. Azərbaycan Dövlət Konservatoriyasının məzunu kimi bir çox uğurlara imza atıb. 1951 -ci ildə Bülbül adına orta ixtisas məktəbində və Azərbaycan Dövlət Konservatoriyasında dərs deyib.

1964 -1985-ci illərdə Bülbül adına orta ixtisas məktəbinin direktoru olub. Üzeyir Hacıbəylinin "Əsli və Kərəm", "Leyli və Məcnun" operalarını yenidən orkestrləşdirib. Üzeyir Hacıbəyovlinin nəşr edilmiş "Leyli və Məcnun" (1983) və "Koroğlu" (1985) operalarının partituralarının redaktoru olub. Yaratdığı misilsiz musiqi əsərləri ilə Azərbaycan mədəniyyət tarixinə öz adını həkk etmiş bəstəkarın anadan olmasından bu il 90 il keçir. Bu münasibətlə 30 saylı Uşaq musiqi məktəbinin görkəmli bəstəkar-pedaqoq Nazim Əliverdibəyovun 90 illik yubileyinə həsr olunmuş yubiley tədbiri Bakı Musiqi Akademiyasının böyük zalında təşkil olunub. Bütün qonaqları salamlayan musiqi məktəbinin müəllimi Sevinc xanım Əzizova bəstəkarın yazdığı musiqilərin sadəliyindən və dərin mənalı olmasından söz açaraq onun yaradıcılığında müasir mövzularla yanaşı, uzaq keçmişin obrazlarına da müraciət olunduğunu bildirib: “Nazim Əliverdibəyovun yaradıcılığı müxtəlif janrları əhatə edir. O, həm iri həcimli simfonik lövhələrə, həm də kiçik formalı əsərlərə maraq göstərərək istər monumental ifadə tərzindən, istərsə də, zərif kamera yazı texnikasından eyni dərəcədə məharətlə istifadə edib. Biz bəstəkarın yaradıcılığında piano üçün “Skerso” və “Xatirə”, violonçel və piano üçün “Sonatina”, pyeslər, preludlər, mahnılar, romanslarla yanaşı, iri həcmli əsərlərə-o cümlədən, ”Mingəçevir” simfonik poeması, 2 balet süitası, ”Cırtdan”operası, ”Muğam” xoroqrafik lövhəsi kimi əsərlərə də rast gəlirik. Yeri gəlmişkən “Cırtdan”dan sonra bəstəkar bir daha musiqili-səhnə janrına “Nazxanım naz eyləyir” musiqili komedyasında müraciət edib”.
Azərbaycan Bəstəkarlar ittifaqının katibi, Üzeyir Hacıbəylinin ev muzeyinin direktoru Sərdar Fərəcovun çıxışında duyğulu notlar üstünlük təşkil etdi. O, bu gözəl axşamdan bəhs edərək Nazim müəllimin musiqi aləmində silinməz izlər qoyduğunu, “Leyli-Məcnun”, “Əsli- Kərəm” və digər belə həcmcə böyük bir çox əsərləri redakdə etdiyini dilə gətirdi. Xalq artisti Ramiz Quliyev də yubilyar haqda unudulmaz xatirələrindən söz açdı: “Bu gün öz sənətinə, müəlliminə sədaqətli olan bir müəllim yada salındı .Nazim Əliverdibəyov unikal bir insandı.Nazim müəllim vətənpərvərdi, vətənə, Qarabağa, Şuşaya mahnıları ilə bağlı idi. O, qəriblikdə qalan Şuşamızın ruhu nigaran bir yadigarıdır”. Çıxış edənlər Nazim Əliverdibəyov haqqında işıqlı xatirələrini bölüşüblər.

Hüsniyyə Əlizadə

17:32