Meksika radiosunda Azərbaycanın sülhə nail olmaq üçün atdığı addımlardan danışılıb

Meksikanın geniş dinləyici auditoriyasına malik “ADR Network” və “Rasa” informasiya şəbəkəsinə məxsus “Radio 620 AM” radio kanallarında səfir Məmməd Talıbovun ölkəmizin regionda sülhə nail olmaq üçün atdığı addımlarla bağlı verdiyi müsahibələr yayımlanıb.

Azərbaycanın Meksikadakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, müsahibələrdə Qarabağ münaqişəsinin tarixi, Azərbaycanın 20 faizə yaxın torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi, 1 milyona yaxın azərbaycanlının etnik təmizləməyə məruz qalması, 2020-ci ildə ölkəmizin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq öz ərazilərini 30 illik erməni işğalından azad etdiyi 44 günlük Vətən müharibəsinin nəticələrindən danışılıb. Həmçinin Ermənistanın işğal altında saxladığı ərazilərimizdə törətdiyi cinayətlər - mülki infrastrukturun məqsədyönlü şəkildə məhv edilməsi, mədəni irsin talan edilərək dağıdılması, saxtalaşdırılması, qanunsuz daşınması, ətraf mühitə və biomüxtəlifliyə vurulan zərər və həmin ərazilərin kütləvi şəkildə minalanması barədə məlumat verilib.

Müsahibələrdə, həmçinin 2020-ci ilin noyabr ayında Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli Bəyanatın müddəalarını əsasən Ermənistanın öz silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmadığı və həmin əraziləri minalamağa davam etdirdiyi bildirilib. Regionda sülhün bərqərar olması və Ermənistanla münasibətlərin normallaşdırılması üçün Azərbaycan tərəfindən 5 əsas prinsipin yer aldığı sənədin təqdim edildiyi, lakin Ermənistanın müxtəlif bəhanələrlə bu prosesi gecikdirdiyi qeyd olunub.

Səfir M.Talıbov həm keçmiş münaqişə dövründə, həm də Vətən müharibəsindən sonra Meksika Birləşmiş Ştatları Hökuməti tərəfindən göstərilən ədalətli mövqeyə görə təşəkkürünü bildirib və bundan sonra da BMT TŞ-nin qeyri-daimi üzvü kimi Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması prosesində dəstək göstəriləcəyinə, habelə Meksika da daxil olmaqla beynəlxalq ictimaiyyətin Ermənistanı Azərbaycanla sülh sazişini imzalamağa çağıracağına inandığını vurğulayıb.

Sonda Meksika ilə Azərbaycan arasındakı əlaqələrdən bəhs edən diplomat, bu il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illik yubileyinin qeyd olunduğunu vurğulayıb. Diplomat bu müddət ərzində ölkələrimiz arasında həm ikitərəfli səviyyədə, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın səmərəli şəkildə davam etdirildiyini, həmçinin iki ölkə arasında ticari, iqtisadi, turizm və mədəniyyət sahələrində əlaqələrin inkişafı üçün böyük potensial və imkanların mövcud olduğunu bildirib.

Xudaferin.eu

17:03