Meksika mətbuatı Azərbaycan səfirliyinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məktubunu dərc edib

 

Meksikanın ən oxunan qəzetlərindən olan “El Universal”-da Azərbaycanın Meksikadakı səfirliyinin müvəqqəti işlər vəkili Məmməd Talıbovun həmin qəzetdə bir neçə gün əvvəl çap olunmuş “Qafqazın unudulmuş münaqişəsi” adlı məqaləyə cavab məktubu dərc edilib.
 

Səfirlikdən verilən məlumata görə, məktubda Azərbaycan diplomatı üç Meksika deputatının ölkəmizin icazəsi olmadan Azərbaycanın işğal olunmuş ərazisinə qanunsuz səfərindən sonra bu ölkənin mediasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə marağının artmasına səbəb olduğunu qeyd edir. O, bu insidentin münaqişələrlə bağlı faktlar, həmçinin mövcud olan real vəziyyət barədə məlumatlı olmanın nə qədər mühüm olduğunun bir daha sübut etdiyini bildirir.

“El Universal” qəzetinin bu hadisəni işıqlandıran KİV-dən biri olduğu qeyd edilərək, eyni zamanda bu mövzu ilə bağlı məqalələrdən biri olan Qabriel Moysenin “Qafqazın unudulmuş münaqişəsi” adlı məqaləsində bir sıra faktoloji səhvlərin yer aldığı deyilir, onlarla bağlı aydınlıq gətirilməsi niyyəti izhar edilir. Diplomat qeyd olunmuş məqalədə BMT-nin münaqişə ilə bağlı məlum dörd qətnaməsinin adı çəkilmədiyini bildirir və bu sənədlərin münaqişənin təbiətini açıq aydın nümayiş etdirdiyini və həmin təbiətin bir ölkənin öz qonşusuna qarşı təcavüz və ərazi iddiaları olduğunu diqqətə çatdırır. Bu qətnamələrin işğalçı qüvvələrinin Azərbaycan ərazisindən tam, qeyd-şərtsiz və dərhal çıxarılmasının tələb etdiyini, onların ölkəmizin ərazi bütövlüyü və suverenliyinin təsdiqlədiyini vurğulayır. Həmçinin Avropa İnsan Hüquqları məhkəməsinin “Çıraqov və başqaları Ermənistana qarşı” iş üzrə qərarı xatırladılaraq həmin qərarda işğal olunmuş ərazilərdə yaradılmış separatçı rejiminin tam olaraq Ermənistanın dəstəyi və nəzarəti nəticəsində fəaliyyət göstərdiyi vurğulanır.

Qabriel Moysesin məqaləsində qeyd edilməyən digər vacib məqamın Ermənistanın Azərbaycanın yalnız Dağlıq Qarabağ regionunu deyil, bundan əlavə digər yeddi rayonunun, beləliklə ölkə ərazisinin 20%, işğal etməsi və bu təcavüz nəticəsində bir milyona qədər, ölkə əhalisinin 10 % artıq təşkil edən, həmvətənimizin etnik təmizləmələrə məruz qalması, onların iyirmi ildən artıqdır ki, öz doğma yurdlarına qayıtmalarını gözləməsi olduğu oxucuların nəzərinə çatdırılır. Məqalədə adı çəkilən qondarma referenduma gəldikdə onun həm ölkə konstitusiyası, həm də beynəlxalq hüquqa zidd olaraq, həmçinin regionun Azərbaycan əhalisi iştirak etmədən keçirildiyi deyilir. Bildirilir ki, Azərbaycanın əzəli torpaqları və Azərbaycan mədəniyyətinin beşiyi olan Qarabağ regionu, 1918-ci ildə yaranmış ilk Azərbaycan Xalq Cümhuriyyətinin ərazisinə də daxil idi. Bolşevik təcavüzü və Sovet Sosialist Respublikaların yaradıldığından sonra Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları davam edirdi. Erməni mənbələrinin guya İosif Stalinin Dağlıq Qarabağı Azərbaycana verməsi barədə yalançı fikirlərinə cavab olaraq 1921-ci il 5 iyul tarixində Kommunist Partiyasının Qafqaz Bürosu tərəfindən Qarabağ regionunun Azərbaycan ərazisində qalması qərarının qəbul edildiyi, bu sənədlə açıq mənbələrdə tanış olmağın mümkün olduğu bildirilir. Eyni zamanda, tarixin sonradan göstərdiyi kimi, eyni qərarla Azərbaycanda Dağlıq Qarabağ muxtar vilayətinin yaradılması ilə Azərbaycanın ərazi bütövlüyünə qarşı “saat bombasının” qurulduğu deyilir. Qeyd olunur ki, müəllifin münaqişədən yazarkən Azərbaycan və Ermənistan əhalisinin dini mənsubiyyətindən söz açması təəccüb doğurur, belə ki bu münaqişənin dinə heç bir aidiyyəti yoxdur. Azərbaycanın müxtəlif din və mədəniyyətlərin min illərlə heç bir ayrı-seçkiliyə məruz qalmadan sülh və əmin-amanlıq şəraitində yaşadıqları bir məkan olduğu vurğulanır. Azərbaycan nümayəndəsi Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum boru xətləri, həmçinin Avropanı və Asiyanı birləşdirən ən qısa yol olan Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin uğurla həyata keçirildiyini, habelə Cənubi Qaz Dəhlizi layihəsinin implementasiyasının sürətlə irəlilədiyini qeyd edərək, Azərbaycanın təşəbbüsü ilə reallaşan bütün bu layihələrin daha sıx regional əməkdaşlığa, bu layihələrin coğrafiyası boyu minlərlə yeni iş yerlərinin açılmasına səbəb olduğunu diqqətə yetirir.

Azərbaycan və Meksika arasında münasibətlərin dostluq və tərəfdaşlıq ruhunda davam etdiyi, bir sıra sahələrdə əməkdaşlığın həyata keçirildiyini, həmçinin iki ölkənin Bakı və Mexikoda Səfirliklərinin fəal çalışdığı qeyd olunur. Deputatların ölkəmizin işğal olunmuş ərazilərinə qanunsuz səfəri və onların münaqişə kimi həssas məsələyə cəlb olunması cəhdi Ermənistan Hökumətinin ölkələrimiz arasında bu tərəfdaşlıqdan narahatlığını göstərdiyi deyilir. Sonda vurğulanır ki, münaqişədə hazırki status-qvo və Azərbaycan torpaqlarının işğalı regionda sülh və təhlükəsizliyə ən böyük təhlükə və münaqişənin region ölkələri və xalqları üçün faydalı olacaq həlli qarşısında ən böyük əngəl olaraq qalır.

Xatırladaq ki, son həftələr Meksika mediasında ölkəmizin işğal olunmuş ərazilərinə qanunsuz səfər etmiş deputatlar və buna Azərbaycan tərəfinin ciddi reaksiyası geniş olaraq işıqlandırılır, adıçəkilən deputatların bu hərəkəti kəskin tənqid edilir, həmin ərazilərin Ermənistan tərəfindən işğal altında olunduğu və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın ərazisi kimi tanındığı vurğulanır.

TREND İA

 

15:00