Meksika ilə sərhəddə hasar çəkmək 15 milyard dollara başa gələ bilər

ABŞ-ın qanunverici orqanının yuxarı palatasındakı respublikaçı çoxluğunun lideri Mitç Makkonnell ölkənin Meksika ilə sərhədində hasar çəkilməsinin 12-15 milyard dollara başa gələ biləcəyini deyib. ABŞ Prezidenti Donald Tramp çərşənbə günü Meksika ilə sərhəddə “iri fiziki sədd” tikintisi barədə fərman imzalayıb. Dövlət başçısı bəyan edib ki, səddin reallaşıdırılması “dərhal başlanacaq”. O, ABŞ və Meksika münasibətlərinin “yaxşılaşacağına” əminliyini bildirib.

Donald Tramp hələ seçkiqabağı kampaniyada ABŞ ərazisinə qeyri-leqal miqrant axınını dayandıra biləcək divar tikintisinin lehinə çıxış edirdi. Onun sözlərinə görə, səddin hündürlüyü 15 metrə yaxın olmalıdır. Divarın dəyərini isə Tramp 10-12 milyard dollar həcmində qiymətləndirib.
Xatırladaq ki, Meksika hökuməti ABŞ Prezidenti Donald Trampın iki ölkə arasında divar çəkilməsinə dair qərarını tənqid edib. Ölkə Prezidenti Enrike Penya Nyeto Meksikanın səddin tikintisi üçün pul ödəməyəcəyini bir daha bəyan edib. Bu mübahisə fonunda Meksika Prezidentinin yanvarın 31-də Vaşinqtona planlaşdırılan səfərinin baş tutacağı hələlik məlum deyil. Nyeto səfərin təxirə salınmasına lüzum görmədiyini, Tramp isə onunla görüşdən imtina etməyə hazır olduğunu bildirib.

Xudaferin.eu
ABŞ, “Vaşinqton Bürosu”

12:28