Mehriban Vəzir: “O göz yaşının tarixçəsini yazmaq istədim”

“Məni Azərbaycan təhsil sistemində Ağabəyim ağanın olmaması ağrıdır”

 

Xudaferin.eu Teleqraf.com - istinadən yazıçı-publisist Mehriban Vəzirlə müsahibəni təqdim edir:

- Mehriban xanım, nəhayət ki, uzun müddətdir sözü-söhbəti gedən “Ağabəyim ağa Cavanşir” kitabı çap olundu. Maraqlıdır, Ağabəyim ağa haqda yazmaq ideyası necə yarandı? 

- Əslində, bir neçə gün qabaq bu sualı özümə verdim: harada, necə, hansı saatda Ağabəyim ağaya aşiq olmuşam? Sualıma cavab tapa bilmədim, çünki xatırlamıram. Onun haqqında məqalə yazdım, veriliş hazırladım, hekayə qələmə aldım, sonra bir başqa məqalə yazdım. Bu xanım uzun illər mənə dinclik vermədi, mən tamam başqa şey düşünmək istəyirdim, amma o, gözümün qabağından getmirdi. Kitabın üzərində gördüyünüz şəkil rəssam tərəfindən işlənmiş portretin surətidir. Fətəli şah Qacarın sarayında Avropanın məşhur rəssamları çalışırdılar, gəlib illərlə müqavilə ilə işləyirdilər, şahların, şahbanuların, şahzadələrin şəklini çəkirdilər. Qacar sarayında da belə bir ənənə vardı. Bu da kökə, Təbriz miniatür məktəbinə söykənirdi. Saray divarlarında “Leyli və Məcnun”dan səhnələr əks olunmuşdu. Eyni zamanda, portretlər də çox populyar idi. Şahbanu oturub poz verib, bu portret çəkilib. Çox təəssüflənirəm ki, bu portretin orijinalını görməmişəm...

- Əsli indi hardadır?

- Düşünürəm ki, ya Tehranda, ya da Qumda olar. Çünki Ağabəyim ağa həmin dövrdə Tehranda yaşayıb, ömrünün sonlarında isə daha çox Qumda olub. Bu şəkli portretdən çəkib, foto halına salıblar. Onun haqqında yazılar da bu foto ilə təqdim edilir. Ağabəyim ağanın fotosuna çox baxırdım, portretdən köçürüldüyü üçün cizgilər tam aydın görünmür, amma o gözündə bir damcı yaş gördüm – kirpiyinin üstündə. O gözlər, göz yaşı məni çox narahat edirdi. Acı olan odur ki, böyük xanımların bizim ictimai şüurumuzda məqamı, yeri yoxdur. Ümumiyyətlə, Azərbaycan ictimai şüurunda mühüm məqamlar var ki, orada boşluq görünür. Çünki biz sovet təhsil sistemindən çıxmışıq. O sistem bu gün də dominantlığını qoruyur.

Məni Azərbaycan təhsil sistemində Ağabəyim ağanın olmaması ağrıdır. Onun ədəbiyyat tariximizdə də geniş yeri yoxdur. Çox az adam var ki, öz xalqının ədəbiyyatında iki misra ilə düşsün. İnsanlar ədəbiyyatın yaddaşına düşmək üçün külliyyat yazır, bəzən heç düşmürlər. Bu gün də elə yazıçılar görürük cildlərlə kitab yazıb, əsərləri, tamaşaları qoyulur, amma ortada əsər yoxdur, sadəcə, cızma-qara var, vəssalam! Biz bilmirik yazdıqlarımızın başına nə gələcək, onlar bu əsrdən o birinə keçəcək, ya yox. Amma dünya durduqca Ağabəyim ağanın “Əfsus ki, yarım gecə gəldi, gecə getdi, heç bilmirəm ömrüm necə gəldi, necə getdi” misraları qalacaq. “Qarabağ şikəstəsi”, “Sarı bülbül” kimi bəstələri yaşayacaq. Hər nəğmənin arxasında bir dastan, tarix, acı həyat hekayəsi var. Bu kitabda onları verməyə cəhd eləmişəm. O göz yaşının tarixçəsini yazmaq istəmişəm.

- Kitab kimlərə, hansı auditoriyaya ünvanlanıb?

- Kitabın iki hədəfi var. Birincisi, Ağabəyim ağanı tanıdığım qədər cəmiyyətə tanıtmaq istəyirəm. Əlbəttə, bir kitabla onu ictimai şüura yerləşdirmək olmaz. İctimai şüura oturdulmağın bir yolu var: tədris sisteminə salınmalıdır! Amma gücüm çatan qədər, sevdiyim və tanıdığım qədər tanıtmaq niyyətindəyəm. İkincisi, Ağabəyim ağanın həyatı Qarabağşünaslıq elmində bir boşluqdur. Qarabağın tarixini, keçmişini, işğalını bilmək üçün Ağabəyim ağanın həyatını bilmək lazımdır. Mən də Azərbaycan tarixşünaslığına bunu göstərmək istəmişəm ki, baxın, burada bir boşluq var.

- Həm də tarixçilərə mesajdır...

- Məqsədim həm də tarix elminə boşluğu və bunun öyrənilməsinə ehtiyac olduğunu göstərmək idi. Bu, elmi əsər deyil, monoqrafiyalar əsasında yazılmış bir bədii-publisistik kitabdır və geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Tarix İnstitunun möhtərəm əməkdaşları bu kitabı oxusalar, biləcəklər ki, bu sahədə ilk əsərdir.

- İlk qaranquşdur...

- Elə deyə bilərsiniz. Ağabəyim ağa haqda yazılanların hamısını oxumuşam, 5 səhifədən o yana keçmir. Tarixdə az-az kraliça qadın var ki, dünyanın böyük insanları ilə məktublaşsın, Napoleona məktub yazsın. Alimlər yazır ki, onun Napoleona yazdığı məktublar Luvrda saxlanır. Bu məsələnin arxasında dövlət dayanmalı, maliyyə ayrılmalı, mütəxəssislər gedib araşdırma aparmalıdır. Rus mənbələri Ağabəyim ağa haqda bilirsinizmi nə yazırlar? Onu İranla Rusiya münasibətlərini korlayan kraliça kimi təqdim edirlər. Niyə belə yazırlar, bunu öyrənmək lazımdır. Niyə iki ölkənin münasibətlərini korlayırdı? Çünki ruslar Qarabağı işğal eləmişdi, Ağabəyim ağa onun davasını çəkirdi. Bütün varidatını verib onu geri almaq istəyirdi. Abbas Mirzənin hərbi islahatlarına dəstək verirdi. O, hədsiz zəngin idi və bütün var-dövlətini bu yola həsr edirdi. Azərbaycan insanı bunu, öz tarixini bilmir. Ağabəyim ağa milli kimliyin, xüsusilə qadın kimliyinin tərkib hissəsidir. Təəssüf ki, bu haqda çox az məlumatlıyıq.  

- Geniş oxucu kütləsinin Ağabəyim ağa haqda fikirləri üç-dörd cümlədən o tərəfə keçməz: İbrahim xanın qızı olub, münasibətləri yaxşılaşdırmaq üçün onu Fətəli şaha ərə veriblər, o da İran sarayında həsrət şeirləri yazıb, vəssalam. Yazdığınız kitabda bizə bəlli olmayan hansı məqamlara işıq tutulub?

- Kitabda iki hədəfim var: tanıdığım qədər tanıtmaq və boşluqları göstərmək. Əlbəttə, o boşluqları göstərmək üçün elmi araşdırmalar lazımdır. Əlyazmalar İnstitutunda çalışan dostlarımla söhbət edirəm, fars dilini mükəmməl bilirlər, deyirlər ezamiyyət olsaydı, məmnuniyyətlə gedib illərlə işləyərdik. Bu məsələ maliyyədən asılıdır. Dövlət aliminə maliyyə verməlidir ki, get Qumda otur, araşdır görək Ağabəyim ağa orada neyləyib, nə iş görüb? Qum Ağabəyim ağanın mehr haqqı idi. Qızlar ərə gedəndə oğlan evi üzük, sırğa verir, bunun adı mehr haqqıdır. Şahların, xanzadələrin, şahzadələrin mehrləri böyük olurdu. Fətəli şah Qum şəhərinin və onun ətrafının bütün vergilərini Ağabəyim ağaya ömrü-maaş, yəni ömürlük maaş vermişdi. Atası İbrahimxəlil xan cehiz olaraq nələr verməmişdi ki... O, varidatını xeyriyyəçiliyə, məktəbə, xəstəxanaya, məscidə, dustaqlara xərcləyirdi. Qumun bütün yetim-yesiri, haqsızlığa uğrayanları onun qapısında idi, çünki şah Ağabəyim ağanın sözünü eşidirdi.

İrəvan qəhrəmanı Sarı Arslan ləqəbli Hüseynqulu xana görə ruslar 22 il İrəvan qalasını ala bilməyiblər. Nə böyük qəhrəmanlıq! Sarı Arslan əsir düşür, ondan sonra İrəvanı ala bilirlər. Sonra Təbrizə girdilər. Onun qızı da Fətəli şahın arvadı idi. Fətəli şahın 300 arvadı vardı, sayı-hesabı bilinmirdi, əxlaqsızın, pozğunun biriydi. Təsəvvür edin ki, Sarı Arslanın qızı şahın arvadı idi, amma gəlib Ağabəyim ağaya yalvarırdı ki, ağabacı, şahdan xahiş elə, atam qalıb əsirlikdə, onu sürüb soyuq diyarlara aparsalar, biz neyləyərik? Deməli, Ağabəyim ağanın sözü keçirdi, o, şaha söz deyə bilirdi. Şahın uşaqları bir-birinin üstünə qoşun çəkirdilər, araya Ağabəyim ağa keçirdi, onları atalarının qəzəbindən bu qadın qoruyurdu.

Bu kitab bədii-publisistik əsər sayılır. Haşiyələrlə yazmışam, bədii janrdan publisistikaya keçid etmişəm. Ağabəyim ağa haqda 3 cümlə deyə biləcəyinizi söylədiniz. Bu kitabı oxusanız, məncə, ən azı 40 dəqiqə onun barəsində danışa biləcəksiniz. Düzdür, bu kitab da yetərli deyil, elmi araşdırmaya ehtiyac var.

- Bəs siz hansı mənbələrlə işləmisiniz?

- Mənbələr farscadır, istifadə edə bilmirəm. Daha çox “Qarabağnamə”lərə müraciət etmişəm. İndiyədək Ağabəyim ağa haqda yazılanları oxumuşam. Düzdür, bu məqalələr 3-4 səhifədən o tərəf keçmirdi. “Qarabağnamə”lərdə çox maraqlı məqama rast gəldim.

Ağabəyim ağa sanki sirli pərdənin altına salınıb, rus idarəetməsi onun düşmən olduğunu yaxşı bilirdi. Şahbanunun rusların Qafqaza ayaq açmaması, Qarabağın geri qaytarılması üçün nə etdiklərini onlar gözəl bilir, sadəcə, təəssüf, biz bilmirik. Azərbaycanın XIX-XX əsrlər tarixində Ağabəyim ağanın adının üstündən qara xətt çəkilir. Dostlardan soruşuram ki, Romanovların necə öldürülməsini görmüsünüz, sənədli filmlər, yazılar var. Hər kəs rus çarı II Nikolayın ailəsinin necə güllələndiyini bilir. Amma bir adamdan soruşun ki, İbrahim xanın bütün ailəsi, 8 yaşlı qızı, günahsız nökərləri ilə necə məhv edilib? Gecə ilə ruslar evinə soxulub, hamını gülləboran eləyiblər. Azərbaycan ictimai şüurunda bu faciə varmı, yad edilirmi?

- Uşaqlığınız Bakıda keçib, yoxsa Şuşada?

- Bakıda.

- Yəqin nənənizdən, doğmalarınızdan Ağabəyim ağa haqda əhvalatlar, əfsanələr eşitmisiniz. Ona olan sevdada uşaqlıq yaddaşınızın rolu nə qədərdir?

- Bu nəsil Cavanşirlərdir. Cavanşirlər, Qacarlar kimi məşhur tayfalar Çingiz xan nəsli sayılır. Pənah xan Qarabağ xanlığını yaratdı və Şuşanı paytaxt elədi. Şuşa indiki dildə desəm, yığma komandadır. Şuşada xanlıq dövründə yaşayanların 99 faizi gəlmə olub. Orada Təbriz, Ərdəbil, Qazax, Saatlı məhəlləsi də daxil olmaqla 16 məhəllə olub. İnsanlar tayfa ilə tanınıblar. Bizim tayfamızın, nəslimizin kökü Ərdəbildəndir, onlara Sofuoğlular deyiblər, peyğəmbər nəsli hesab olunmuşuq. Şəcərimiz də var, Qarabağşünaslardan biri tapıb mənə gətirib, evdə divardan asmışam. Şəcərəmizi sübut eləyən 12 möhür var. Bu, nəslimizin peyğəmbər övladı olmasını isbat edir. O vaxt 12 möhür vurulmalı, çox böyük alimlər onu təsdiq etməliymiş. Dövlət ənənəsində belə şey olub ki, vəzirlərdən biri seyid, peyğəmbər övladı olmalıdır. Bu, o mənanı verir ki, dövlətin çiynində peyğəmbərimizin əli var.

Bizim nəslimiz – Sofuoğlular Yaxın Şərqdə harada dövlət qurulubsa, oraya vəzir dəvət ediliblər. Vəzirlik genetik bir şeydir, nəsillikcə ad çıxarıblar. Pənah xan da Ərdəbildən bizimkiləri dəvət edib. Sonra köçüblər, Şuşada ilk doğumumuz 1747-ci ildə olub. Ondan sonra Cavanşirlərlə evliliklər olub. Bu gün mən həm Cavanşirəm, həm də Sofuoğlu. Cavanşirlər xan olub, biz onların vəzirləri. Çox qan qovuşdurulub, bilmək olmur kim-kimdir. O qədər saray, siyasi evliliklər olub ki... 

Qarabağda xan sarayında musiqi elm kimi tədris olunurdu, xanın övladları çox yüksək musiqi təhsili alırdılar. Ağabəyim ağa öz toyunda elə bir segah oxuyur ki, qonaqların hamısını ağlamaq tutur. Bibisi əyilib qulağına deyir bu nədir oxuyursan, adam öz toyunda belə oxumaz. Şahbanu deyir bu gün mənim toyum deyil, yasımdır. Bu söz bugünədək gəlib çıxıb. Bunları yazmışam öz kitabımda. 

- Bu sevginizin kökündə sırf tarixi şəxsiyyətlərimizə olan rəğbət dayanır, yoxsa uşaqlıq yaddaşının təsiri? Bəzən adam öz regionundan olan şəxs haqda yazanda onu bütləşdirə, sevginin dozasını artıq eləyib, tarixi təhriflərə yol verə bilər. Bu tərəfi nəzərə alıb, özünüzə bu sualı vermişdinizmi?

- Əvvəlcə kökümüzdən danışdım – biz Ərdəbildənik, Qarabağa gəlməyik, soyadımızın Qarabağla bağlılığının 300 yaşı var. Heç istisna deyil ki, bu sevginin kökündə qohumluq bağları, region dayanır və mən bundan qürur duyuram. Bəli, mən yerlibazlıq edirəm. Düşünürəm ki, kaş bütün regionlardan mənim kimi insanlar olaydı və özlərinin böyük xanımlarını ictimaiyyətə təqdim edəydilər, onlara heyran olaydılar, o sevgini ürəklərdə yaşadaydılar. Hərdən mənə deyirlər elə Qarabağdan yazırsan. Deyirəm onu bilirəm, onu sevirəm və o, dardadır. Möminə xatun da mənim üçün möcüzədir. İndi deyin mənə: O, gəncəliydi, naxçıvanlıydı, yoxsa qarabağlı? O vaxt belə anlayış olmayıb. Bütün hallarda bəli, mən yerlibazlıq edirəm (gülür). 

- Maraqlıdır, Ağabəyim ağanın, Qarabağın adı keçən başqa hansı əsərləri bəyənirsiniz?

- Yusif Vəzir Çəmənzəminlinin “İki od arasında” əsəri Azərbaycan ədəbiyyatı tarixində tarixi roman janrının şedevridir. Təsəvvür edin, hər cümləsində informasiya var. Cavan vaxtlarında həmişə deyirdim iki şairi çox sevirəm, biri Məhəmməd Füzulidir, biri də Nazim Hikmət. Eyni zamanda, ikisindən də zəhləm gedir. Çünki onları oxuyanda yaza bilmirəm. Yusif Vəzir elə yazır ki, onu oxuyanda adam əlinə qələm almağa xəcalət çəkir. Bu insan nəhəngdir. Ağabəyim ağa haqda yazanda mənim stolüstü kitabım “İki od arasında” romanı idi. Başdan-ayağa etnoqrafiyadır. Aç oxu, biləcəksən Qarabağda, Şuşada o zaman xan nə geyirdi, kəndli nə. Özü həm də böyük alim, etnoqrafdır axı. Kimlərsə tarixi əsərlər yazıb, Yusif Vəzir səviyyəsində olmayıb. Mənim aləmimdə Üzeyir bəy “Leyli və Məcnun”da nə edibsə, Yusif Vəzir də tarixi romanda onu edib. 

- Bundan sonra nə yazacaqsınız, içinizdə başqa nələr var?

- Bu kitab “İbrahim xanın qızları: Ağabəyim ağa və Gövhər ağa” adı altında çıxmalıydı. Planımızda, əslində, bu cür idi, sadəcə, Ağabəyim ağa imkan vermədi. Gövhər ağadan yazmaq istəyirəm, o da çox nəhəng qadın olub. Qarabağ xanlığında qadınların təhsili çox güclü idi. Bir də böyük mülkiyyətləri olub. Bir qadının cəmiyyət üzünə çıxması, birinci sinif şəxsiyyət olması üçün iki amil vacibdir: yüksək təhsil və mülkiyyət. Azərbaycanda olan mülkiyyətin cəmi 4 faizi qadınlarındır. Qadının mülkiyyəti olmazsa, birinci sıraya çıxa bilməz. Qarabağda qadın təhsili və mülkiyyəti araşdırılmalı, örnək alınmalı mövzudur. Şirvanşahlar Azərbaycanın 700 illik dövlətçilik tarixidir, Nəsiminin, Sabirin, Abbas Səhhətin vətənidir. Görün kimlər var orda, amma qadın yoxdur. Qarabağda isə önə çıxan qadınlar yetərincə idi. 

- Bunun səbəbi nədir?

- Dediyim kimi, təhsil bu məsələdə rol oynayır. Cavanşirlər qadın təhsilinə önəm veriblər. Qızları üçün dünyadan alimlər gətirirdilər. Mənim babalarımdan biri həm Ağabəyim ağanın, həm də Gövhər ağanın lələsi olub. Qadın yüksəlişinin bu iki səbəbindən biri olmazsa, alınmaz! 

- Gövhər ağa haqda əsəriniz də bədii-publisistik olacaq?

- Gücümə baxır... Hərdən özümlə zarafat edirəm, deyirəm bədii gücün çatmayanda özünü publisistika ilə xilas edirsən. Gövhər ağadan  əvvəl qarşımda kitab var: “Səyyarə xanım və Ferens List”. Hekayə yazmışam bu barədə. Almanlar 200 il əvvəl Cənubi Qafqaza sürgün olunanda bir əhvalat olub. Deməli, böyük macar bəstəkarı Ferens List konsert verməyə gəlibmiş. Şəmkirdən olan bəy qızına aşiq olur, orada eşq yaşanır. Bununla bağlı hekayəm var, onu geniş yazmaq istəyirəm.  

- Mehriban xanım, Yazıçılar Birliyi ilə münasibətləriniz necədir? Gedib-gəlirsinizmi, sizi xatırlayırlarmı?

- Yox, nə onlar məni, nə də mən onları xatırlayıram. Bir-birimizin ünvanına yetirincə sərt sözlər demişik, bütün münasibətlərimiz qırılıb.

- Bu yaxınlarda Rüstəm Behrudi AYB-dən istefa verdiyini açıqladı. İncimişdi ki, niyə ad günümü təbrik etməyiblər. Səbəb bir qədər təəccüblü və gülməli idi. Sizin nə incikliyiniz olub?

- Bizim gəncliyimiz çox maraqlı dönəmə düşdü. Sovetlər Birliyi dağıldı. 20 yaşından televiziyada işlədim. Cəmi 1 telekanal vardı – AzTV. Uzun illər müəllif verilişləri hazırladım. Mənim mövqeyim heç də Yazıçılar Birliyinin mövqeyindən əksik deyildi. Ehtiyacım yox idi ki, onlar mənə nəsə mükafat versinlər, yaxud ad günü keçirsinlər. Onlar mənim qapıma gəlirdilər, deyirdilər ad günümüzdür, haqqımızda veriliş hazırla. Diqqət istəmək normal şeydir. Rüstəm Behrudinin istəyini insanlıq halına yazaq. Uşaqlar da evdə dalaşırlar ki, ad günümü keçirmədiniz. Mən isə ona ehtiyac duymamışam. Təbiətimdə qoltuq altına girmək yoxdur. Yazıçılar Birliyində idarəetməyə yaxın olmaq üçün tələblər başqadır, ora başqa xasiyyətli insanlar getməlidir. Elə insanlar da gedir – bəsləridir. Nə mənim onlara, nə də onların mənə ehtiyacı var.

- Bir təşkilat kimi AYB-nin ədəbi mühitə təsir imkanlarını necə qiymətləndirirsiniz? Ədəbiyyatçıların yeganə təşkilatı kimi bu qurumun mövqeyi sizi qane edirmi?

- Hesab edirəm ki, Yazıçılar Birliyi adında təşkilat olmamalıdır. O təşkilat elə bir təşkilatdır ki, orada Hüseyn Cavidi, Mikayıl Müşfiqi, Yusif Vəziri əziblər. Yusif Vəzir bir gün gəlib qapıdan içəri girəndə Əli Vəliyev əlini dəstəkdən tutub deyib ki, sən bura girə bilməzsən, çünki casussan, sən düz adam olsaydın, fransız dili bilməzdin. Əli Vəliyev “Knijka” sözünü deyə bilməyib, deyib “dınıjqanı” ver, bura! Bu tipli adamların övladları, nəvələri də belə xasiyyətlidir, hara gəlib çıxsalar da kəndçi-kütçüdürlər. Pulları ola bilər, elit sistemə daxil olarlar, amma mahiyyət etibarilə aristokrat ola bilməzlər.

- Danışdığınız hadisənin faciəviliyini anladıq, amma bir yazı adamının “kəndçi” sözünü mənfi çalarda işlətməyi bizə qəribə gəldi...

- Şəhərin mərkəzində – İçərişəhərdə doğulub “kəndçi” olmaq mümkündür. Eləcə də, kəndin lap göbəyində doğulub kübar olarsan. Tolstoy da “kəndçi” idi. Düzdür, bu sözdə bir az aşağılayıcılıq və sərtlik tapmaq olar. Amma bu da bir həqiqətdir.

- Mehriban xanım, müsahibəyə görə təşəkkür, yeni kitablarda görüşənədək.

- Çox sağ olun.
 

Mövlud Mövlud
Nərgiz Ehlamqızı

Foto: Elçin Murad

Teleqraf.com

00:16