Mattarella: İtaliya Qarabağ problemi ilə bağlı öz dəstəyini göstərəcək

İtaliya ATƏT-ə sədrlik çərçivəsində Azərbaycanın Dağlıq Qarabağ problemi ilə bağlı öz dəstəyini göstərəcək.

Xudaferin.eu-nun məlumatına görə, bunu İtaliya prezidenti Sercio Mattarella Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatla çıxışında deyib.

“Bildiyiniz kimi, mən İtaliyanın Azərbaycana səfər edən ilk prezidentiyəm. Bundan çox böyük məmnunluq duyuram. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin dəvəti ilə Azərbaycana gəlmişəm və dəvətə görə Sizə bir daha təşəkkürümü bildirirəm.

Bu dəvət və münasibətlərimiz ölkələrimiz arasında mükəmməl səviyyədə olan ikitərəfli əməkdaşlığımızın nəticəsidir.

Bu gün gündəliyimizdə olan məsələlər ikitərəfli münasibətlərimizi nəzərdə tutan bütün sahələri diqqətdə saxlayan məsələlərdir. Çünki İtaliya da Azərbaycanı özünün etibarlı tərəfdaşı hesab edir və xüsusilə də bu regionda əsas tərəfdaşı hesab edir”.

Prezident vurğulayıb ki, İtaliya qlobal səviyyədə də Azərbaycan ilə əməkdaşlığa əhəmiyyət verir.

İtaliya Azərbaycanın dünyəviliyini və dini tolerantlığa olan hörmətini çox alqışlayır.

Radikalizmdən doğan təhlükələrə qarşı Azərbaycanın gördüyü işləri İtaliya tərəfi dəstəkləyir:

“Bizim Azərbaycanla ikitərəfli və çoxşaxəli münasibətlərimiz bir az bundan öncə imzaladığımız sazişlərlə də bir daha özünü sübut edir. Demək istəyirəm ki, İtaliya tərəfi ATƏT-də sədrliyi çərçivəsində də Azərbaycana öz töhfəsini verəcəyini bir daha vurğulayır.

İtaliya xüsusən regionda olan problemlərlə bağlı, həmçinin Azərbaycanın Dağlıq Qarabağ problemi ilə bağlı ATƏT-ə sədrlik çərçivəsində öz dəstəyini göstərəcək.

Biz istəyirik ki, bu sahə üzrə danışıqların formatlarını dəyişmək əvəzinə, əksinə, regionda təhlükəsizliyi təmin edə biləcək yeni danışıq yolları tapılsın. Çünki fikrimizcə, bu münaqişənin həlli hərbi yolla deyil, siyasi yolla baş verməlidir. Bu həll yolu sabit, uzunmüddətli və beynəlxalq hüquq çərçivəsində olmalıdır. 

Əlavə etmək istərdim ki, İtaliya Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanacaq sazişlə bağlı danışıqlarda çox fəal rol oynayır. Hesab edirik ki, bizim ümumi marağımızda olan prioritet məsələlərin daha da inkişaf etdirilməsi Avropa İttifaqı-Azərbaycan əməkdaşlığı çərçivəsində İtaliya-Azərbaycan münasibətlərinə öz töhfəsini verəcək”.

04:08