“Martın sonu və apreldə dollara tələbin artacağı gözlənilir”

 

 “Müşahidələr göstərir ki, sosial şəbəkə istifadəçilərinin əksəriyyəti neqativ məlumatları oxumağa daha çox meyllidir. Amma əslində, insanlara neqativ və ya pozitiv məlumat deyil, doğru məlumat lazımdır. Doğru məlumat neqativ də ola bilər, pozitiv də. Önəmli olan odur ki, məlumat doğru olsun. Təbii ki, hansısa məlumatın doğruluğu da nisbidir. Amma hətta nisbi doğruluq da belə vacibdir”.
 

Bu barədə iqtisadçı Vüqar Bayramov “facebbok” səhifəsində yazıb: “Bu gün əksəriyyətimizi düşündürən əsas iqtisadi məsələ manatın məzənnəsinin necə dəyişməsidir desək, yanılmarıq . Dollarlaşma səviyyəsinin 80 faizdən çox olduğu ölkədə təbii ki, manatın məzənnəsinin dəyişməsinə yanaşma heç də birmənalı deyil. Amma əsas odur ki, dolları və manatı olanların doğru məlumat verməyə çalışılsın. Sözsüz bu asan deyil. Ekspertlərin qiymətləndirməsindən asılı olmayan çoxlu faktorlar var. Xüsusən də, bir sıra kommersiya bankların spekulyativ davranışları valyuta bazarında son 2 ayda daha qabarıq diqqəti cəlb etdi”,-deyə ekspert qeyd edib.

V. Bayramov deyib ki, fevral ayının əvvəlində manat möhkəmlənməyə başlayanda bunun bir neçə günlük deyil, bir müddət davam edəcəyi gözlənilən idi: “Fevralın əvvəlində mətbuata açıqlamamda fevral və martın birinci yarsısında dollara tələbin azalacağını proqnozlaşdırmışdım. O zaman mənə müraciət edən xeyli vətəndaşlarımız və hətta jurnalist dostlarımızdan da öz dollarlarını 1.90 kursu ilə manata çevirənlər oldu. Dolların ucuzlaşmasının uzun müddətli olub-olmamasından asılı olmayaraq təbii ki, yüksək kursla dolları manata çevirmək və aşağı məzənnə ilə yenidən xarici valyuta almaq gəlir deməkdir. Şadam ki, bunu edə bilən dostlarımız oldu. Baha kursla dolları satıb ucuz kursla yenidən alanda bəzi banklar deyil, vətəndaşlarımız qazanır və bu da ən ideal variantdır”.

İqtisadçı daha sonra əlavə edib: “Yanvar ayının ortalarında hətta universitet müəllimlərindən biri mənə müraciət etdi ki, bankda işləyən qohumu bildirib ki, yanvarın sonunadək 1 dollar 3 manat olacaq. İzah etməyə çalışdım ki, hətta manatın bazar dəyəri 1 dollar 3 manat olsa da belə, bu məzənnənin sosial tərəfləri olduğundan 2017-ci ilin ilk ayında buna imkan verilə bilməz. Neqativ informasiyaya inanan həmin şəxs indi hər hərracın nəticələrini səbirsizliklə gözləyir ki, dolların məzənnəsi yenidən nə zaman yüksələcək”.

“Aydındır ki, manatın indiki məzənnəsi bazar kursu deyil. Bazar məzənnəsi alınanadək kurs fərqli istiqamətlərdə dəyişəcək. Dünənki statusumda da yazdığım kimi, manat bazasının məhdudlaşması, əhalinin bir qisminin dolların daha çox ucuzlaşacağından ehtiyatlanaraq öz valyutasını satması və eləcə də Beynəlxalq Bankın sağlamlaşdırılmasına və dollara olan tələbinin ödənilməsinə ayrıca baxıldığı üçün manat möhkəmlənir. Təbii ki, bu faktorlar olmasaydı o zaman milli valyuta son ay yarımda möhkəmlənə bilməzdi. Bu kontekstdə əhalinin dollara tələbi də azalıb. Təbii ki, əgər Mərkəzi Bank manat bazasını yenidən genişləndirməyə, dövriyyəyə yenidən manatın daxil olmasına başlasa o zaman dolların kursu yenidən yüksələcək. Hələlik bu edilmir. Amma aydındır ki, orta və uzun müddətli dövrdə manatın bazasının genişlənməsi qaçılmaz olacaq. Yəni, güman olunur ki, Mərkəzi Bankın manat bazasının məhdudlaşdırılması siyasətı qısa müddətli dövrə hesablanıb” - deyə ekspert bildirib.

V. Bayramovun fikirincə, martın sonu və apreldə dollara tələbin artacağı gözlənilir: “Çünki infrastruktur xərcləmələri artacaq. Kursun necə olmasında isə yenə də manat bazası və eləcə də bazar təklifi həlledici olacaq. Bütövlükdə isə, iyun, avqust və dekabr aylarında dollara tələb yenidən artacaq. Xüsusən də, dekabr ayında tələbin daha çox artacağı gözlənilir. Neftin qiyməti, idxal, Dövlət Neft Fondundan transferlərin növbəti dövrdə manatın məzənnəsinə birbaşa təsir göstərəcək. Neftin qiyməti azalarsa, bu fondun potensial transferlərinin həcmini azaldacaq və nəticədə manatın məzənnəsini qorumaq xeyli çətinləşə bilər. Neftin qiyməti hətta orta müddətli dövr üçün manatın məzənnəsi üçün çox vacibdir. Bu faktora daimi diqqət ayırmaq lazımdır”.

“Məzənnənin necə dəyişəcəyini nəyə əsasən müəyyənləşdirmək olar ki, valyutası olanlar itirməsinlər? Bir sıra kommersiya banklarının təsir imkanlarının çoxaldığını nəzərə alaraq qısa müddətli dövr üçün məzənnədəki dəyişikliyi proqnozlaşdırmaq olar. Dolların manata rəsmi kursu və ya banklardakı alış-satış məzənnəsi yüksəlirsə, o zaman, deməli, növbəti həftələrdə xarici valyutaların kursunun artacağı daha çox gözləniləndir. O zaman dollar almaq olar. Və o artış 2-3 həftədən sonra dolların yenidən ucuzlaşması ilə müşahidə ediləcəksə deməli, növbəti həftələrdə manatın möhkəmlənməsi etimalı yüksəkdir. Bu halda, valyutanı dəyişmək olar. Deməli, artıq bazar özü 2-3 həftəlik və ya 1 aylıq mesajı verə bilir” - deyib iqtisadçı.

V. Bayramov hesab edir ki, pulu valyuta səbəti formasında saxlanılması daha məqsədə uyğundur:“60 və 50 faiz dollar, 20 faiz avro, 20 və ya 30 faiz manat. Bu sığortalanmış valyuta səbətidir. Valyuta bazarındakı tendensiyaların dəyişməsindən asılı olaraq bu faizlər dəyişə bilər. Deməli, fərqli məlumatlar fonundan sizlərin də öz qərarlarınızın yığımlarınızı valyuta risklərindən qoruya bilər”.

Şamo
Hurriyyet.org

 

08:33